Ermənistanda rusofob dairələrin Putinə “1 mart qəsdi”...

11 Sentyabr 2019 18:20 (UTC+04:00)

“İşıqlı Ermənistan” partiyasının parlament fraksiyasının üzvü Armen Babacanyan araşdırma aparıb və belə qənaətə gəlib ki, Ermənistanın başına gələn bütün bəlalarda günahkar Rusiya Prezidenti Vladimir Putindir.

Erməni deputatın araşdırmasından belə çıxır ki, Vladimir Putinə qarşı Ermənistanda mütləq cinayət işi açılmalıdır: “Moskvanın nəyə görə “1 mart” məsələsində bu qədər maraqlı olmasını anlamaq yaxşı olardı”.

Erməni mətbuatı yazır ki, deputat ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparacaq, səfir isə Nikol Paşinyana Baş Prokurorluğun Vladimir Putinə qarşı cinayət işi açması və onu məsuliyyətə cəlb etməsi üçün göstəriş verməsini tapşıracaq: “Ermənistanda dəlilik epidemiyası təhlükəsi var. Bu gün artıq bütün simptomlar mövcuddur. Konstitusiya Məhkəməsinin qərarı necə gəldi şərh olunur: nazir Köçəryanın azad edilməsinə qərar vermədiyini bildirir, digərləri isə məhkəmənin legitim olmadığını iddia edir. Vladimir Putinə Ermənistanda müttəhim statusu verilməsi xoşagəlməz olardı. Yeni Ermənistan artıq hər şeyin baş verməsinin mümkün olduğu ABŞ-Soros koloniyasıdır”.

Bütün bunlar Rusiya ilə Ermənistan arasında mövcud olan gərgin münasibətlərdən xəbər verir, gör vəziyyət nə yerə gəlib çatıb ki, Paşinyanın “Mənim addımım” bloku ilə birlikdə parlamentdə yer tutmuş “İşıqlı Ermənistan” partiyasının üzvü Putini məhkəmə ilə “təhdid” edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanda Putinə qarşı həbs məsələsinin qaldırılması əsasən Köçəryan işində Kremlə qarşı demarşdır: “Paşinyan yaxşı bilir ki, Putin onu qəbul etmir və əlverişli situasiyada “Qarabağ klanı”nı qabağa verib onu devirməyə cəhd edəcək. Moskvanın məhz Köçəryana stavka etməsi Paşinyana ciddi şəkildə təzyiq edilməsi deməkdir. Paşinyanın təlimatı ilə Putinə qarşı belə bir ssenari hazırlanıb. Paşinyan çalışır ki, Kreml ona Köçəryanla bağlı təzyiq etməsin. Ancaq bununla o öz iqtidarını daha da Kremlin hədəfinə gətirdi. Artıq görürük ki, Paşinyan populizmlə məşğul olur, praqmatik siyasətdən uzaqdır. Rusiya-Ermənistan əlaqələri Paşinyan dövründə yüksək səviyyədə olmayacaq. Göründüyü kimi, iki ölkə arasında baş verən siyasi qarşıdurmanın dərinləşəcəyi gözlənir. Bütün bunlar da Paşinyan üçün müsbət siyasi gələcək vəd etmir. Çünki Ermənistana Kremlin birbaşa təzyiqləri artır. Moskva çalışacaq ki, Paşinyanı devirsin. Buna görə də Ermənistanda bundan sonrakı siyasi vəziyyət gərgin olaraq qalacaq”.

Vidadi ORDAHALLI