ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib - FOTO

17 Sentyabr 2019 15:42 (UTC+04:00)

Sentyabrın16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasında 2019-2020-ci tədris ilində ali təhsilin magistratura səviyyəsinə qəbul olunan magistrantlarla  görüş keçirilib.

ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov yeni qəbul olunan magistrantları təbrik edib, onlara uğurlar arzulayıb. ADPU-da uğurla həyata keçirilən təhsil islahatları barədə ətraflı məlumat verən professor Cəfər Cəfərov qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-nun magistratura səviyyəsinə 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Rektor son illər universitetin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən ətraflı danışaraq bildirib ki, ADPU həm də bir çox xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlayıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və  coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək universitetdə görülən işləri müsbət qiymətləndirib və yeni qəbul olunan magistrantlara təhsildə uğurlar arzulayıb.

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov şöbənin strukturu, kredit sistemi ilə tədrisin təşkili, magistratura səviyyəsində qiymətləndirmə və təqaüdlərin verilməsi qaydaları barədə magistrantlara məlumat verib.

Görüşün sonunda rektor Cəfər Cəfərov magistraturaya yüksək balla qəbul olunan magistrantlara tələbə bileti təqdim edib və xatirə şəkli çəkdirilib.