Azərbaycanda təzə Quran yazmaq iddiasına düşən var

8 Oktyabr 2019 15:58 (UTC+04:00)

“...bildirmişəm ki, tərcümə redaktə olunmalıdır”

 

İndiyə qədər müqəddəs Qurani-Kərim dilimizə bir neçə dəfə tərcümə edilib. Hətta Azərbaycanda Quranı nəzm şəklində tərcümə edənlər də olub. Son bir neçə ildə sosial şəbəkələrdə tanınmış gənc şair Şəhriyar Del Geraninin Quran yazdığına dair məlumatlar yer alır, bu məlumatlar da geniş müzakirə edilir. Bir müddət bu mövzu gündəmdən düşsə də, təkrar olaraq yenidən sosial şəbəkələrin gündəmində yer alıb.

Şəhriyar Del Gerani “Facebook”dakı profilində bu barədə belə yazıb: “Yeni Quran kitabı yazıram. Bu, mənim iradəmdən kənar bir şeydir. Düzü, mənə dayanmadan diqtə olunur bu mövzuda yazmaq. Hər şeyi açıq-açığına deyə bilmirəm. Anlayışlı yanaşın, xahiş edirəm. Sağlıq olsun, gələn ilin payızına tamamlayaram, çox yəqin. Tam əminliklə deyirəm: bu Quran çağdaş ateistlərin və deistlərin suallarına tam olaraq cavab verəcək bir kitab olacaq. Xatırladım ki, sonuncu Quranın bir çox surələrinin (hekayətlərinin) üzərində ciddi redaktələr olunub. Yeni ayələr (misralar) isə tam olaraq orijinaldır. Xəbəriniz olsun ki, istər intellektual, istər ruhani, istərsə də bədii cəhətdən bu Quran kitabı bütün parametrlərdə daha dəqiq, daha mükəmməl olacaq. Səmimiyyətə qalsa, mən özüm də həddindən-ziyadə maraqlıyam bu kitabın nicat tapmasına. Allah böyükdür! Eşqlərimlə...”

Məsələyə sərt reaksiya verən tanınmış ilahiyyatçı İsmayıl Əhməd “Adam açıq-aşkar “Quran yazacağam” deyir, canfəşanlıqla onu müdafiə edənlər deyir tərcümə edir, tövbə edib və bu sayaq sayıqlamalar... Əvvəla Quran yazmaq təşəbbüsünə düşübsə, səhv edib... Əgər tərcümə etmək istəyirsə, onun ərəb dili səriştəsi varmı? Təbii ki yox, çünki bu adam doğma dilini səlis bilmir. Və bu, yazdığı cızma-qaralardan açıq-aşkar bəlli olur...” - deyə bildirib.

Ş.D.Geraninin Quran yazması məsələsi bizim də diqqətimizi cəlb etdi və bu səbəbdən də onunla əlaqə saxladıq. Ş.D.Gerani “Bakı-Xəbər”ə bildirdi ki, onun bu statusu yeni deyil və o, 2015-ci ildə belə bir status yazıb. Müsahibimiz vurğuladı ki, o, yenidən Quran yazmır: “Bu, çoxdanın söhbətidir. Mən Quran yazmaq deməmişəm. Sadəcə, Quranın tərcüməsinə diqqət çəkmək istəmişəm, bildirmişəm ki, tərcümə redaktə olunmalıdır. Sadəcə, sözün metaforlarla deyilməsi var, mən bunu yaxşı bilirəm. Mən yazıçıyam, şairəm, bilirəm cümləni necə desəm, hara təsir edər. Mənə belə irad bildirənlər isə dili ancaq ərizə oxumaq səviyyəsində bilirlər. Axı ədəbiyyat oxumayıblar! Mən elə əllaməlik etmərəm! Mən İslam Universitetində oxumuşam, lap uşaqlıqdan Quranı öyrənmişəm. Mən Quranın, demək olar, yarısını əzbər bilirəm. Bütöv bilirdim, unutmuşam sadəcə, məşğul olmadığıma görə. Mən ərəb və fars dillərində təməl bilgilərə malikəm. Məsləhət görərdim ki, Həzrət Əlinin “Nəhcül-Bəlağə”sini oxusunlar və həyatlarına tətbiq etsinlər. Və o adamlar heç vaxt Quran oxumayıblar. Quran oxuyan belə düşünə bilməz. Mən ən çox 2 kitabı oxumuşam, 8 dəfə “Səfillər”i, 7 dəfə Quranı”.

İradə SARIYEVA