TANAP-ın baş direktoru əldə edilən gəlirin 58 faizinin Azərbaycana düşəcəyini dedi

8 Oktyabr 2019 14:33 (UTC+04:00)

TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək. “Trend”in məlumatına görə, bunu oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək.

S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda, TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək: "Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq".

Baş direktor əlavə edib ki, indiyədək TANAP-ın işlənməsi çərçivəsində qazın nəqlindən Türkiyə hokumətinə hər min kubmetrə 5,95 ABŞ dolları ödənilib.