Burun əməliyyatında ölənlərin sayı artır

10 Sentyabr 2019 16:20 (UTC+04:00)

Son vaxtlar burun əməliyyatı zamanı ölüm hallarının baş verməsinə tez-tez rast gəlirik. Bir neçə gün öncə Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib. Tibb bacısı vəzifəsində çalışan, 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

Qeyd edək ki, oxşar hadisə paytaxtda bu ilin aprelində də baş verib. 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva çəpər əyriliyi üzrə üç əməliyyat keçirdikdən sonra qan itirərək 18 apreldə dünyasını dəyişib. Azərbaycanda burun əməliyyatı zamanı ölüm faktları daha öncə də dəfələrlə qeydə alınıb.

Ölkəmizdə burun əməliyyatı, rinoplastika geniş yayılıb. Son zamanlar bir neçə gənc və yeniyetmənin burun estetik əməliyyatından sonra dünyasını dəyişdiyinin şahidi olmuşuq.

Müşahidələr də onu göstərir ki, illər öncə Amerika, Avropa, İranda dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa, adiləşməyə başlayıb. Nəticədə gözəllik qurbanı olanların sayı da artmaqdadır. Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlara üz tuturdularsa, hazırda sadə insanlar da buna maraq göstərirlər. Bəzən bu əməliyyatlar üçün banklardan kredit götürüb bıçaq altına uzananlar az deyil. İnsanlar keçirəcəyi estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini, ölüm risqini bilə-bilə yenə də bu addımı atırlar. Araşdırmalara görə, ölkəmizdə burun əməliyyatının qurbanı olanlar daha çox 18-25 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.

Mövzu ilə bağlı fikir bildirən həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, istənilən şəxs evdə və yaxud xəstəxanada dünyasını dəyişirsə, mütləq bu, məhkəmə tibbi ekspertizanın subyekti olmalıdır: “Bu o deməkdir ki, ölümün səbəbi araşdırılmalı, diaqnoz qoyulmalı, sonra rəy verilməlidir. Onu da deyim ki, dünya ölkələrində şəxs estetik əməliyyata girməzdən əvvəl psixoloq və hüquqşünasla danışılır, ümumi müqavilə imzalanır, daha sonra estetik əməliyyat aparılır. Çünki müraciət edənlər xəstə sayılmır, onlar xüsusi statuslu pasientlərdir. Yəni bu pasientlər əməliyyata girməsələr də, sağlamlığı təhlükə altında olmur. Yaxşı olar ki, ölkəmizdə də estetik əməliyyata girməzdən əvvəl mütləq psixoloqla məsləhətləşmə aparılsın. Burun formasını dəyişdirmək istəyən şəxsi psixoloq bu istəyindən daşındıra bilər.

Bəzən burun çəpəri əyriliyi, bu zaman tənəffüs almaq çətinləşir və yaxud doğuşdan sonra bəzi qadınların qarın nahiyələrində estetik deformasiya olur ki, bu zaman korreksiyaya ehtiyac var, bunlar psixoloji gərginlik gətirir və sairə. Xarici ölkələrdə bu məsələni psixoloq həll edir. Amma təəssüf ki, Azərbaycanda pasient birbaşa estetik cərrah ilə təmasda olur, əməliyyata girir və bəzən bu, xoşagəlməz halla, ölümlə nəticələnir. Bu məsələ xarici ölkələrdə olduğu kimi tənzimlənmədiyindən, hələ də bu sahədə problem yaşayırıq".

Ekspertin sözlərinə görə, burun əməliyyatlarının bəzilərinin ölümlə nəticələnməsi həkim səhlənkarlığı səbəbindən baş verir: “Çəpər əyriliyi əməliyyatı zamanı baş verən ölüm halları isə burunda əyriliyin kəskin olması və sümüyün çıxarılması zamanı arteriyaların zədələnməsi nəticəsində baş verən qanaxmalar səbəbindən olur. Çəpər əyriliyi ilə bağlı edilən əməliyyatlarda ölüm hallarının olma ehtimalı çoxdur. Bu əməliyyat zamanı xəstə əksər hallarda qanaxmadan ölür. Plastik burun əməliyyatlarında isə çox az hallarda ölüm faktı baş verir. Bunun səbəbi də, qeyd etdiyim kimi, həkim səhlənkarlığı olur. Bəzi həkimlər hətta çəpər əyriliyi zamanı xəstəni plastik əməliyyat olmağa meylləndirir. Onlar xəstələrə lazım olan diqqəti göstərmirlər. Plastik burun əməliyyatları normalda 4 saat çəkməlidir. Lakin bizim həkimlər eyni gündə bir neçə əməliyyata daxil olurlar və 2 saata işlərini tamamlayırlar. Bəziləri özlərini peşəkar hesab edərək bu addımı atırlar, bəziləri də çox pul qazanmaq üçün. Normalda həkim bir həftədə ən çoxu 4 burun əməliyyatı icra etməlidir. Bu, hobbi deyil, insan həyatıdır”.

Günel CƏLİLOVA