Əliyevin “Valday” klubunda məruzəsinin məşhur rus jurnalistlərini məşğul edən incə nüansları...

8 Oktyabr 2019 18:26 (UTC+04:00)

Prezident İlham Əliyevin Soçidəki çıxışı və Rusiya Prezidenti ilə səmimi görüşü bu ölkənin mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Rusiyanın tanınmış ictimai xadimləri, jurnalistləri Ermənistanla müqayisədə rəsmi Bakının Moskva ilə əlaqələrinin daha geniş və sağlam təməllər üzərində inkişaf etdiyinə diqqət çəkiblər.

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, eləcə də Yeni Rusiya hərəkatının rəhbəri Nikita İsayev bildirib ki, Prezident İlham Əliyevin “Valday”dakı nitqi Ermənistan Baş naziri Nikol Paşinyanın populist çıxışları ilə müqayisədə faktlara əsaslanan və təsirli bir nitq idi.

Rusiyanın "Dünya silah ticarətinin təhlili mərkəzi"nin rəhbəri, eləcə də "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki, Azərbaycan Prezidentinin Soçidəki çıxışı Ermənistan Baş nazirinin daxili auditoriyaya hesablanan çıxışlarına sanballı cavab oldu.

Rusiyanın tanınmış araşdırmaçı jurnalisti Yevgeni Mixaylov isə açıqlamasında bildirib ki, Rusiyanın Ermənistanla münasibətlərinin gərginləşdiyi bir vaxtda Azərbaycanla münasibətlər sürətlə genişlənir və iki qonşu ölkə bir-birini strateji tərəfdaş kimi görür.

Yevgeni Mixaylov onu da qeyd edib ki, Azərbaycanın Rusiya ilə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığının genişlənməsində ən əsas faktor hər iki ölkənin dövlət başçılarının yaxın dostluq münasibətidir. Bu da bütün problemlərin asanlıqla həll edilməsində önəmli rol oynayır.

Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın məşhur jurnalistlərindən biri, televiziya aparıcısı, çoxsaylı sənədli filmin müəllifi Arkadi Mamontov da bu mövzuda fikirlərini bildirib.

Mövzuya münasibət bildirənlər arasında Rusiyanın nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, “İzborsk” klubunun sədri və həmtəsisçisi, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da olub. O bildirib ki, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: "Zal alqışlayırdı”.         

Göründüyü kimi, Rusiyanın bir çox tanınmış jurnalisti bu mövzuya münasibət bildirib. Onları İlham Əliyevin nitqində cəlb edən hansı nüanslar olub?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin çıxışı “Valday” klubunun nəinki XVI forumunun, ümumiyyətlə, yarandığı vaxtdan bəri ən təsirli nitqlərindən oldu: “Valday” klubunun XVI forumu Azərbaycan və Qarabağ məsələsi nöqteyi-nəzərdən də diqqətəlayiq idi. Azərbaycan Prezidentinin çıxışı Rusiya mətbuatında geniş təhlil edildi. Rusiya jurnalistləri, analitikləri onu təsiredici, kəsərli, cəsarətli və ləyaqətli çıxış kimi qiymətləndiriblər. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyana haqq etdiyi cavabı verməsi bu forumun və nitqin tarixə düşməsinə səbəb oldu. İlham Əliyevin mötəbər qonaq qismində foruma dəvət olunmasının özü Azərbaycana olan yüksək diqqət və ehtiramdan xəbər verirdi.

“Valday” forumu Azərbaycanın öz mövqeyini bəyan etməsi üçün yüksək statuslu diplomatik müstəvi idi. İlham Əliyev bu fürsətdən kifayət qədər məharətlə yararlandı və bu, qeyd etdiyimiz kimi, rusiyalı müşahidəçilərin diqqətindən yayınmadı. Prezidentin nitqi Cənubi Qafqazda mövcud olan status-kvonun dəyişdirilməsi mesajını verməklə, təbii ki, danışıqların sonsuzadək davam etməyəcəyini də göstərdi. Çıxışın olduqca maraqlı və aktual olduğunu, dərin təəssürat doğurduğunu məşhur rusiyalı jurnalist Bıstritski etiraf edib. Onun da qeyd etdiyi kimi, Azərbaycan - Rusiya münasibətlərinə dövlət başçılarının şəxsi dostluğu müsbət təsir edən amillərdəndir”.

Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, Prezidentin nitqi Ermənistanda təşvişlə qarşılanıb: “Xüsusilə bu çıxışın Rusiya mətbuatında geniş müzakirə obyekti olması erməniləri narahat edib. Ermənilər daim əmin idilər ki, Rusiyanın informasiya məkanı onların əlindədir və Marqarita Simonyan kimi Kremlin media siyasətinin icraçılarının erməni millətindən olması onlarda bir əminlik yaratmışdı. Lakin Azərbaycan Prezidentinin möhtəşəm çıxışına Rusiya mediasının diqqəti onu göstərdi ki, bu əminlik boş və mənasız özgüvəndən başqa bir şey deyil. İlham Əliyevin “Valday” nitqinin Rusiya mətbuatında təqdir olunması və dərin rəğbətlə qarşılanması Rusiya-Ermənistan əbədi müttəfiqliyi, Rusiyadakı erməni diasporunun sarsılmaz gücü və xüsusilə Rusiya mediası üzərində təsiri mifini darmadağın etdi və onun puç olduğunu göstərdi”.

Məhəmmədəli QƏRİBLİ