Atasız qızların təhsil haqqından azad olunması problemi…

11 Sentyabr 2019 17:04 (UTC+04:00)

Qız uşaqlarının təhsil almaları, əslində, həm onların, həm də cəmiyyətin sağlam gələcəyi üçün vacibdir. Odur ki, hər bir valideyn övladlarının, xüsusən qızlarının da ali təhsil almaları üçün çalışmalıdır. Təəssüf ki, bəzi ailələr müəyyən səbəblərdən qızlarının ali təhsil almasına qarşı çıxırlar. Bu səbəbdən də qız uşaqlarının ali təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi təklif olunur. Belə bir təklifi Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev səsləndirib.

O qeyd edib ki, təhsillə bağlı büdcənin maliyyə yükünün artırılmasına ehtiyac var. Xüsusilə o səbəbdən ehtiyac var ki, dövlət ali təhsil müəssisələrində təhsil xərclərinin çox hissəsi ödənişsiz olsun. Yəni dövlət ali təhsil ocaqlarına qəbul olunan tələbələrin 70 faizi ödənişsiz təhsil alsın. Bunu da büdcə öz üzərinə götürsə, bu, çox yaxşı olardı: “Bəzi kateqoriyadan - sosial müavinətə ehtiyacı olan şəxslərin təhsil haqları dövlət tərəfindən ödənilir. Bildiyiniz kimi, cənab Prezidentin qayğısı sayəsində qaçqın və məcburi koçkünlərin, 20 Yanvar və Qarabağ əlillərinin, şəhid ailələrinin övladlarının təhsil haqlarını dövlət ödəyir. Hörmətli birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olunmuş uşaqlar, eləcə də bir valideynini itirmiş, digəri əlil olan uşaqlar, həmçinin, birinci və ikinci qrup əlilliyi olan uşaqlar da təhsil haqqını ödəməkdən azaddırlar. Fikrimcə, bu humanist təşəbbüsləri daha da genişləndirərək, ödənişli əsasla universitetlərimizə qəbul olunmuş bütün qızların təhsil haqqını dövlətimiz öz üzərinə götürə bilər. Bu baxımdan, çox istərdim ki, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının xərcləri dövlət tərəfindən ödənilsin. Xüsusilə atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilsin. Özü də istər özəl, istərsə də dövlət təhsil müəssisələrində. Dövlət təhsil müəssisələrində isə, bütövlükdə, qız tələbələrin xərcləri dövlət tərəfindən ödənilsin”.

Özəl və ya dövlət universitetlərində təhsil alan atasız qızların ödənişli təhsildən azad olunması ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Məlumat üçün bildirək ki, bu il 42062 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 17820 nəfəri dövlət sifarişi əsasında, 24242 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ancaq ödənişli əsaslarla ali təhsil müəssələrinə daxil olan bəzi tələbələr üçün təhsil haqqını ödəmək elə ali məktəbə qəbul olunmaq qədər çətin olur. Hətta bəziləri bu ödənişi həyata keçirə bilmədikləri üçün təhsildən yayınırlar. Təsadüfi deyil ki, bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov son 5 ildə 7 mindən çox tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina etdiyini açıqlamışdı. Elə bu açıqlamadan sonra Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarının təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verildi. Eləcə də sosial şəbəkələr vasitəsilə belə tələbələr müəyyənləşir və onlara könüllü şəxslər tərəfindən yardım olunması prosesi də sürətləndi.

Qız uşaqlarının təhsil alması üçün onların təhsil haqqından azad olunması müsbət dəyərləndirilir.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, qız uşaqlarının təhsil alması üçün hər bir şərait yaradılmalıdır: “Elə ailələr var ki, maddi durumu uyğun olmadığı üçün qızının təhsil almasına qarşı çıxır. Qızların təhsil alması üçün onların ödənişdən azad olunması, ilk növbədə, erkən nikahın qarşısını alacaq. Bölgələrin bir qismində qızlar erkən yaşda təhsildən uzaqlaşdırılaraq ailə qurmağa məcbur edilir. Nə qədər çalışsaq da, mübarizə aparsaq da, erkən nikahların, selektiv abortların bir ucu gəlib təhsilsizliyə dayanır. Buna görə də müəyyən proqramlara ehtiyac var. Millət vəkilinin məlum təklifi reallaşarsa, ailələrdə qızların təhsilə münasibətini müsbətə doğru dəyişəcək”.

Ekspertin fikrincə, cəmiyyətdə təhsilli qadınların sayı nə qədər çox olarsa, bu, cəmiyyətin xeyrinə olar. Ona görə də qızlara ali təhsil üçün geniş imkanlar yaratmaq yaxşıdır. Amma mən də düşünürəm ki, bunu kütləvi halda tətbiq etmək lazım deyil. Ali təhsil müəssisələri mütləq aztəminatlı ailələrin övladlarına imkan daxilində güzəştlər etməlidirlər”.

Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, istər qız, istər oğlan olsun, tələbələrin ödənişdən azad olunması arzulanandır. Amma, konkret olaraq, ali təhsil almaq istəyən qızların ödənişdən azad olunmasına gəlincə, bu barədə hələ illər öncə Hacı Zeynalabdin Tağıyev fikir bildirib. O söyləmişdi ki, bir kişinin (və ya oğlan uşağının) təhsil alması, sadəcə, bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Qızların təhsil alması bu baxımdan faydalıdır.

Deputatın təklifinə gəlincə, ekspert bildirdi ki, istənilən təklifə baxılmalıdır, incələnməlidir, müsbət tərəfləri götürülməlidir. Bizdə çox təklif olur, amma təklif olaraq da qalır: “Mən də arzu edərdim ki, bu təklif həyata keçirilsin. Bu təklifin səsləndirilməsi elə məsələnin, ən azı, 50 faiz gündəmə gətirilməsidir, insanı düşündürməyə vadar edir. Düşünürəm ki, bu və bu tip digər təkliflərin səsləndirilməsi məsələnin həllində bir stimul, inkişaf rolunu oynamış olar”.

N.İsrafilovun sözlərinə görə, Azərbaycanda məhz ödəniş ucbatından minlərlə tələbə ali təhsil ala bilmir: “Buna görə bütün vasitələrdən istifadə etmək lazımdır. Təhsil hamı üçün əlçatan elan edilib, tələbə qəbulunda iki dəfə şans verilir, universitetlərin nəzdində əlavə hazırlıq qrupları yaradılır. Ali təhsillilərin sayına görə dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmağa çalışırıq. Təhsilin əlçatan olması üçün ödənişlərin hər kəsin büdcəsinə uyğun olması barədə düşünmək lazımdır. Düzdür, bu istiqamətdə Gənclər Fondu tərəfindən müəyyən işlər görülür, ancaq bütün tələbələri əhatə etmir. Ona görə ödənişlər də əlçatan olmalıdır ki, təhsilin tam əlçatan olması kursu, bütövlükdə, həyata keçirilmiş olsun. Qızların orta ixtisas və dövlət ali məktəblərində təhsil haqlarını dövlətin öz üzərinə götürməsi erkən nikah probleminin həllinə də dəstək olar”.

Günel CƏLİLOVA