“Bizi yaxından tanısalar, Əli Kərimlinin yanından bizim təşkilata gələcəklər”... - MÜSAHİBƏ

10 Sentyabr 2019 16:44 (UTC+04:00)

“Milli Fədailər”in rəhbəri: “Abdulla Çatlının məzarını ziyarət edib, mesajımızı verəcəyik”
“10 milyonluq xalqın içərisindən 100 nəfər həqiqi fədai seçə bilsək, bizə bəsdir”

 

Azərbaycanda onu çox adam tanımırdı. Bir neçə gün əvvəl adı böyük siyası qalmaqalda hallanana kimi. Birdən-birə sosial şəbəkələri onun şəkilləri bürüdü. Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin bütün arsenalı onun üzərinə hücuma keçdi. Hətta partiya sədrinin özü onun barəsində xüsusi status paylaşdı.

Məlum oldu ki, iki gənc arasında düşən virtual mübahisə vəziyyəti gərginləşdirib. Çünki tərəflərdən biri AXCP üzvü olub və bizim barəsində danışacağımız şəxs onu “razborkaya” çağırıb. Sonra AXCP üzvü olmayan qarşı tərəfin silahlı fotoları yayıldı, hətta onu silahlı dəstənin başçısı olan kriminal element kimi təqdim etdilər. Bir partiyanın siyasi arsenalı ilə sona qədər mübarizə aparan, mövqeyində stabil qalan bu gənc bizim diqqətimizi də həmin proseslərdən cəlb etdi. Qərara aldıq ki, onunla yaxından tanış olub, müsahibə götürək. “Facebook” üzərində bu niyyətimizi ona bildirdik, çox müsbət yanaşdı. Vədələşdiyimiz vaxt görüşdük. Yanında təşkilatın üzvü olan əlavə iki  nəfər də vardı. Hamısı da idmançı görkəmində. Beləliklə, müsahibimiz özünü “Milli Fədailər” təşkilatının rəhbəri kimi təqdim edən Fuad Muradovdur.

- Fuad, salam, elə bildik bizi silahla qarşılayacaqsan (hamı gülür - M.Q.)…

- Çox təəssüf edirəm ki, tanımadan, bilmədən bizim barəmizdə o fikir formalaşdırılıb. Bunu da edən bir çevrənin adamları olub. Onların fəaliyyəti belədir ki, kim onlarla eyni cür düşünmürsə, deməli, düşməndir. Elə mənə də düşmən kimi yanaşdılar. Amma mən onları özümə düşmən saymıram. Bilirəm ki, AXCP-də kifayət qədər milli düşüncəli gənclərimiz var. Əminəm ki, onlar  bizi yaxından tanısalar, hamısı Əli Kərimlinin yanından bizim təşkilata gələcəklər.

- Təşkilatınızın adı nədir və hansı amala xidmət edir?

- “Milli Fədailər” adlı bu hərəkatı biz keçən ildən təsis etmişik. Qurucusu da özüməm. Bizim məqsədimiz və amalımız canından keçməyə hazır olan, milli məfkurəyə sahib gənclərimizi ətrafımıza toplamaqdır. Əsas hədəflərimiz Azərbaycan dövlətinin müstəqilliyini göz bəbəyi kimi qorumaqdır. Lazım gəlsə, bundan yana göz qırpmadan canından keçməyə hazır olmaqdır. Ən başlıca məqsədlərimizdən biri də ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində dövlətimizə əlimizdən gələn faydanı verməkdir. Ancaq təəssüf edirəm ki, siyasətdən gedə-get vaxtında Əli Kərimli ünvanımıza böhtan atdı, bizi iqtidara bağlamaq istədi.

- Axı niyə AXCP-nin hədəfinə məhz siz tuş gəldiniz?

- Adını çəkmək istəmədiyim bir müxalifətçi gənc mənim statusumun aşağısında lazımsız, etikadan kənar bir şərh yazmışdı. Ona zəng vurdum, dedim ki, gəlsin görüşək, həmin məsələni ikilikdə aydınlaşdıraq. O bundan qaçdı, gedib bu səs-küyü salıb, sonra barəmizdə əsassız şikayətlər etdi.

- Bəlkə əlinizdəki silahdan qorxublar?

- Bilirsiniz, bu gün biz müharibə şəraitində yaşayırıq. Ərazimizin bir hissəsini müvəqqəti olaraq ermənilər işğal edib. Axı niyə Azərbaycan gəncini biz silahdan qorxutmalıyıq? Bizim əlimizdə silah hər zaman ola bilər və olacaq da. Amma qoy bilsinlər ki, biz həmin silahları heç vaxt öz millətimizə çəkmərik. Onu işlədəcəyimiz bir ünvan var, o da ermənilərdir. Əli Kərimliyə bizim kimi gənclər sərf etmir. Ona zombilər lazımdır ki, virtual aləmdə troll kimi istifadə etsin.

- Gəl, əldə silah məsələsinə aydınlıq gətirək. Biz hüquqi dövlətdə yaşayırıq. Kim nə vaxt istədi əlinə silah ala bilməz axı. Müharibənin aparılması da sistemli şəkildə olmalıdır. Razısınız?

