Ceyhun Bayramov təhsildə yeni maraqlı dəyişikliklərin anonsunu verdi

11 Sentyabr 2019 17:28 (UTC+04:00)

Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir. Trendin məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.

C.Bayramov əlavə edib ki, bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tədbiq edilib.

C.Bayramov deyib ki, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır: "7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələlərə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

“Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”- deyən nazirin sözlərinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir: "Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir".

C.Bayramov qeyd edib ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir".