Avropanın enerji bazarında Azərbaycanın mövqeləri yeni güclənmə imkanları tapır…

10 Sentyabr 2019 18:59 (UTC+04:00)

Avropanın enerji bazarında Azərbaycan mövqelərini daha güclü hala gətirərək, bu qitədə yerləşən bir sıra ölkələrin energetika üzrə təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə növbəti ciddi töhfələrini verməyə hazırlaşır. Söhbət konkret olaraq "Cənub Qaz Dəhlizi"ndən gedir. Belə ki, Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və “Transanadolu“ Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır.

O bildirib ki, dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”lə bağlı 93%, “Transadriatik“ Qaz Boru Kəmərinin (TAP) tikintisilə bağlı 88,8% irəliləyiş əldə edilib: “Cənub Qaz Dəhlizi“nin bütün seqmentlərinin maliyyələşdirilməsində Azərbaycanın payı dörddə birə qədər, yəni 10,1milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97%-i həm yerli ehtiyatlar, həm də kənardan cəlb edilmiş vəsaitlər hesabına artıq yatırılıb”. Xatırladaq ki, dörd seqmenti özündə birləşdirən və 40 milyard dollar investisiya qoyuluşu hesabına başa gələn “Cənub Qaz Dəhlizi”  “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələrindən ibarətdir. Bu layihənin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə “Cənub Qaz Dəhlizi”nə daha 3 Balkan ölkəsi, yəni Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro qoşulacaq. Buna görə də “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində mühüm əhəmiyyətə malikdir. Layihə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsinə hədəflənib. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması sayəsində Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycandan təbii qaz alacaq.

Onu da bildirək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edən və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” ilə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr qaz göndəriləcək. Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. TAP-ın hazır olması ilə “Cənub Qaz Dəhlizi” tam şəkildə fəaliyyətə başlayacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Artıq gələn ildən Azərbaycan qazının Avropaya çatdırılması proqnozlaşdırılır. TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq. Yuxarıda qeyd olunduğu kimi, onun ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Perspektivdə TAP Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Bütün bunların isə Azərbaycan üçün əhəmiyyəti olduqca mühümdür. İlk növbədə o baxımdan ki, Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bilib. Dünya da onu qəbul edir ki, belə layihələri həyata keçirən Azərbaycan Cənubi Qafqaz regionunun geosiyasi və iqtisadi konturlarının müəyyən edilməsinə birbaşa təsir edə bilir. Eləcə də bu layihələr Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıqlarının qurulmasına şərait yaradıb. Başqa bir mühüm cəhət budur ki, belə layihələr ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib. Bütün bunlar həm də onun təsdiqidir ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın mövqeyini beynəlxalq miqyasda gücləndirir. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm də iqtisadi nüfuzunu yüksəldir. Başqa bir önəmli məqam budur ki, “Cənub Qaz Dəhlizi” qarşıdakı dövr ərzində daha böyük əməkdaşlıq üçün müvafiq zəmin yaradır.

Belə ki, layihəyə əlavə iştirakçıların qoşulması üçün də müvafiq addımlar atılır. Ekspertlərə görə, ilk növbədə bu layihəyə Türkmənistan qoşula bilər. Avropa İttifaqı artıq bu məqsədlə “Transxəzər” qaz kəmərinin çəkilişinə xüsusi maraq göstərir və müvafiq danışıqlar aparır. Xatırladaq ki, planlaşdırılan sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı “Tengiz“ yatağından da bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin bir hissəsi hesab olunur. Rusiya və İran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında “Transxəzər” qaz kəmərinin inşasına qarşı çıxıb. Amma Avropa İttifaqı və digər xəzəyanı ölkələr bu iddiaları əsassız sayır. O da maraqlıdır ki, məhz belə bir vaxtda Çin “Transxəzər” in inşasında Avropa İttifaqını dəstəkləmək qərarına gəlib. Avropa və Çin şirkətlərindən ibarət konsorsium, eləcə də Çinin SINOPEC Mühəndislik Qrupu “Transxəzər”in çəkilişi üçün müvafiq işləri görməyə hazır olduqlarını bəyan edib. Konsorsium bəyan edib ki, “Transxəzər” layihəsi çərçivəsində boru kəmərinin çəkilməsi ilə yanaşı zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır. Bütün bunlar “Transxəzər”in inşasının yaxın perspektivdə baş tutmasını istisna etmir.

Nahid SALAYEV