Kremldə Putinin yanındakı Amerika casusu niyə geri çağırıldı... ABŞ kəşfiyyatı Trampa etibar etmir... - YENİLƏNDİ

11 Sentyabr 2019 17:23 (UTC+04:00)

CNN və “New York Times”ın yaydığı bir xəbər Vaşinqtonda şok effekti yaradıb. Xəbərlərə reaksiya verən Prezident Tramp isə Twitter-dən yenə medianı hədəf alıb.

Baki-xeber.com xəbər verir ki, Amerika mediası Rusiya hökuməti daxilində yüksək vəzifə tutan, eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) işləyən bir casusun ABŞ prezidenti Donald Trampın dövlət sirlərini ifşa edəcəyi təhlükəsi olduğu üçün geri çağırıldığını iddia edib.

CNN televiziyası və “New York Times” qəzetinin məlumatına görə, 2017-ci ildə Trampın Rusiya xarici işlər naziri Sergey Lavrovla Ağ Evdə görüşü zamanı İŞİD-ə qarşı aparılan əməliyyatlar barədə gizli məlumatlar paylaşmasından sonra, Kremldəki casusun ABŞ-a gətirilməsi barədə qərar qəbul edilib.

CNN və “New York Times”, casusun illərdir ABŞ kəşfiyyatı üçün çalışdığını, Rusiya prezidenti Vladimir Putinlə də birbaşa əlaqəsinin olduğunu iddia edirlər.

CNN, sözügedən casusun ABŞ-a gətirildiyini, ancaq yeri və şəxsiyyətinin açıqlanmadığını bildirir. “New York Times” isə bildirir ki, casus Vaşinqtonda xüsusi nəzarətdə saxlanır. Qəzetə görə, uğurlu şəkildə Rusiyadan çıxarılıb ABŞ-a aparılan casus uzun müddət Vaşinqtona gizli məlumatlar ötürüb.

CNN yazır ki Donald Trampın 2017-ci ildə Rusiya Prezidenti Putinlə təkbətək görüşü də kəşfiyyat rəsmilərini narahat edib, həssas məlumatların sızması risqinə qarşı tədbirlər görülməsi gündəmə gətirilib.

"Kəşfiyyat dairələri, Trampın Rusiya ilə məxfi məlumatları paylaşmasından narahat idilər. sözügedən casusun ölkəyə gətirilməsi ilə bağlı Tramp və bir sıra hökumət rəsmilərinə məlumat verildi" – mənbə CNN bildirib.

“New York Times” qəzeti yazır ki, MKİ rəsmiləri 2016-cı ilin sonlarında casusun təhlükəsizliyindən narahat olaraq, onun Rusiyadan çıxarılmasına qərar veriblər. Lakin sözügedən şəxs ailəsi ilə bağlı narahatlıqlarını əsas gətirərək bunu rədd edib. MKİ qərargahında bəzi əks-kəşfiyyat rəsmiləri isə informatorun etibarlılığına şübhə etməyə başlayıblar. Ancaq MKİ, bir neçə ay sonra casusu Rusiyadan çıxarmaq qərarı verib və bu dəfə müsbət cavab alıb.

“New York Times” yazdığına görə, Moskvadakı agent, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi şübhəsi ilə bağlı MKİ-nin "Rusiya Prezidenti Putin müdaxilə əmri verdi və prosesə birbaşa rəhbərlik etdiyinə" dair nəticəyə gəlməsində təsirli rol oynayıb.

Ağ Ev bu iddiaları təkzib edib. Donald Tramp isə Twitter-də xəbəri deyil birbaşa CNN-i hədəf alıb: "CNN ABŞ üçün pisdir".

Rusiyanın fəaliyyətilə tanış olan bir mənbə “Reuters” agentliyinə, Rusiya hökuməti daxilində MKİ agentinin olduğunu təsdiqləyib. Mənbə sözügedən casusun Amerikaya gətirildiyini deyib. Mənbə Trampın Lavrovla görüşündən sonra ABŞ rəsmilərinin Kremlin sözügedən agentin kimliyini müəyyənləşdirməsindən ciddi narahat olduqlarını bildirib.

Rusiyanın “Kommersant” qəzeti isə, sözügedən casusun 2017-ci ildə Monteneqroda tətildə olarkən həyat yoldaşı və üç uşağı ilə birlikdə itkin düşən və hazırda ABŞ-da yaşadığı iddia edilən Oleq Smolenkov ola biləcəyini yazıb. Qəzet 2018-ci ildə Smolenkovun aldığı deyilən ABŞ-ın Virciniya əyalətində bir evin fotosunu da yayımlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Smolenkovun həqiqətən də Prezident Administrasiyasında çalışdığını, lakin 2016, ya da 2017-ci ildə işdən qovulduğunu deyib.

Peskov Smolenkovun vəzifəsinin yüksək səviyyəli rəsmi bir vəzifə olmadığını, və Rusiya Prezidenti Vladimir Putinə də çıxışının olmadığını bildirib. Smolenkovun ABŞ-ın agenti olduğunu təsdiqləyib-təsdiqləməyəcəyinə gəlincə Peskov bunu doğrulaya bilməyəcəyini deyib: "Bunu təsdiqləyə bilmərəm. Agenti idi, yaxud deyildi, bunu bilmirəm. Yalnız işdən çıxarılan belə bir adamın Prezident Administrasiyasında çalışdığını deyə bilərəm”.

Peskov mətbuatında yayılan xəbərləri də “ucuz roman” adlandırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Smolenkov haqqında heç eşitmədiyini, onunla görüşmədiyini deyib. Lavrov Trampla görüşü zamanı, heç kimin onunla məxfi məlumat paylaşmadığını da söyləyib.

ABŞ hökumətindən olan bir mənbə də Trampın Rusiya səlahiyyətliləri ilə görüşlərində agentin mövcudluğu və ya şəxsiyyəti haqqında hər hansı bir məlumat açıqlamadığını vurğulayıb.