Radikal müxalifət sıralarından İlham Əliyevə dəstək nümayiş etdirənlərin sayında artım müşahidə olunur

10 Sentyabr 2019 18:35 (UTC+04:00)

Zaman-zaman radikal müxalifət düşərgəsini tərk edənlərin sayı artır. Bu da sözügedən düşərgənin sıralarının seyrəlməsi ilə müşahidə edilir. Belə ki, bu düşərgədə təmsil olunanlar açıq formada sosial şəbəkədə öz partiya sədrlərinin əleyhinə bəyanat verərək təşkilatı tərk edirlər. Tərk edəndən sonra qarşı tərəfdəki düşərgəyə keçməyi bəyan edirlər. Hakimiyyətin kursunu dəstəklədiklərini bildirir və bunu səmimi şəkildə edirlər. Bununla bağlı sərt və tutarlı arqumentlər ortaya qoyurlar.

Müşahidələr göstərir ki, son vaxtlar belə halların sayı artır. Radikal müxalifət partiyalarının sıralarında olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələri bu təşkilatlara olan inamsızlığı özündə ehtiva edir. Bu həm də ölkə vətəndaşlarının bu partiyaların cəmiyyətdə sabitliyi pozmaq istiqamətində fəaliyyətinə bir cavabıdır. Çünki Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir ölkə vətəndaşı yüksək qiymətləndirir.

Maraqlıdır, ekspertlər bu prosesin səbəbini nə ilə izah edirlər?

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu ondan qaynaqlanır ki, radikal müxalifət partiyalarının perspektivi yoxdur: “Hər keçən gün bir çoxu bunun fərqinə vardığı üçün, belə təşkilatları tərk edirlər. Adətən kimsə partiyanın üzvü olanda onun rəhbərliyinə, proqram və nizamnaməsinə inanaraq siyasi təşkilata yazılır. Reallıqda bəslədikləri ümidlər doğrulmadıqca, bu zaman oradan uzaqlaşırlar. Azərbaycanda hakimiyyətlə müxalifət arasında müqayisə aparsaq görərik ki, real iş görən hakimiyyətdir. İnsanların gözü qarşısında Prezidentin rəhbərliyi ilə ilbəil müsbət işlər görülür. Müxalif partiyaların əksəriyyəti isə ancaq demaqogiya ilə məşğuldur. Heç bir iş görmədən böhtan atmaqla, qara yaxmaqla məşğul olurlar, xüsusən də radikal müxalifət düşərgəsi. Əlbəttə, illərlə müxalif partiyaların üzvü olanlar bütün bunları görəndən sonra təşkilatı tərk etməli olurlar. Məntiqli düşünərək iqtidar partiyasına tərəf keçirlər. Ən azından, o xətti müdafiə edirlər. Xüsusən də gənc nəslin nümayəndələri ömürlərini bu partiyalarda çürütmək istəmirlər. Onlar Prezidentə daha çox rəğbət bəsləyirlər, nəinki öz liderlərinə. Görünən odur ki, bu tendensiya ildən-ilə artır. Bütün bunlar təsadüfi deyil. Azərbaycanın regionda nüfuzu ildən-ilə artır, iqtisadi artım yüksəlir. Azərbaycan regionda öz gücünü daha da gücləndirir. Əlbəttə ki, bütün bunlar reallıqdır. Bütün bunlar həm də Prezidentə olan inam və rəğbəti artırır. Radikal müxalif düşərgədə olanlar Prezident İlham Əliyevin gördüyü işləri qəbul edir və yanlış yolda olduqlarının fərqinə varırlar. Nəticədə heç kəsdən çəkinmədən müxalif partiyalardan çıxdıqlarını bəyan edirlər”.

Vidadi ORDAHALLI