Bolton milli təhlükəsizlik müşaviri postundan kənarlaşdırıldı - Ağ Ev, Tramp və Boltondan fərqli açıqlamlar…

10 Sentyabr 2019 22:03 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırıb.

Baki-xeber.com xəbər verir ki, əvvəlcə Ağ Evin ABŞ dövlət katibi Mayk Pompeo, Bolton və maliyyə naziri Steven Mnuçin birgə mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Bunun ardınca ABŞ prezidenti Donal Tramp Twitter-də Boltonu vəsifədən qovduğunu bəyan edib. Bolton, bir çox təklifinə ciddi şəkildə qarşı çıxdığını və rəhbərlikdəki bir çox şəxsin də onunla həmfikir olduğunu bildirən Tramp yazıb: “Ötən gecə Con Boltonu onun Ağ Evdə işinə bundan sonra ehtiyacın olmadığı haqda məlumatlandırdım. Mən administrasiyada bir çox başqaları kimi onun bir sıra məsələlərdə təklifləri ilə qətiyyən razılaşmırdım. Buna görə də mən Condan onun istefasını istədim. Bu səhər o, istefasını mənə təqdim edib. Xidmətinə görə Cona təşəkkür edirəm”.

Sonra isə Bolton Trampa elə Twitter hesabından cavab verib. "Mən dünən axşam Prezident Trampa istefa verməyi təklif etdim və o isə mənə “sabah bu barədə danışaq” dedi" - Bolton bildirib.

Ağ Evin sonrakı açıqlamasında Boltonun gözlənilən mətbuat konfransına qatılmayacağı bildirilib.

Xarici siyasət və müdafiə məsələlərində sərt və müdaxiləçi kimi mövqeyi ilə tanınan Bolton 2018-ci ilin mart ayında ordu generalı H.R.Makmasteri vəzifəsində əvəz edərək milli təhlükəsizlik müşaviri təyin edilmişdi. O zaman Ağ Ev Tramp və Makmasterin karyerasını orduda qurmuş generalın vəzifəsindən istefa verəcəyi və təqaüdə çıxacağı haqda “qarşılıqlı şəkildə razılığa gəldiyi” haqda məlumat vermişdi.

Con Bolton bundan öncə keçmiş prezidentlər Ronald Reyqan, Corc Buş ata və Corc Buş oğulun administrasiyalarında xidmət edib. O həmçinin ABŞ-ın Ədliyyə nazirliyi və Dövlət Departamentində yüksək vəzifələr tutub.

Bolton Corc Buş oğulun administrasiyası dövründə ABŞ-ın BMT-dəki səfiri olub.