Tək bu ilin 7 ayında Ermənistanda işsizlərin sayı azı 16 min nəfər artıb – 253 min...

10 Sentyabr 2019 15:36 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın bir sıra məsələlər barədə verdiyi vədlər özünü doğrultmadığı kimi, ölkədə işsizliyin azaldılması ilə bağlı irəli sürdüyü layihələr də reallıqla uzlaşmadı. Bunu ölkənin rəsmi statistik rəqəmləri də təsdiqləyir.

Erməni mətbuatının yazdığına görə, bu ölkədə işsizlərin sayı artıb. Ermənistan Statistika Komitəsinin hesabatında bildirilib ki, bu il ərzində Ermənistanda 253 600 işsiz qeydiyyata alınıb, ötən il isə bu rəqəm 237 600 nəfərə bərabər olub. Rəsmi rəqəmlərdən belə aydın olur ki, tək bu il ərzində ölkədə işsizlərin sayı 16 min 600 nəfər artıb. Bundan başqa, hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir. O da məlum olub ki, işğalçı ölkədə işaxtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Ancaq Ermənistandakı müstəqil ekspertlər hesab edirlər ki, əslində, ölkədəki işsizlərin sayı göstərilən rəsmi rəqəmlərdən daha böyükdür. Görünən odur ki, ötən 1 il 5 ay ərzində Paşinyan işsizliyin azaldılması ilə bağlı heç bir nailiyyət əldə edə bilməyib. Bu onu göstərir ki, Ermənistana investisiya gəlmir, daxilindəki kapital ölkədən axıb gedir, iş adamları yeni iş yerləri açmırlar. Belə olan təqdirdə, Ermənistanda iki prosesin hökm sürməsi labüddür. Ölkədə işsizlərin və ölkədən çıxıb gedənlərin sayı artır. Faktiki olaraq, Ermənistanda hər iki proses müşahidə olunur.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanda real sektorun inkişafı yerində saydığı üçün, işsizlərin sayı durmadan artır: “Bütün bunlar onu göstərir ki, Paşinyan ötən dövr ərzində erməni xalqının vəziyyətini yaxşılaşdırmaq, sosial-iqtisadi irəliləyişə nail olmaq, ölkəyə investisiya cəlb etmək istiqamətində heç bir uğur əldə edə bilməyib. Paşinyan, sadəcə, Statistika Komitəsi vasitəsilə bəzi rəqəmləri manipulyasiya edir. Bəzi rəqəmləri elə təqdim edirlər ki, sanki ölkədə ciddi iqtisadi artım qeydə alınıb. Məsələn, bəyan edirlər ki, Ermənistanın şokolad ixracı 40 faiz artıb. Şokoladdan nə qədər gəlir əldə etmək olar ki, onu belə təqdim edirlər? Bax, belə gülməli məqamlar var. Bu minvalla, əhalini bəzən çaşdıra bilirlər, amma xariciləri çaşdıra bilmirlər. Ona görə ki, xarici investorlar, maliyyə qurumları Ermənistanda iqtisadi cəlbediciliyin çox aşağı olduğunun fərqindədirlər. O üzdən, bu ölkəni geniş tədqiq etməyə ehtiyac yoxdur. Çünki Ermənistanda hər şey bəllidir. Ona görə də Paşinyan manipulyasiya ilə məşğuldur. Ermənistan iqtisadiyyatına sərmayə qoyulsaydı, o zaman yeni iş yerləri açılardı və ən azından, işsizlərin sayı əvvəlki ildən çox olmazdı. Ermənistanın bununla bağlı daxili imkanları məhduddur. Ümid qalır xarici sərmayəyə, xarici investorlar da ölkəyə kapital qoymaqda maraqlı deyillər. Çünki ölkədə əlverişli investisiya mühiti yoxdur”.

Vidadi ORDAHALLI