Şərur Sənaye Məhəlləsi yaradılır - Prezident fərman imzaladı

13 Sentyabr 2019 20:15 (UTC+04:00)

Prezident İlham Əliyev Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılır.

Müəyyən edilir ki, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.