Lökbatana getməmək radikallar üçün bir özünüifşa, meriya qarşısında piket ikinci özünüifşa – AXCP sonadək tükənib…

8 Oktyabr 2019 19:36 (UTC+04:00)

Radikal müxalifət növbəti uğursuzluğunu yaşadı. Bu dəfə lap biabırçı şəkildə. Uzun illər ərzində  heç bir izdihamlı aksiya keçirmək iqtidarında olmayan AXCP və onun orbitində fırlanan “Milli Şura” adlı qurumun şəhərin mərkəzində təşkil etmək istədiyi pozuculuq planı tam iflasa uğradı. 

Bir qədər hadisələrin xronologiyasına varaq. Həmin dairələr çox bəh-bəhlə təriflədikləri, əslində isə o qədər də kütləviliyin təmin olunmadığı 19 yanvar mitinqindən sonra kütləvi aksiyalar keçirə bilmədiklərinə etiraz üçün bu gün piket təşkil edib. 19 yanvar mitinqinə hakimiyyət icazə vermişdi, sadəcə, həmin aksiyadan çıxan müxalifət tərəfdarları küçələrdə, insanların sıx olduğu yerlərdə ictimai asayişi pozan hərəkətlər etdilər. Bu səbəbdən də əlaqədar qurumlar təhlükəsizlik amillərini nəzərə alıb, radikal dairələrə şəhərin mərkəzində aksiya keçirməyə bir müddət icazə vermədi. Bundan sonra edilən müraciətlər nəzərdən keçirildi və həmin dairələrə mitinq keçirmək üçün Lökbatanda stadion təklif olundu. Radikallar yolun uzaqlığını bəhanə edib, həmin təkliflə razılaşmadılar. Özlərinin təklif etdikləri yerlər isə şəhərin ən gur yerləri idi. Məqsəd aydın idi. İnsanların gur olan yerlərdə səs-küy, ajiotaj yaradıb, prosesə heç bir aidiyyəti olmayan vətəndaşları da cəlb etmək. Müxalifətin ənənəvi aksiya keçirdiyi “Məhsul” stadionunda təmir getdiyi üçün həmin yerə icazənin verilməsi də mümkün deyildi. Qısası, müxalifət təklif olunan yerdə mitinq keçirməkdən boyun qaçırdı. Əslində isə elə bunun özü də böyük bir fiasko idi. Çünki özünə, elektoratına arxayın olan bir siyasi qurum üçün məsafənin o qədər də fərqi olmamalıdır. Sadə məntiq deyir ki, sənin tərəfdarın varsa, hara olsa gələcək. Necə olur ki, Məhəmməd Əmin Rəsulzadənin doğum günündə müxalif partiyalar Novxanıda aksiya keçirə bilir, Lökbatana getmək isə mümkün olmur? Təbii ki, bütün bunlar bəhanədir və müxalif dairələrin elektoratının olmamasından qaynaqlanır. Hakimiyyət bu dəfə onları öz “silahları” ilə vurmuş oldu. Meriya AXCP və “Milli Şura”ya düz şəhərin mərkəzində piket keçirməyə icazə verdi. Doğrusu, bu qərar çoxlarını təəccübləndirdi. Ancaq aksiyadan sonra göründü ki, radikallara özünüifşa üçün bundan gözəl “şərait” yaradıla bilməzdi. İcazə verilən gündən başlayaraq, aksiyanın təşkilatçıları sosial şəbəkələrdə bacardıqları qədər təbliğat apardılar ki, izdihamlı tədbir keçirsinlər. Sual oluna bilər: bəyəm ixtisasca hüquqşünas olan Əli Kərimli mitinqlə piketin fərqini bilmir? Təbii ki, bilir. O zaman niyə qanunla 50 nəfərin iştirakı üçün icazə verilən piketdə kütləviliyin təmin olunmasına çalışırdı? Məqsəd bəllidir. Yaranmış fürsətdən istifadə edib, şəhərin mərkəzində qarışıqlıq yaratmaq, prosesə maksimum çoxlu sayda adam cəlb etmək.

Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Bunu təşkilatçıların fəalları öz davranışları ilə də nümayiş etdirdilər və ortaya belə bir mənzərə çıxdı.

Aksiya başlamazdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri baş verdi. Aksiyanın gedişi zamanı başqa bir maraqlı mənzərə də diqqəti çəkdi. Kənarda əlində “Xalq sizinlədir -  cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə cəbhəçilərin hücumu, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Digər maraqlı nüans isə aksiyada Əli Kərimlinin özünün görünməməsi idi. Buradan da məqsəd aydın olur. Çox güman ki, Əli Kərimli mərkəzdəki aksiyada toqquşmanın ola biləcəyini proqnozlaşdırdığı üçün evdə rahat oturmağa üstünlük verib. Bununla bir daha sübut edib ki, güdaza adam vermək siyasətindən hələ də əl çəkməyib.

Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və “Milli Şura”da toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Qoy onların xaricdəki himayədarları da görsünlər ki, müdafiə etdikləri şəxslər və ya təsisatlar nəyə qadirdilər. Radikal dairələr bir daha gördülər ki, onların tələblərinə az sayda radikal tərəfdarından başqa kimsə dəstək verən deyil. Xalq ictimai asayişin təmin olunmasını, dinc və rahat həyat istəyir. Bunu da ölkənin əlaqədar qurumları onlar üçün təmin edə bilirlər. Aksiyada bir daha şahidi olduq ki, ölkədə ictimai asayiş etibarlı qorunur.

Məhəmmədəli QƏRİBLİ