2008-ci ilin “1 mart” olaylarında Paşinyanın öz əleyhinə də ittiham motivləri ortaya çıxır...

17 Sentyabr 2019 16:39 (UTC+04:00)

Artıq Ermənistanda Nikol Paşinyanın da Köçəryanın həbs edildiyi “1 mart” hadisələrində əlinin olduğuna dair fikirlər səslənməyə başlayıb.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib ki, Putinin Ermənistana səfəri çərçivəsində Köçəryanla görüşmək istəməsi onları pis vəziyyətdə qoya bilər: “Bəli, Putin gizlətmir ki, Robert Köçəryanla dostluq əlaqələri var. Lakin o demək istəyir ki, qardaş, nə üçün adamı bağlamısınız? Mühakimə edin, məhkəmə prosesi başlasın, görək günahkardır, yoxsa yox”. Onun sözlərinə görə, Qərb də Köçəryanı azadlıqda görmək istəmir, çünki Köçəryanı rusiyönümlü siyasi xadim hesab edir.

Baqratyan qeyd edib ki, Putin, sadəcə, Qərbin təsirinə qarşı mübarizə aparır: “1 mart sırf siyasi prosesdir, mən burada cinayət elementi görmürəm. Yaxşı, əgər siyasi prosesdirsə, o zaman Rusiya olduqca səs-küylü şəkildə cavab verəcək və deyəcək ki, Qərbin ağlına düşmüsən?”. Baqratyan deyir ki, Nikol Paşinyan özü 2008-ci ilin “1 mart” hadisələrinə görə məsuliyyət daşıyır. Çünki Paşinyan tribunadan kütləni polisləri döyməyə, onların qalxan və dəbilqələrini ələ keçirməyə çağırırdı. Baqratyan istisna etmir ki, yeni hakimiyyətin siyasi uğursuzluqları təcrübəsizliklə bağlı ola bilər. Lakin onun fikrincə, bu da onlara haqq qazandırmır: “Bizdə heç nə bilməyən, bir az təcrübə keçib sonra rəhbərlik etmək istəyən hansısa adamlar üçün ölkə yoxdur. Belə adamlar gedib bağ-bostan sahəsində işləməli, orada pomidor, xiyar və qarğıdalı yetişdirməlidirlər”. Baqratyan Rusiya ilə pisləşən münasibətlərin Ermənistan üçün ağrılı nəticələrə gətirib çıxaracağını da vurğulayır.

Paşinyanın “1 mart” hadisələrinə görə məsuliyyətinin müəyyənləşməsi hansı nəticələrə səbəb ola bilər?

Politoloq Zamin Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq Paşinyanın bu kartla siyasi manipulyasiya etdiyi məlum olur: “Hətta bir sıra ittihamlar öz təsdiqini tapmır. Bu günlərdə Ermənistanda “1 mart” işi çərçivəsində qətl törətməkdə ittiham edilərək həbs edilən polis qoşunlarının sabiq qərargah rəisi Qeğam Petrosyanın azad edildiyi məlum olub. Ondan qətimkan tədbiri olaraq yaşayış yerini tərk etməmə haqqında imza alınıb.

Onun azadlığa buraxılması ilə Paşinyan hakimiyyətinin növbəti yalan və mifinin partlayışı baş verdi. Hakimiyyət orqanları hələ həftələr öncə ilkin araşdırma mərhələsində olan cinayət işi barədə elə əminliklə danışırdılar ki, guya onun günahının sübuta yetirildiyi, məhkəmə araşdırması mərhələsində ört-basdır edilməsinin mümkün olmayacağı, sübut və dəlillərin olduğu təsəvvürü yaranırdı.

Bütün hakim komanda əl altında olan mümkün vasitələrlə erməni cəmiyyətində belə fikir yayaraq guya Zakar Hovhannisyanın qətlinin üstünün açıldığı təsəvvürünü yaradırdılar. Yalnız Petrosyanın cəzasını müəyyən edəcək məhkəmə qərarının qaldığına inandırırdılar. Artıq aydındır ki, Paşinyanın tabeliyində olan Xüsusi İstintaq Komitəsi kifayət qədər sübutlar toplaya bilməyib. Buna görə də müstəntiq Petrosyanın həbs müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etməyib. Bu, Paşinyan hakimiyyətinin növbəti dəfə ictimaiyyəti manipulyasiya etdiyinə və əsassız olaraq Petrosyana qatil damğası vurduğuna sübutdur. Artıq Ermənistanda tələb edirlər ki, Petrosyanı ittiham edən xadimlər, başda Paşinyan olmaqla, ictimai şəkildə ondan üzr istəməlidirlər”.

Politoloqun sözlərinə görə, həmin hadisələr zamanı doğrudan da insan tələfatı olub: “Bunun günhakarlarından biri də Paşinyan olub. İndiki Baş nazir bunu inkar edə bilməz. Çünki həmin hadisələrdə təqsirli bilinərək, ağır cəzaya məhkum edilib. Beynəlxalq təşkilatların basqısından sonra o, cəzasının hamısını çəkmədən azad edilib. Yəni Paşinyanın həmin hadisələrdə əlinin olduğu məhkəmə qərarlarında da öz əksini tapıb. Bu, yenilik deyil. Sadəcə, bunu xatırlatmaqla ona demək istəyirlər ki, həmin hadisələrdən istifadə edib siyasi rəqibləri sıradan çıxarmaq cəhdi alınan deyil, buna son qoymaq lazımdır. Yəqin ki, yaxın zamanlarda, xüsusilə də Rusiyanın təzyiqi ilə Paşinyan Köçəryanı da həbsdən azad etməyə məcbur qalacaq. Bununla da şou bitəcək”.

Məhəmmədəli QƏRİBLİ