Ziyalı ordusu radikal müxalifətdən niyə uzaq olmağa çalışır...

11 Sentyabr 2019 15:19 (UTC+04:00)

Ziyalı işıq deməkdir, onun ziyasından, nurundan nəsillər yetişir, xalqa, cəmiyyətə yararlı vətəndaşlar olurlar. Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər ziyalı var ki, onlar öz bilik və bacarıqları, təcrübələri, cəmiyyətə, dövlətə, dövlətçiliyə yararlılıqları ilə diqqət mərkəzindədirlər.

Cəmiyyətdə öz çəkisi, sanbalı ilə seçilən ziyalılar, sözün həqiqi mənasında, dövlətə, dövlətçiliyə bağlılıqları ilə seçilirlər. Maraqlıdır ki, ziyalı adlanan kəslər, bu mənəvi titulu daşıyanlar radikal müxalifətin yanında olmaq istəmirlər. Bəzi radikal müxalif qüvvələr dəfələrlə ziyalıların adlarından istifadə etməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Çünki ölkənin ziyalı kəsimi müxalifətlə hər hansı bir dialoqa getmək, onunla yanaşı dayanmaq istəmir. Düzdür, bir vaxtlar bəzi ziyalıların radikal müxalifət qüvvələri ilə yanaşı dayandığının şahidi olmuşuq, lakin onlar da radikalların əsl məqsədinin nə olduğunu anladıqdan sonra onlardan uzaqlaşıblar. Onu da qeyd edək ki, ümumiyyətlə, bu gün radikal müxalif qüvvələr müəyyən canfəşanlıqlar etməklə ziyalıların diqqətini çəkmək istəyirlər, ancaq onların bu cəhdləri alınmır.

Ziyalıların dəstəyini qazanmadan, ziyalılarla birgə addımlamadan radikal müxalifətin uğur qazanmaq şansı nə qədərdir?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün əsl ziyalılar radikal müxalifətin heç bir fikrini bölüşmür və onları dəstəkləmir. Ziyalı dəstəyini itirən radikal müxalifətin bu halda heç bir uğur qazanmaq şansının olmadığını deyən M.Zülfüqarlının sözlərinə görə, hətta ziyalılar radikal müxalifətçilərlə bir məclisdə, eyni tədbirdə belə görünmək istəmirlər. “Ziyalılar yüksək mədəniyyətə malik olan insanlardır. Onlar hər şeyə ideal yanaşırlar. Bu səbəbdən də aşağı səviyyəli çıxışları, irad və bəyanatları qəbul etmirlər. Ona görə də onlar müxtəlif tədbirlərdə, yığıncaqlarda belə əsassız fikirləri səsləndirən radikal müxalifət qüvvələrindən uzaq gəzirlər. Bir var ziyalı məclisi, bir də var açıq qapıdır, kim istəyir gəlir və istədiyini danışır, bu da özünə hörmət edən insanları qane etmir və onlarla eyni məclisdə olmaq istəmirlər. Ziyalıların dəstəyini qazanmayan radikal qüvvələrin gələcəkdə hər hansı bir siyasi uğur qazanması absurd görünür. Bilirsiniz, bəzən olub ki, hansısa bir tədbir keçirilib və o məclisə ziyalı dəvət edilibsə, həmin qüvvələr danışmaq üçün ziyalılara söz verməyib, yalnız özləri danışıblar. O qüvvələr hər şeyi hay-küylə etmək istəyirlər. Bilirsiniz ki, artıq XXI əsrdir, hay-küy zamanı deyil, savad, təcrübə zamanıdır. Vətənpərvərlik hissi insanın daxilindən gəlməlidir, bu, pafosla ifadə olunmamalıdır. Hay-küy edən insanların özündə isə səsləndirdikləri kriteriyaların heç biri yoxdur”.

M.Zülfüqarlı hesab edir ki, cəmiyyət inkişaf etdikcə, qaragüruha yer olmayacaq, onlar inkişaf edə bilməyəcəklər.

Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov da bildirdi ki, Azərbaycan ziyalılarının müxalifətdən uzaq durması onların uğursuzluqları ilə bağlıdır. A.X.Əbilovun sözlərinə görə, nəinki radikal müxalif qüvvələr, eləcə də biznes strukturlarının rəhbərləri də ziyalıları özlərinə cəlb edə bilmirlər. Bu gün Azərbaycan ziyalısının Prezidentin yanında olduğunu qeyd edən müsahibimizin sözlərinə görə, Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, sözün həqiqi mənasında, ziyalılara dəstək və dəyər verirlər. “Ölkə başçısı İlham Əliyev və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyeva tez-tez elm, təhsil, mədəniyyət, eləcə də digər sahələrin təmsilçiləri ilə görüşür, onlarla müzakirələr, fikir mübadilələri aparırlar. Amma radikal müxalifətin isə ziyalılardan ziyanlı məqsədlər üçün istifadə etməsi cəhdləri cəmiyyətin gözündən yayınmır. Fikir verin, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin, təhsilinin, kreativ düşüncəsinin gənc və yaşlı tanınmış nümayəndələrinin hansı radikal müxalifəti dəstəkləyir, yaxud onun yanındadır? Tanınmış ziyalıların heç biri radikal müxalifətin yanında deyil. Tək-tük ziyalılar var idi ki, radikal müxalifət onların nüfuzundan istifadə etdikdən sonra, bir növ, onları atmış oldu. Götürək elə Rüstəm İbrahimbəyov kimi görkəmli yazıçı-dramaturq, kinorejissoru, görün onun aqibəti necə oldu. Yaxud yadınızdadırsa, radikal müxalifətin “Ziyalılar forumu” adlı bir təsisatı vardı. Məhz o forumun işinə baxanda görürsən ki, Əkrəm Əylisli kimi görkəmli bir yazıçı onların təsir altında öz xalqını pisləyən əsər müəllifi kimi tarixə düşdü. Radikal müxalifətin ən böyük problemi ziyalılara qiymət verə bilməməsidir. Ziyalıların radikal müxalifətdən kənar gəzməsinin səbəbləri çoxdur, ziyalısız isə heç bir siyasi təsisat inkişaf edə bilməz” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA