Aşura günü ziyarətgahlara gətirilən əşya və ərzaqların sonrakı taleyi...

11 Sentyabr 2019 16:12 (UTC+04:00)

Məlum olduğu kimi, sentyabrın 10-da ölkəmizdə Aşura mərasimi keçirildi. Əsasən ölkənin şiə kəsiminin iştirakı ilə məscidlərdə keçirilən Aşura mərasimlərinə qatılan şəxslərin, demək olar ki, böyük əksəriyyəti məscidlərə müxtəlif formalarda ianələr verdilər. Məscidlərə, ziyarətgahlara geyimlər, baş örtükləri, müxtəlif növ şirniyyatlar, xörəklər nəzir olaraq gətirildi.

Bundan başqa, ələmə də yaylıqlar, başqa geyim əşyaları bağlandı. İnanclara görə, insanlar arzularının çin olması üçün Aşura günü ələmə yaylıq, pul, başqa dəyərli əşyalar bağlayırlar. Əsrlərdir davam edən bu ənənə, əslində, bir ianəçilik dəst-xəttini formalaşdırmalıdır.

Əvvəlki on illiklərdə Aşura günü məscidlərə yığılan nəzir-niyaz, ələmə bağlanan baş örtükləri, şallar, pul əhalinin kasıb, əlsiz-ayaqsız təbəqəsinə verilirdi. Nəzərə alsaq ki, Sovet dövrü ilə müqayisədə bu gün Aşura günündə məscidlərə, ziyarətgahlara daha çox insan gedir və onların verdikləri ianənin, nəzirin də həcmi daha böyükdür, bunun müqabilində daha çox ac qarın doyurulmalı, daha çox çılpaq əyin geyindirilməlidir. Aşurada yığılan nəzir-niyazın birbaşa kasıb insanlara, yetim və əlsiz-ayaqsızlara verilməsi daha məqbul və savabdır.

Cəmiyyətdə yayılan söz-söhbətlərə görə, ölkəmizdə hər il kütlələrin iştirakı ilə keçirilən Aşura mərasimlərində nəzir kimi məscidlərə gətirilən geyimlər, baş örtükləri, qida məhsulları əlsiz-ayaqsızlara, kasıb-kusuba, yetim-yesirə çatmır, hətta onların çox hissəsi bazarlarda satılır. Cəmiyyətdə yayılan xəbərlərə görə, ehsan, nəzir şəklində verilən geyimlərin, əşyaların bazarlarda satılması halları müşahidə edilir. Halbuki, məscidlər bu geyimləri ehtiyacı olanlara verməlidirlər. Çünki dinimizin tələblərinə görə, hər bir mömin müsəlmanın əsas vəzifəsi ehtiyacı olan din qardaşlarına dayaq olmaqdır. Lakin bizdə bu tendensiya elə də geniş yayılmayıb. Aşura günü məscidlərə gətirilən ehsanların birbaşa kasıb ailələrə çatdırılması daha məqbuldur.

Onu da bildirək ki, bəzi məscidlər Aşura günü gətirilən nəzirlərin uşaq və qocalar evlərinə aparıldığını desələr də, həqiqət tamam başqa bir şeyi diqtə edir. Doğrudur, Aşura günündə qocalar və uşaq evlərinə ehsanlar gedir, lakin ora bu ehsanlar sadə vətəndaşlar tərəfindən aparılır. 

Son illər Aşura mərasimlərində məscidlərə və ziyarətgahlara gətirilən ehsanların, nəzirin, pulun sonrakı taleyi daha çox müzakirə edilir.

Hacı Təyyar Hüseynli: “Ola bilər ki, məscidlərdə bu istiqamətdə neqativ və qeyri-şəffaf işlər də baş versin

