Azərbaycan-Rusiya yaxınlaşmasını dayandırmaq üçün Ermənistanın mümkün təxribat gedişləri...

8 Oktyabr 2019 18:53 (UTC+04:00)

Son illər Azərbaycanla Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha güclü inkişaf yolunu tutması növbəti dəfə Prezident İlham Əliyevin bu ölkəyə etdiyi səfərində, o cümlədən, orada irəli sürdüyü fikirlərində öz təsdiqini tapmış oldu.

Ümumiyyətlə, dövlət başçısının Soçi səfəri və “Valday” klubu çərçivəsində aparılan müzakirələrdə müasir dövrün aktual məsələlərinin önə çıxarılması bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verilir, iki ölkə arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunur.

O da məlumdur ki, Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluq və xüsusilə ermənilərin anti-Rusiya yönündə çağırışları get-gedə daha qabarıq özünü göstərir. Bunun başlıca səbəblərindən biri Nikol Paşinyanın uğursuz siyasətidirsə, digər səbəbi Azərbaycanın regionda artan nüfuzudur. Bütün bunlar Azərbaycana etibarlı, səmimi tərəfdaş imici qazandırıb. Təkcə bir fakta nəzər yetirək. Məsələn, İrəvanda Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edən Rusiya Prezidenti Vladimir Putin yalnız sammitin sonunda, daha dəqiq desək, ölkəsinə geri dönüşünə az müddət qalmış Paşinyanla qısamüddətli görüş keçirdi. Ölkəsinə geri döndükdən sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə yüksək səviyyədə qarşılanmasını təmin etdi. O cümlədən, iki dövlət arasında olan yüksək xətli inkişafı xüsusilə vurğulayaraq, dövlət başçımızın həmin istiqamətdəki fəaliyyətini qiymətləndirdi.

Aydın məsələdir ki, Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin inkişafından və yuxarıda sadalanan proseslərdən çox narahatdır. Maraqlıdır, Azərbaycan-Rusiya yaxınlaşmasını pozmaq üçün Ermənistan mümkün hansı təxribatlara əl ata bilər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Rusiya-Ermənistan əlaqələrinin zəifləməsi fonunda Bakı-Moskva siyasi əməkdaşlığı yeni mərhələyə keçir. Nikol Paşinyan hakimiyyəti kifayət qədər anti-Rusiya siyasəti reallaşdırdı. Kreml rəsmi İrəvana etibar etmir. Biz bunun Aİİ-nin tədbirində Putinin Paşinyana olan soyuq münasibətində bir daha şahidi olduq. “Valday” klubunda Azərbaycan Prezidentinin yüksək səviyyədə qəbul edilməsi və iki ölkə arasında hərbi-texniki, iqtisadi əlaqələrin inkişafı İrəvanda həyəcanla izlənir. Çünki Ermənistan daim Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmaq üçün kifayət qədər çalışır. Bundan sonra Rusiyada erməni lobbisi daha aktiv fəaliyyətə keçib, ikitərəfli əlaqələrə zərbə vurmaq üçün səylər göstərəcək. Əsasən Rusiya XİN-i ilə iş aparacaqlar. Çünki Rusiya XİN-də ermənilərin təəssübünü çəkən qüvvələr var. Ancaq Moskva Ermənistan rəhbərliyinin bu avantürasının fərqindədir. Hesab edirəm ki, Rusiya yalnız geosiyasi maraqlar çərçivəsində Qarabağ məsələsindən istifadə edir. Məhz buna görə Ermənistana stavka edir. Rusiya-Türkiyə əlaqələri daha da inkişaf edərsə, Azərbaycanla da paralel inkişaf edəcək. Rusiya Cənubi Qafqazda problemlərini dəf edərsə, Ermənistanı iqnor edəcək. Moskva fəal siyasət aparır. Kreml kuluarlarında müəyyən dairələr bundan narahatdırlar. Hesab edirəm ki, Kreml Azərbaycana daha da üstünlük verəcək”.

Vidadi ORDAHALLI