Məcburi köçkünlərə vahid aylıq müavinətin artırılacağı barədə söz-söhbətlərə Komitə reaksiya verdi

11 Sentyabr 2019 22:05 (UTC+04:00)

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında məlumat yayılıb. 

Dövlət Komitəsi bununla əlaqədar bildirir ki, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.

Dövlət başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında”  26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar. 

Komitə xatırladır ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur.

Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair  məlumat yoxdur.