Tramp Suriyadan çıxmaq ərəfəsində “Qəbilələrarası bu gülünc və bitməyən müharibələrdən çıxmağımızın vaxtı gəldi” dedi...

7 Oktyabr 2019 22:14 (UTC+04:00)

Xəbər verildiyi kimi, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlayacağı barədə qəti bəyanatlarından sonra ABŞ əsgərlərini bölgədən çıxarmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, ABŞ ordusu Türkiyənin hədəfində olan Tel Abyad və Rasulayndakı hərbi bazaları artıq boşaltmağa başlayıb. Yaxın günlərdə Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlayacağı gözlənir.

ABŞ əsgərlərini bölgədən çıxarılması qərarı ABŞ və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı zamanı verilib.

Prezidentlərin telefon danışığının təfərrüatlarını Ağ Ev açıqlayıb. "Türkiyə yaxın vaxtlarda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək ya da bu əməliyyata daxil olmayacaq" - Ağ Evin açıqlamasında deylir.

ABŞ prezidenti Türkiyənin Fəratın şərqində planlaşdırılan əməliyyatına razılıq verib, Amerika qoşunlarını bölgədən çıxarmaq qərarı tənqidlərə səbəb olub. Tramp əsasən ABŞ-ın bölgədəki yeganə müttəfiqi olan kürdləri meydanda tək qoymaqda günahlandırılır. Tramp isə onu tənqid edənlərə rəsmi Twitter hesabından cavab verib.

"ABŞ illər əvvəl Suriyada 30 gün qalmalı idi. Biz qaldıq və məqsədi olmayan müharibədə getdikcə daha dərinə batdıq. Vaşinqtona gələndən sonra İŞİD-i 100 faiz məğlub etdik. Bura əksəriyyəti Avropadan olan minlərlə İŞİD döyüşçüsünün tutulması da daxildir.

Ancaq Avropa bunları geri istəmədi, “Sən onları saxla ABŞ” dedilər. Mən də dedim ki: "YOX, sizə böyük kömək etdik və indi bizdən çox baha qiymətə ABŞ həbsxanalarında saxlamağımızı istəyirsiniz. Onlar mühakimə etmək üçün sizindir".

Yenə dedilər ki, “XEYR”, hər zamanki kimi ABŞ-ın NATO-nun, ticarətin, hər şeyin “sadəlövh”ü olduğunu güman etdilər. Kürdlər bizimlə birlikdə döyüşdü, amma bunu etmələri üçün onlara böyük miqdarda pul ödəndi, təchizat verildi. Onlar on illərdir Türkiyə ilə döyüşürlər.

Bu savaşda təxminən üç il gözlədim. Ancaq artıq çoxu qəbilələrarası olan bu gülünc və bitməyən müharibələrdən çıxmağımızın və əsgərlərimizi geri qaytarmağın vaxtı gəldi.

Bizim xeyrimizə olan yerdə savaşacağıq və sadəcə qazanmaq üçün savaşmayacağıq. Ancaq indi bu absurd müharibələrdən çıxmağın vaxtı gəldi. Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər indi bu işin həlli yolunu tapmalıdırlar. Hamısı da İŞİD-dən nifrət edir və illərdir düşməndirlər. Biz 7000 mil məsafədəyik və bizə yaxın bir yerə gəlsələr, İŞİD-i yenə məğlub edərik” - ABŞ prezidenti bildirib.