- Əli Kərimli və ətrafının yaydığı fotolar indinin deyil. Silahla olduğumun əks edildiyi həmin foto ilə bağlı hüquq-mühafizə orqanlarına geniş izahat vermişəm. Mənim yeznəm Qasımov Novruzun tabel silahı olub. Mən həmin fotonu da onun xidməti otağında çəkdirmişəm. Tez-tez yeznəmi ziyarətə gedirdim. Bu olub 2008-ci ildə. Həmin hadisəyə görə yeznəm DİN orqanlarından xaric edilib. Yəni həmin fotodan mənə qarşı istifadə olunması siyasi şüvənlikdən başqa nəsə deyil. Onlar fotodan istifadə edib, bizi guya hakimiyyətin müxalifətin üzərinə göndərdiyi silahlı dəstə kimi qələmə verirdilər.

- Hakimiyyətlə heç bir bağlılığınız yoxdur?

- Hadisələrin ən qızğın vaxtında dövlət adından bu barədə bəyanat verildi və məsələyə tam aydınlıq gətirildi. Bizim hakimiyyətlə necə yaxınlığımız ola bilər ki, hələ təşkilatımız dövlət qeydiyyatına alınmayıb?

- Ali təhsiliniz varmı?

- Mən 1989-cu ildən Bakı şəhərində yaşayıram. Atam müharibədə olduğu üçün, biz o vaxt Bakıya köçdük, həmin vaxtdan da burada yaşayıram. Orta məktəbi Bakıda bitirmişəm.171 saylı  orta məktəbin məzunu omuşam. Ali təhsilimi isə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində almışam. Peşəkar idmanla məşğul olmuşam. Sambo üzrə ciddi nailiyyətlərim olub. Həqiqi hərbi xidmətdə olmuşam. Ön cəbhədə qulluq etmişəm.

- Sizin məsələ gündəmə gələndən sonra məlum oldu ki, atanız da tanınmış adamdır. Deyilənə görə, “Qazaxlı Alik”in oğlusunuz. Bu doğrudurmu?

- Bəli, elədir.

- Atanız bu işlərə nə dedi?

- Atam daim dövlətçilik mövqeyində dayanıb. Onun heç vaxt siyasi ambisiyası olmayıb. Bütün hakimiyyətlərin dönəmində dövlətin yanında olub. Yəqin bilirsiniz ki, atam Qarabağ müharibəsində rəşadətlə vuruşub.

- Sizin paylaşımlarınızdan belə görünür ki, milliyyətçi ideologiyanı əsas götürürsünüz. Yanılmıram ki?

- Tamamilə doğrudur. Ancaq bir az fərqli yanaşmamız var. Biz milliyyətçiliyə əvvəlcə Azərbaycan coğrafiyası prizmasından yanaşırıq. Yəni bizim üçün birinci olan azərbaycançılıqdır.  Biz milliyyətçilər içində milliyyətçiyik.

- Təşkilatınıza üzvlük hansı əsaslarla aparılır, nə qədər üzvünüz var?

- Bizim təşkilata üzv olmaq üçün, ilk növbədə, Vətənini və millətini qarşılıqsız sevməlisən. Biz kiməsə maddi qazanc, vəzifə, perspektiv vəd etmirik. Özümüzü Vətənin, dövlətin, millətin əsgəri sayırıq. Bu dəyərlərə qulluq edən təmənnasız əsgəri. Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. 10 milyonluq xalqın içərisindən 100 nəfər həqiqi fədai seçə bilsək, bizə bəsdir. Biz bu dövləti öz anamız kimi sevirik. Ana qocalanda övladına sevgi göstərə bilmir. Onun nəfəsi belə övlada bəs edir.

- Yaxanızda nişan var, yəqin təşkilatınızındır. Tarixdə olmuş “Difai” hərəkatının simvolikasına oxşayır. Oxşarlığınız varmı?

- Həmin təşkilatın yaradıcısı Əhməd bəy Ağaoğlunun yolu hamıya bəllidir. “Difahi” zamanında ilk silahlı partiya kimi qeydə alınmışdı. Bəzi insanlar onu yanlış olaraq terror təşkilatı kimi qəbul edir. Amma belə deyil. “Difai” antiterror məqsədilə yaradılan bir siyasi təsisat olub. Biz də çalışırıq ki, həmin təşkilatı müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirib, gələcək nəsillərimizə ötürə bilək.

- Biz belə başa düşdük ki, siz daxili siyasi ambisiyalardan uzaq olan bir təşkilatsınız. Hədəfləriniz daha uzaq strategiya üçün hesablanıb. Son hadisələr bir gənc olaraq sizi həvəsdən salmadı ki?

- Bir daha deyirəm, bizim siyasi ambisiyamız yoxdur. Siyasi ambisiyası olan qurumlar bizim  yolumuzu gedə bilməzlər. Biz bu dövlət və torpağa olan təmənnasız sevgimizi heç bir vəzifəyə, kresloya dəyişə bilmərik.

- Anons veribsiniz ki, yaxın günlərdə Türkiyəyə gedirsiniz və orada Abdulla Çatlının məzarını ziyarət edəcəksiniz. Niyə məhz onun, bununla hansı mesajı vermək istəyirsiniz?

- Abdulla Çatlı cinayətkar olsa da, dövlətin ən təmiz fədailərindən olub. Biz onun məzarı  üzərində erməni düşmənlərimizə müəyyən mesajlarımızı verəcəyik. Bu gün terror dövləti olan Ermənistan bilməlidir ki, qanuni, hüquqi müstəvidə problemləri yoluna qoyub, işğaldan əl çəkməsə, onunla hər bir dildə danışağa qadirik.

- Biz burda olan müddətdə sizə Fransada mühacir kimi yaşayan Məhəmməd Mirzəlidən zəng, sonra ismarıc gəldi. Nə istəyirdi?

Ardı var…

Məhəmmədəli QƏRİBLİ