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Aşura günü də daxil olmaqla, xalqımızın bütün hüznlü günlərində cəmiyyətimiz əlindən, əməlindən qopan maddi və mənəvi dəstək göstərir. O qeyd etdi ki, hüzn məclislərində edilən yardımlaşma çox şəffafdır və bunun üçün xüsusi bir qeydiyyat dəftəri olur, kimin nə gətirdiyi ora yazılır. “Mən özüm bir ilahiyyatçı kimi bütün bölgələrdə yas məclislərində olmuşam və orada yardımlaşma çox şəffaf şəkildə həyata keçirilir. Aşura mərasimlərinə gəlincə, bura insanlar çay-qənd, şal, bir sözlə, evində məscid üçün nəzərdə tutduğu nə varsa onu gətirirlər. Yaxud da evindən məscidə müxtəlif xörəklər, bişmişlər gətirirlər. Evdən gətirdikləri bişmiş qidaları, eləcə də ət, qənd, çay və digər məhsulları məsciddəcə insanlar özləri paylayırlar. Eləcə də kim sədəqə vermək istəyirsə, məscidə gəlir. Bu gün sədəqənin də adət halına çevrilmiş bir qaraçı dilənməsi varsa, bu, məsciddə də baş verir. Yəni qaraçılar, dilənçilər Aşura  günü məscidlərə gəlib sədəqə yığırlar. Sizin toxunduğunuz məsələyə gəlincə, mən özüm 10 il İmam Əli Məscidinin axundu olmuşam. Elə adamlar vardı ki, onlar gətirdikləri nəzir-niyazın ədalətlə paylanmasını məscidlərə, burada işləyənlərə həvalə edirdilər. Mən çox ədalətli bir insanam, bu mənim həyat kredomdur. İşçilərə tapşırırdım ki, bura gətirilən nə varsa, hamısı ədalətlə bölünsün və ehtiyacı olan adamlara çatdırılsın. Həmin ehsanları, nəzir-niyazları il boyu məscidə müraciət edən, yaxud özümüzün tanıyıb bildiyimiz ehtiyacı olan insanların ünvanlarına yönəldirdik. Ola bilsin, məscidə gələn çaydan, qənddən məscid işçiləri də istifadə etsin, bu normal haldır. Lakin məscidə gələn nəzir-niyazları, şirniyyatı və s. “bu mənimdir, məscidə gəlib” deyə qamarlamaq, mənimsəmək tamamilə məntiqsizdir, yolverilməzdir. Bu tamamilə qeyri-şəffaf, Allahdan, dindən uzaq bir məsələdir. Qaldı nəzir qutularına, Aşura günü məscidlərə daha çox insan gəlir və nəzir qutusuna qulpundan çıxan pulu atır. Elə adam var 20-30 qəpik, elə adam da var ki, yüz manat atır. Həmin gün yüzlərlə insanın məscidə gəlməsi nəticəsində nəzir qutularına atılan pullar üst-üstə yığılanda çox böyük məbləğ edir. Aşura günü məscidlərin nəzir qutusuna daxil olan böyük məbləğ də məscidlərin rəhbərləri tərəfindən protokollaşdırılmalıdır. Bundan sona Aşura günündən əldə olunmuş ianə məscidin xüsusi ehtiyaclarına, xüsusən də məscidin yaşamasına, fəaliyyətini davam etdirməsinə, kommunal xərclərinə, cari təmiri ilə bağlı ehtiyaclarına, ehtiyaclı tikinti istiqamətlərinə, məscidin işçi heyətinə məsrəf olunmalıdır. Çünki bu pul məscidə gətirilib. Lakin burada məsələni şəxsiləşdirmək olmaz. Çünki o ümumxalq puludur” - deyə bildirən H.T.Hüseynlinin sözlərinə görə, məscidlərə gələn şalların, geyim əşyalarının bazarlarda satılması ilə bağlı məsələ şişirtmədir. “Bilirsiniz, məscidlərə gələn əşyaların, şalların və s. bazarlarda satılması ilə bağlı məlumatlar qəsdən, özü də şişirdilmiş şəkildə gündəmə gətirilir. Məscidə nə qədər geyim, şal gəlir ki, onu da götürüb bazarda satsınlar? Mən şalın, digər əşyaların satılmasını absurd hesab edirəm. Ola bilsin, kimlərsə bu söz-söhbəti yayır. Bilirsiniz, bu gün şəhərlərdə, rayon və kəndlərdə nəzir qutularına müəyyən qədər ictimai nəzarət də var. Yəni heç kəs açıq-açığına xalqın pulunu mənimsəyə bilməz. Məscidlərə gələn müəyyən əşyaların bazara çıxarılıb satılması ilə bağlı şayiələrin yayılmasının səbəbinə gəlincə, bu, bəzi şəxsi konfliktlərlə əlaqədar ola bilər. Elə insanlar var ki, onların hansısa məscidin imamı, axundu ilə müəyyən problemi olur və buna görə də bu cür həqiqətə uyğun olmayan söz-söhbətləri cəmiyyətə sızdırır. Məscidlərdə bu qədər özbaşınalıq baş verərsə, istənilən halda, Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə bunun qarşısını alar. Ola bilər ki, məscidlərdə bu istiqamətdə neqativ və qeyri-şəffaf işlər də baş versin. Neqativ hal da istənilən strukturda, istənilən sahədə ola bilər. Aşura mərasimləri zamanı insanlar tərəfindən İmam Hüseyn əleyhisalam, Kərbəla şəhidləri, müqəddəs dinimiz adına məscidlərə gətirilən ianələr, nəzir-niyazlar məscidlərin rəhbərləri tərəfindən ədalətlə bölünməli, ehtiyacı olanlara ünvanlanmalıdır. Bu sahədə hər hansı bir qeyri-şəffaflıq müşahidə olunarsa, əlaqədar qurumlar bunun qarşısını almalıdırlar” - müsahibimiz qeyd etdi.

İradə SARIYEVA