Orta məktəb buraxılışlarında ən çox “2-lər” kimya və xarici dil fənlərindən alınıb

8 Oktyabr 2019 17:42 (UTC+04:00)

2018-ci ildə XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında “2” alanların faiz göstəriciləri açıqlanıb. “Abituriyent” jurnalının 12-ci sayında qeyd olunur ki, 2018-ci ildə XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında Azərbaycan dili, xarici dil və kimya fənlərindən “3” qiymət alanlar riyaziyyat və rus dili fənlərindən "4" qiymət alanlardan daha çoxdur.

Jurnalda yazılır ki, ən pis göstəricilər xarici dil və kimya fənni üzrə, ən yaxşı göstəricilər isə rus dili fənni üzrə olub: “2” qiymət alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 15.70%-ə, riyaziyyat fənni üzrə 19.45%-ə, rus dili fənni üzrə 6.46%-ə, xarici dil və kimya fənni üzrə 22.06%-ə, “4” və “5” qiymət alan şagirdlərin nisbi sayı Azərbaycan dili fənni üzrə 49.93%-ə, riyaziyyat fənni üzrə 53.15%-ə, rus dili fənni üzrə 58.97%-ə, xarici dil/kimya fənni üzrə 41.97%-ə bərabərdir”.

Buraxılış imtahanlarında iştirak edən şagirdlərin kimya və xarici dil fənnindən “2” qiymət alması barədə fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Son üç il ərzində keçirilən buraxılış və qəbul imtahanlarında iştirak edənlərin kimya, xarici dil və riyaziyyat fənnindən göstərdikləri nəticə aşağıdır. Bu onunla bağlıdır ki, orta məktəblərdə bu fənni tədris edən müəllimlərin bilik və bacarıqları müasir dövrün tələblərinə cavab vermir. Regionlarda xarici dil fənnini tədris edənlərin əksəriyyəti kollec məzunlarıdır. Orta ixtisas təhsilli müəllimlərin verdiyi biliklə bakalavr və ya magistrlərin tədris etdiyi proqram eyni deyil. Ali təhsilli müəllimlərin çalışdığı məktəblərdə buraxılış imtahanlarının nəticəsi daha yüksək olur.

Şagirdlərin kimya fənnindən zəif nəticə göstərməsinin səbəbi məktəblərdə laboratoriya və texniki avadanlıqların yetərli səviyyədə olmaması ilə bağlıdır. Müasir standartlara cavab verən laboratoriyası olan tədris müəssisələrində şagirdlərin kimyadan göstərdiyi nəticə yüksək olur.

Onu da bildirim ki, diaqnostik nəticələri yüksək, eyni zamanda, gənclərin çalışdığı məktəblərdə şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticə yaxşı olur. Yaşı 55-dən yuxarı, diaqnostik göstəriciləri zəif olan müəllimlərin çalışdığı məktəblərdə şagirdlərin buraxılış imtahanında göstərdiyi nəticə ürəkaçan olmur. Bu problemin qarşısını almaq üçün məktəbləri göstəricilərə görə ayırmaq lazımdır. Diaqnostik nəticəsi yüksək olan müəllimlə diaqnostik göstəricisi zəif olan pedaqoqa eyni əməkhaqqı verilməməlidir. Belə olarsa, müəllimlər arasında rəqabət yaranar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, müəllimlər şagirdlərinin buraxılış imtahanlarındakı nəticələrinə görə əməkhaqqı alarsa, onların göstəricisi zəif olmaz.

Orta ümumtəhsil məktəblərində xarici dilin tədrisində ciddi problem mövcuddur. Bununla bağlı dövlət tərəfindən xüsusi standartlar tətbiq olunmalıdır.

Günel CƏLİLOVA