Azərbaycanda unun tərkibi indiyədək dəmirlə niyə zənginləşdirilməyib...

10 Sentyabr 2019 17:37 (UTC+04:00)

Ölkəmizdə gündəlik istifadə etdiyimiz buğda ununun tərkibində dəmirin olmaması insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bildiyimiz kimi, indiyə qədər bir sıra mütəxəssislər unun tərkibinin zənginləşdirilməsinin vacib olduğunu vurğulayıblar.

Artıq dövlət səviyyəsində unun tərkibinin zənginləşdirilməsi qərara alınıb. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı bildirib ki, Azərbaycanda da unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək.

M.Quliyevin sözlərinə görə, anemiya və mikroelementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkəsinin probleminə çevrilib. Millət vəkili qeyd edib ki, bu məsələnin həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər: “Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir. Azərbaycanda da unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək. Payız sessiyasında Milli Məclisin Səhiyyə komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək”.

Bəs 20-30 il əvvəl unun tərkibi necə idi? O zaman unun tərkibində yetərincə dəmir var idimi? İndi unda niyə dəmir çatışmazlığı yaranıb?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, Azərbaycan əhalisi ən çox çörək istehlak edən xalqdır. O qeyd etdi ki, təbii şəraitlə və digər məsələlərlə əlaqədar olaraq əvvəlki 20-30 illə müqayisədə, ümumiyyətlə, dünyada unun tərkibində müəyyən dəyişikliklər baş verib. “Əlbəttə, qida rasionu sabit qalmır, həmişə dəyişir. Əvvəlki illərdə un bu qədər kəpəkdən ayrılmırdı. Hətta bəzən çörəyi kəpək qarışıq undan bişirirdilər. Un ağardıqca və daha yüksək sorta keçdikcə, onun tərkibindəki dəmir elementi və digər elementlər də kəpəklə və s. getməyə başladı. Bunu da qeyd etməliyik ki, dünyada ən çox çörək yeyən əhali Azərbaycan əhalisidir. Üstəlik, Azərbaycanda bu kimi dəmir və mikroelementlərin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb olub. Bugünkü gündə də Azərbaycanda çörək əhəmiyyətli məsələdir. Dəyirmanlar daha yüksək sortda dəmirsiz, mikroelementsiz un istehsal edirlər. Çünki buna bizim cəmiyyətdə tələbat var. Azərbaycanda ağ çörək yeyən insanları varlı insan hesab edirlər. Belə bir şəraitdə unun tərkibinin zənginləşdirilməsi əhəmiyyətli məsələdir. Hesab edirəm ki, bununla bağlı ayrıca qanunun hazırlanması da düzgün təşəbbüsdür” - deyə E.Hüseynov bildirdi.

Tanınmış kənd təsərrüfatı mütəxəssisi Qadir Bayramlı isə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda yalnız unun deyil, digər məhsulların da tərkibinin zənginləşdirilməsinə ehtiyac var. “Unla bərabər bir sıra məhsulların da tərkibi analiz edilərək onlar gerçək duruma gətirilməlidir. 20-30 il bundan əvvəl un Azərbaycanda ən keyfiyyətli məhsullardan biri sayılırdı. İndi isə vəziyyət başqadır. Bizim istehsalçılar istehsal etdikləri məhsulların insan sağlamlığı üçün nə qədər əhəmiyyətli olmasına fikir vermirlər. Onu da deyim ki, Azərbaycanda istehsal edilən unun xeyli hissəsi xaricdən idxal edilən buğdadan hazırlanır. Bu problemdən uzaqlaşmaq üçün mümkün qədər Azərbaycanda əkilib becərilən buğdanı un istehsalına cəlb etmək lazımdır. Ölkəmizdə təxminən üç milyon ton taxıl istehsal olunur, bunun 1.8 milyon tonu buğdadır. Təəssüf ki, biz yerli buğdanın böyük hissəsini heyvan yemi kimi istifadə edirik. Digər tərəfdən də Azərbaycana unu idxal etməmişdən əvvəl həmin unun tərkibi analiz edilməlidir. Yəni ölkəyə un, buğda gətirən şirkətlər bilməlidirlər ki, ölkəyə gətirdikləri un, buğda nə qədər yararlıdır, insan sağlamlığı üçün zərərsizdir, onun tərkibində dəmir və digər mikroelementlər varmı? Buna diqqət yetirilməlidir. Sovet dövründə buna ehtiyac yox idi. Azərbaycan keçən əsrin 60-70-ci illərində özünü taxılla təmin edirdi, həmin dövrdə bu istiqamətdə problem yaşamamışıq. Problemlər son dövlər meydana çıxıb. 20-30 il əvvəl Azərbaycanda unun tərkibi kifayət qədər zəngin idi və bizdə bu barədə problem olmayıb. Çünki Azərbaycanın yerli buğdası, o buğdadan üyüdülən un hər zaman keyfiyyətli olub. Düzdür, o dövrdə indiki kimi laboratoriyalar yox idi, amma o unun da fəsadları görünmürdü. Azərbaycanın yerli buğdası keyfiyyətli un istehsalında istifadə edilib. Son 15-20 ildir buğda, un və digər qida məhsullarını alırıq, çox zaman da bunların tərkibi yoxlanılmır”.

Q.Bayramlı hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi və digər əlaqədar qurumlar tərəfindən un və buğda məhsulları satışa buraxılmamışdan əvvəl onların tərkibi analiz edilsin. “Hesab edirəm ki, ölkəyə gətirilən un və digər qida məhsullarına nəzarət gücləndirilməlidir. Unun tərkibinin zənginləşdirilməsi ilə bağlı qanun qəbul edildikdən sonra bu məsələ də öz həllini tapacaq” - deyə o qeyd etdi.

İradə SARIYEVA