Qondarma “DQR”də “seçki”dən sonra həmsədrlərdən əcaib bəyanat – “əhali” nə deməkdir...

11 Sentyabr 2019 15:56 (UTC+04:00)

Üzunmüddətli missiyaları nəticəsində heç bir uğura imza ata bilməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri daha çox bəyanatlar verməklə işlərini bitmiş sayırlar. Təəssüflər olsun ki, əksər vaxtlarda həmin bəyanatlar da məsuliyyətsiz formada hazırlanır və mahiyyət etibarilə həmsədrlərin missiyası ilə üst-üstə düşmür.

Analoji məzmunlu bəyanatı həmsədrlər qondarma “DQR”də keçirilən “seçkilər”lə bağlı veriblər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar yaydıqları bəyanatda olduqca zərərli fikirlər yer alıb. Sitat: “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, ermənilərin özlərini necə idarə etmək istəyinə onlar normal yanaşırlar. Maraqlıdır ki, münaqişənin xüsusiyyətinə hamıdan yaxşı bələd olan həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində, həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, heç olmasa, bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”. Ancaq onlar bu ifadəni əhali sözü ilə əvəz ediblər. Aydındır ki, faktiki olaraq, hazırda Dağlıq Qarabağın ərazisində yaşayan əhali yalnız ermənilərdən ibarətdir. Həmsədrlərin bu bəyanatına ekspertlərin münasibəti necədir?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmsədrlər son bəyanatla yenidən öz məsuliyyətsizliklərini etiraf etmiş oldular: “Bu bəyanatla bir daha sübut etdilər ki, onlardan nəsə gözləməyin heç bir faydası yoxdur. Fakitiki olaraq, həmin həmsədrlər Ermənistanın ortaya atdığı tezisləri öz adlarından müdafiə edirlər. Ermənilər bu münaqişəni Dağlıq Qarabağ-Azərbaycan konflikti kimi təqdim etməyə çalışırlar, onlar, həmçinin, orada yalnız ermənilərdən ibarət əhalinin söz sahibi olduğunu bildirirlər. Buyurun, indi həmin tezisləri həmsədrlər yayırlar. Əslində, onlar “DQR”dəki “seçkilər”lə bağlı çox sərt mövqe ortaya qoymalıydılar. Deməliydilər ki, belə “seçkilər” danışıqlar prosesinə birmənalı mane olur. Onlar çox yumşaq şəkildə öz fikirlərini ifadə ediblər. Bəli, bəyanatda “Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirmək” kimi ifadələrin yer alması təsadüf sayıla bilməz. Faktiki olaraq, bununla Dağlıq Qarabağda yaşayan erməniləri oranın söz sahibi kimi təqdim edirlər. Bunu həmsədrlərin etməsi acınacaqlı vəziyyət yaradır. Onlar əhali deyəndə münaqişədən əvvəl orada yaşayan azərbaycanlıların və ermənilərin ümumi mövqeyindən danışa bilərlər. Hələ ki, danışıqlar prosesində həmin termin icmalar kimi ifadə edilir. Nədənsə, bəyanatda biz həmin fikrə rast gəlmədik. Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıların sayı 80 min nəfərdir. Ermənilərin sayı isə, onların öz  dediklərinə görə, 140 min nəfərdir. Beynəlxalq müşahidəçilər isə bildirirlər ki, orada 50 mindən artıq erməni yaşamır. Qarabağ əhalisinin hüququndan danışılırsa, mütləq mənada 80 minlik azərbaycanlı icmasının hüquqları kənarda qalmamalıdır. Hətta bu rəqəmi 140-80 min nisbətində götürsək belə, hüquqların tanınması birtərəfli ifadə edilə bilməz. İndi elə bu bəyanatdan sonra həmsədrlərin yaxasından yapışmaq lazımdır ki, buyursunlar, 80 minlik azərbaycanlıların da mövqeyini ifadə etsinlər. Diplomatiyamız bu amili onların qarşısında xüsusilə qabartmalıdır. Bu bir daha həmsədrlərin fəaliyyətinin mənasız olduğunu göstərir. Artıq vəziyyət o həddə çatıb ki, onlar çəkinmədən, açıq şəkildə Dağlıq Qarabağdakı erməni əhalisinin müdafiəçisi kimi mövqe ortaya qoyurlar”.

Məhəmmədəli QƏRİBLİ