Lavrovun “hamının-hamıya” prinsipi Ukrayna-Rusiya münasibətlərində işlədi, Azərbaycan-Ermənistan üçün işləmədi

11 Sentyabr 2019 18:09 (UTC+04:00)

Azərbaycan tərəfinin girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi “hamının-hamıya” prinsipi hələ də Ermənistan tərəfdən lazımi şəkildə dəyərləndirilməyib. Qeyd edək ki, bu il aprelin 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvana müraciət edərək əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət cavab verilməsini istəmişdi.

Bundan sonra iyunun 28-də ilk əsir və girovların dəyişdirilməsi prosesi baş tutdu. 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər. Ancaq həmin vaxtdan sonra proses dayanıb.

Ötən həftə Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi mümkün olub. 35 nəfər ukraynalı əsirlə 35 nəfər rusiyalı əsir dəyişdirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “2+2" formatında Rusiya və Fransa xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya və Ukrayna arasında ”35-ə 35" formatında əsir və girovların mübadiləsi Donbasda problemin həllinə kömək edəcək.

Çox maraqlı mənzərə yaranır. Lavrovun təklif etdiyi variant Ukrayana ilə bağlı baş tutur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yox. Ukraynadakı girovların dəyişdirilməsi də, demək olar ki, “hamının-hamıya” prinsipi ilə baş tutub. Həmin hadisə Azərbaycanla Ermənistan arasında girovların dəyişdirilməsinə stimul verə bilərmi?

Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Bakı-Xəbər”ə  bildirdi ki, bu il aprelin 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvana müraciət edərək əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət cavab verilməsini istəmişdi: “Biz çox istəyirik ki, bu proses mərhələli şəkildə deyil, tam bir proses olaraq yekunlaşsın. Bilirsiniz ki, Mariya Zaxarova da bununla bağlı çağırış etdi. Həmin müraciət,  birmənalı olaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevi əhatə edir. Azərbaycan bu dəyişdirilmə prinsipinə çoxdan hazırdır.

Artıq söz rəsmi İrəvandadır. Ermənistan tərəfi Mariya Zaxarovanın bu çağırışına müsbət cavab verməlidir. Nəhayət ki, gözlənilən əsir və girovların dəyişdirilməsi prosesi baş tutmalıdır. Əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə Azərbaycan tərəfi çıxış edib. Bu təklifi Rusiya və digər həmsədr ölkələr də dəstəkləyirlər. Hələ ki, məsələyə Ermənistan tərəfi müsbət mövqe nümayiş etdirmir. Ermənistan hakimiyyəti bu təklifə və Rusiyadan olan çağırışa müsbət münasibət ortaya qoysa, bu, Ermənistanın da xeyrinə olar. Çünki Ermənistanın daxilində bu məsələ ilə bağlı ciddi narazılıq var. Əsirlərin valideynləri və qohumları dəfələrlə kütləvi aksiya keçirib, yolu kəsiblər. Onlar prosesi bilirlər ki, Azərbaycan tərəfi övladlarını verməyə hazırdır. Belə vəziyyətdə Ermənistan rəhbərliyi onlara deməyə söz də tapa bilmir. Bu səbəbdən də düşünürəm ki, proses yaxın zamanlarda baş tuta bilər”.

Məhəmmədəli QƏRİBLİ