Azərbaycanın gedişləri Ermənistanın 1 oktyabr sammitinə bəslədiyi ümidləri puça çıxarır...

11 Sentyabr 2019 19:24 (UTC+04:00)

Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanması Ermənistana getdikcə daha baha başa gələrək, bu ölkənin sosial-iqtisadi tənəzzülünün daha dinamik xarakter alması ilə müşayiət edilməkdədir. Ermənistanda gözlənirdi ki, ölkədə son hakimiyyət dəyişikliyindən sonra  iqtisadi müstəvidə problemlər həllini tapacaq, əhalinin soail rifah halı yaxşılaşacaq. Ancıq ötən il yarım bir daha təsdiqlədi ki, Ermənistan regional layihələrə qoşulmadan, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan hansısa iqtisadi nailiyyət əldə edə bilməz.

İndi Nikol Paşinyan iqtidarı da yaxşı anlayır ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan, digər region ölkələri ilə normal münasibətlər qurulmadan Ermənistanda hansısa inkişafdan danışmaq sadəcə cəfəngiyatdır. Məsələnin maraqlı tərəflərindən biri isə budur ki, Azərbaycanın uğurlu gedişləri sayəsində İrəvanın regionda həyata keçirmək istədiyi transmilli layihələr də iflasa uğrayır. Belə bir vaxtda yayılan məlumata əsasən, Ermənistan oktyabrın 1-də İrəvanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək İran prezidenti Həsən Ruhaniyə böyük ümidlər bəsləyir. Burada erməni tərəfinin əsas gözləntiləri İranla birlikdə regional layihələr həyata keçirməkdir. Söhbət Ermənistan hökumətinin maliyyə imkanları üçün fantastik məbləğ təşkil edən 3,2 milyard dollarlıq dəmir yolu xəttinin tikintisindən gedir.

Xatırladaq ki, Ermənistan hökuməti bu mövzu ətrafında İran rəsmiləri ilə dəfələrlə müzakirələr aparıb. Erməni şərqşünası Vardan Voskanyan bildirib ki, Türkiyə və Azərbaycandan yan keçməklə çəkilməsi nəzərdə tutulan bu nəqliyyat xətti üzrə proqram hələ 2014-cü ildə qəbul olunub. İndi ermənilər üçün xəyal olan həmin layihənin “dirilməsi” məqsədilə yenidən İran prezidentinə müraciət edilməsi gözlənir. Ermənistanda bir sıra rəsmilər iddia edir ki, dəmir yolu çəkilərsə, İran bu dəmir yolu ilə Qara dənizə və oradan da Çinə daha asan çıxış əldə edə bilər. Lakin bunun əslində absurd olmasını etiraf edən ermənilərin də sayı az deyil. Məsələn, “armtimes.com” saytı yazır ki, Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən “Şimal-Cənub” dəhlizi, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xətti Ermənistanın İran ümidlərinin üzərindən birdəfəlik xətt çəkib. Sayt qeyd edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ideyasını irəli sürdüyü transmilli layihələri həyata keçirir və bunun üçün çoxsaylı tərəfdaş da cəlb edə bilir: “Yaxın tarixə nəzər salanda görmək olar ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hələ 2008-ci ildə İran-Ermənistan dəmir yolunun çəkilməsi ideyasini irəli sürüb və rəsmi Tehranla müzakirələr aparıb. Amma sonradan Sarkisyanın fikirləri sabun köpüyü kimi havadan asılı qaldı. Belə ki, Ermənistan prezidentinin təklifinə İran ciddi yanaşmadı və heç bir dövlət və beynəlxalq maliyyə təşkilatı İran-Ermənistan dəmir yolunun çəkilişinə sərmayə qoymaq istəmədi. Əvəzində Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə Bakı-Tiflis-Qarsı tikib başa çatdırdılar. Qlobal xarakter daşıyan Bakı-Tiflis-Qars istismara verildi. Özü də bütün dünya Bakı-Tiflis-Qarsın istismara verilməsini alqışladı. Bakı-Tiflis-Qars reallaşan müddətdə Ermənistan Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin yenidən işə salınması ideyasını irəli sürürdü. Ermənistan bu xətti işə salmaqla blokadadan çıxmaq istəyirdi. Lakin Azərbaycanın mövqeyi və Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması rəsmi İrəvanın bu niyyətinin üzərindən xətt çəkdi. Əvəzində Azərbaycan İranı, Rusiyanı yaxından özünə cəlb edən layihələrin işə salınmasında daha da irəliyə getdi”.

