Rusiyanın Ermənistana satdığı qazın 200 dollara qaldırılması vaxtı yetişir – hadisə qışa təsadüf edə bilər

18 Sentyabr 2019 16:21 (UTC+04:00)

Rusiya hökuməti tezliklə erməni tərəfinə xoşagəlməz sürprizlər bəxş edə bilər. Fakt budur ki, Rusiya tərəfinin bu dəfə Ermənistan əhalisi üçün də qazın qiymətini qaldırmaq niyyətində olduğu barədə şayiələr yayılıb.

Bu barədə ölkənin “Johovurd” gündəlik qəzeti yazıb. Qəzet yazır ki, bir müddət əvvəl Rusiya hökuməti Ermənistan hakimiyyətinə qazın 30 faiz artacağı barədə işarə edib: “Hər halda, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, o zaman Baş nazir Nikol Paşinyan onunla dərhal qazın qiymətilə bağlı danışıqlar aparmaq niyyətindədir. Digər tərəfdən, erməni tərəfi Rusiya hökuməti ilə danışıqlar yolu ilə 30 faiz artımın qarşısını almağa nail ola biləcəyinə ümid edir. Lakin ekspertlərin fikrincə, Ermənistan əhalisi üçün qazın qiymətinin artması qaçılmazdır”.

Qəzetə açıqlama verən Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bu barədə konkret danışmaqdan yayınıb: “Biz mütəmadi qazın qiyməti haqqında danışırıq. Amma burada maraq doğuran heç bir problem yoxdur. Nəticə danışıqlardan sonra bəlli olacaq”.

Digər erməni mətbuat orqanları isə yazırlar ki, qiymətlər artacaq deyə, Ermənistan hakimiyyəti Rusiya ilə qaz qiymətləri mövzusunda apardığı danışıqların detallarını gizlədir. Məlumata görə, Rusiya tərəfi 1 yanvar 2020-ci ildən etibarən qaz qiymətlərini 200 dollara qədər artırmaq niyyətindədir. Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 165 dollara satır.

Proseslərin gedişi belə göstərir ki, iki ölkə arasında münasibətlər bir qədər gərgin olduğundan, Paşinyan hakimiyyətini yeni sürprizlər gözləyir. Yəni çox güman ki, gələn ilin yanvarından Ermənistana satılan qazın qiyməti qaldırılacaq.

Maraqlıdır, bəs ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə kontekstdən yanaşdı: “Bir qayda olaraq, iki ölkənin münasibətlərində müəyyən məqamlar Rusiya siyasi elitasını narahat edəndə, bu ölkənin maraqlarına cavab verməyən tendensiya özünü büruzə verəndə Kreml “Qazprom”un Ermənistana təsir vasitələrindən istifadə etməyə çalışıb. Ermənistanın “Qazprom”la münasibətlərində belə hallar əvvəllər də yaşanıb. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistana qazı ucuz satır. Hətta Belarusa satılan qazdan da ucuzdur. Ancaq Paşinyan hakimiyyətinin regional siyasəti, daha çox Qərbə meyllənməsi Kremldə narazılıq doğurur. Bu mənada, Putinin sabiq prezident Köçəryanı təbrik etməsi, Rusiyadakı iş adamlarının Paşinyana dəstək verməkdən imtina etməsi təsadüfi deyil. Bütün bunlar Paşinyan hakimiyyətinin siyasətindən narazılığın göstəricisidir. Paşinyanın bəzi qeyri-ordinar davranışları, o cümlədən, Qarabağla bağlı verdiyi açıqlamalar Kremli mənmun etmir. Bütün bunlar Rusiya hakimiyyətində müəyyən qıcıq yaradır. Ona görə də Rusiya Ermənistana təzyiq göstərmək üçün müxtəlif rıçaqları işə sala bilər. Onlardan biri də qazın qiymətidir. Çünki Ermənistanın Rusiya və İrandan olan enerji asılılığı göz qabağındadır. O baxımdan gələn il Ermənistana satılan qazın qiymətinin qaldırılması ehtimalı yüksəkdir. Paşinyan bundan sonra da Moskvanı məyus edən addımlar atarsa, o zaman Ermənistana yönəlik digər təsir rıçaqları işə salına bilər”.

Vidadi ORDAHALLI