Azərbaycanda Eldar Həsənovun əli ilə saxta “Qarabağ əlilləri” oyunu...

2 Oktyabr 2019 18:43 (UTC+04:00)

Bir neçə gündür ölkə gündəmində müzakirə edilən SOCAR-la Qarabağ əlilləri arasında yaşanan insidentlə bağlı maraqlı detallar ortaya çıxıb. Məlum olub ki, sən demə, həmin insidentin qızışdırılmasında maraqlı olan tərəflər, şəxslər, hətta ölkələr var. Eyni zamanda, konkret faktlar əsasında ortaya çıxıb ki, özlərini Qarabağ qazisi kimi qələmə verən şəxslərin böyük əksəriyyəti saxta qazi adını daşıyırmış.

Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində, SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil. Artıq mediada məlumat yayılıb ki, əlilləri həmin əraziyə Məmmədəli adlı adam çağırıb və həmin torpaq, faktiki olaraq, bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil. Bildirilir ki, bu şəxs  əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə M.Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib.

Bu arada musavat.com məlumat yayıb ki, “saxta qazilər”in adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır: “Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur”.

Eldar Həsənovun və Rusiyanın bu cür həssas məsələni qızışdırmaqda nə kimi maraqları ola bilər?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu həssas məsələni böyütməyə ehtiyac yoxdur: “Hesab edirəm ki, buna epizodik bir hal kimi baxmalıyıq. Genişlənməsinə imkan verməməliyik. Hər iki tərəf təmkinli davranmalıdır. Qarabağ əlillərinin arasına girən və ya onlardan öz məqsədləri üçün istifadə edən adamlar mütləq tapılıb məsuliyyətə cəlb olunmalıdırlar. Sizin dediyiniz iddia ilə mən də tanışam. Amma bu cür ciddi məsələdə kiminsə adını hallandırmaq üçün ortaya ciddi fakt qoyulmalıdır. Orada iki versiya səslənir. Rusiya və Eldar Həsənov. Hesab edirəm ki, bu cür işlərdə Rusiya daha fəaldır. Onun dəst-xəttinə daha çox oxşayır. Eldar Həsənov bu qədər açıq oyuna getməz. Düzdür, iddiaları var, amma heç də təqdim edilən, daha doğrusu, şişirdilən səviyyədə gücə malik deyil. Ola bilsin ki, fikrindən nələrsə keçsin, ancaq belə qarşıdurmanı idarə etməyinə inanmıram. Rusiya böyük dövlətdir, onun barmağı hər yerdə var. Xüsusilə də Azərbaycanı daha yaxından izləyir, burada marağının olduğunu gizlətmir. Rusiya bu məsələdə sırf nəzarətində olan Abbas Abbasovdan, bəzi milyarderlərdən istifadə edə bilər. Eldar Həsənov, faktiki olaraq, Azərbaycan dövlətində post tutur. Onunla belə oyuna getməyə heç etibar da etməzlər. Mən Rusiyanın xüsusi xidmət orqanlarının barmağının olduğunu istisna etmirəm. Hesab edirəm ki, bu həssas məsələ ilə bağlı DTX ciddi araşdırma aparmalıdır. Bunun dərinləşməsinə imkan vermək olmaz”.

Məhəmmədəli QƏRİBLİ