Xatırladaq ki, absurd layihələrin ideyasını irəli sürən Ermənistan hələ bir neçə il əvvəl dəyəri 1,5 milyard dollar olan İran-Ermənistan avtomobil yolunun çəkilməsinə start verildiyini də bəyan edib. Lakin böhran yaşayan Ermənistan maliyyə çətinliyi ucbatından tikinti işlərini dəfələrlə dayandırıb. İran isə bu vəziyyətdə əsas prioriteti ərazisindən Azərbaycana uzanan dəmir yoluna yönəldib. Hazırda bu fonda İran “Şimal-Cənub” dəhlizinə xüsusi önəm verir. Elə bu günlərdə İranın dövlət dəmir yolu şirkətinin baş direktoru Səid Rəsuli bu dəhlizin ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, burada Azərbaycanın rolunu kifayət qədər yüksək qiymətləndirdiklərini də etiraf edib. Onun sözlərinə görə, hazırda Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir. Rəsuli nəzərə çatdırıb ki, yolun tikintisində Azərbaycan tərəfi də iştirak edir: “Rəsmi Baki “Şimal-Cənub” dəhlizinin əsas tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasına 500 milyon dollar vəsait ayırıb. Bundan başqa, Azərbaycan İranın Astara şəhərində dəmir yolu vağzalının və yük terminalının tikintisində də iştirak edir”. Rəsuli vurğulayır ki, İranla Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycan “Şimal-Cənub” dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir. Məhz İranla Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək”.
Göründüyü kimi, Azərbaycanın həyata keçirdiyi layihələr İran üçün Ermənistanı arxa plana atır. Bu mənada, Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək İran prezidenti Həsən Ruhaniyə erməni rəsmilərinin yeni dəmir yolu xəttinin tikintisi barədə təklfinin sözdən o tərəfə keçməyəcəyi də heç bir şübhə doğurmur. Əslində, İran-Çin-Ermənistan formatında layihə həyata keçirilməsi xəyalında olan ermənilər özləri də etiraf edirlər ki, iranlı tacirlərin Uzaq Şərqə çıxış üçün istifadə edəcəkləri çoxlu sayda nəqliyyat dəhlizləri mövcuddur. Onlardan ən əlverişli olanlar isə məhz Azərbaycandan keçir və İran da bu istiqamətdə ölkəmizlə sıx əməkdaşlıq edir. Erməni ekspertləri bildirirlər ki, həmin bahalı layihə bir yana dursun, hökumət heç Ermənistanla İran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisi və bu ölkəyə İran qazının tədarükünün artırılması məsələlərini belə həll edə bilmir. Əsas səbəb yenə də maliyyə çatışmazlığıdır. Həm də nəzərə alınmalıdır ki, müstəqil olmayan və Rusiyanın müvafiq qurumu tərəfindən idarə edilən Ermənistan dəmir yolu idarəsinə sərmayəçi tapmaq o qədər də asan deyil. Politoloq Vigen Akopyan da bildirir ki, Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkədəki ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün artıq effektiv olmayan üsullardan istifadə edir, yenə icrası mümkün olmayan fantastik layihələr haqda danışır: “Hakimiyyət informasiya və siyasət gündəmini yeni mövzularla doldurmağa cəhd edir. Bu, siyasət, iqtisadiyyat və idmanla bağlı məsələlərdir. Məsələn, Paşinyan Ermənistan-İtaliya futbol matçı zamanı “Facebook”da xüsusi bölmə də yaradıb. Halbuki, ölkədə Amulsar mədəni, İstanbul Konvensiyası, Qarabağ münaqişəsində mövqeyimiz və  Xankəndi ilə münasibətlər kimi ciddi və hökumət tərəfindən həllini gözləyən problemlər mövcuddur. Məhz bu səbəbdən onlar diqqəti yayındırmaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edirlər. İranla dəmir yolu xəttinin yenidən gündəmə gətirilməsi də bunlardan biridir. Lakin 11 ildir bu barədə danışılsa da, ortada heç nə yoxdur və olmayacaq da. Çünki regionda “Şimal-Cənub” dəhlizinin reallaşması yeni dəmir yolunun tikintisi üçün İranı heç bir cəhətdən cəzb etmir”. Onun sözlərinə görə, 2019-cu ilin aprel-mayından bəri “inqilab” hay-küyü yatışıb və insanlar artıq öz həyat səviyyələri, ölkənin sosial-iqtisadi vəziyyəti, məişət problemləri ilə maraqlanır, bütün bu problemlərin konkret həllini tələb edirlər. Erməni politoloq əlavə edib ki, bu səbəbdən, fantastik ideyalar irəli sürməkdənsə, hökumətin real iş görməsi daha yaxşı olardı.

Azərbaycanın iştirakı ilə bir-birinin ardınca işə düşən transmilli layihələr isə qarşıdakı dövr ərzində Ermənistanın izolyasiyasını daha da gücləndirəcək. Bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tİflis-Ərzurum qaz kəməri, eləcə də “Cənub Qaz Dəhlizi”,  TANAP və TAP kimi layihələrdən özünü məhrum edən Ermənistan “Şimal-Cənub” kimi mühüm beynəlxalq dəhlizdən də yararlana bilməyəcək. Səbəbi də aydındır. Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarının işğalını davam etdirəcək, regionda bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Buna regionda bütün mühüm layihələrin müəllifi və təşəbbüskarı olan Azərbaycan icazə verməyəcək. Təcrübə də göstərir ki, heç bir ölkə də Azərbaycandan icazəsiz Ermənistanı hansısa irimiqyaslı layihələrə qoşa bilməz. Bura İran da daxildir. Ermənstanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mixail Minasyan bildirir ki, məhz belə vəziyyətdə Ermənistan qaçılmaz fəlakətə doğru yuvarlanır: “Ermənistanda inqilab deyil, müəyyən dəyişiklik baş verib və yeni hakimiyyət köhnənin davamıdır. Dəyişikliklıər havada baş verib. Ölkəni bədbəxtliklər gözləyir”. Bütün bunlardan xilas olmağın yeganə yolu isə Ermənistanın işğal siyasətinə son qoyması və region ölkələri, xüsusən də Azərbaycanla normal münasibətlər qurmasından keçir. Əks təqdirdə Ermənistanın məhvə doğru sürüklənməsi davam edəcək və bu hal işğalçı ölkədə mövcud hakimiyyətin sonunu da sürətlə yaxınlaşdıracaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.