Türkiyənin nüvə silahı perspektivi - Qafqazda güc amilinin radikal şəkildə dəyişməsi…

9 Sentyabr 2019 17:56 (UTC+04:00)

Geosiyasi müstəvidə mövqelərini getdikcə gücləndirən qardaş Türkiyənin hərb sahəsində atmağa hazırlaşdığı yeni addımlar böyük bir coğrafi məkanda qüvvələr balansına da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Söhbət Türikyənin nüvə dövlətinə çevrilə bilmə ehtimalından gedir. Belə görünür ki, Qərb dünyası, xüsusən də ABŞ, eləcə də İsraillə artan ziddiyyətlər, Aralıq dənizində Ankaraya qarşı təxribatçı addımlar Türkiyəni indi daha radikal addımlar atmağa vadar edir.

Eyni zamanda İran amili də burada az rol oynamır. Ehtimal edilir ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İran artıq nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahına can atması isə Türkiyəni də bu yöndə düşünməyə vadar edib. İsrailin də nüvə silaşına malik olması və Ankara ilə Təl-Əviv arasında gərgin münasibətlər də artıq Türkiyənin məsələyə fərqli prizmadan yanaşmasüı ilə müşayiət edilməkdədir. Məhz belə bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə nüvə silahı haqda açıqlaması artıq dünya gündəmini zəbt edib. Onun “Bizim nüvə silahımız niyə olmasın” deməsi artıq geniş müzakirə predmetidir. Ekspertlər bütün bunları heç də təsadüfi saymır. Əvvəla, Türkiyənin olduğu regionda təhlükəsizlik risqləri çox ciddi şəkildə artır. Bu risqləri artıran məqamlardan biri də regionda nüvə silahı ilə bağlı fəaliyyətlərin genişlənməsidir. İkincisi, Türkiyədə nüvə araşdırmalarının ciddi şəkil alması, atom elektrik stansiyasının yaradılması da məsələyə təkan verən faktordur. Türkiyənin nüvə tədqiqatlarına marağı özünü Rusiya ilə nüvə əməkdaşlığında da göstərir. “Akkuyu” AES bunun real nümunələrindən biridir. Yəni Türkiyə ilə Rusiya arasında AES-lə bağlı əməkdaşlıq var. “Akkuyu” konteksində türkiyəli mütəxəssislər nüvə elmini və nüvə araşdırmalarını daha yaxından öyrənmək üçün Rusiyaya göndərilib. Başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Türkiyə, sadəcə, “Akkuyu” ilə kifayətlənməyərək, gələcəkdə iki yeni AES yaratmağı planlaşdırır. Belə vəziyyətdə ehtimal edilir ki, Türkiyə Rusiya ilə daha da yaxınlaşacaq və bu, həm də ehtiyac olarsa, Türkiyəyə nüvə stlahı əldə etmək imkanı verəcək. Türkiyənin “Milliyet” qəzeti yazır: “Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Sivasda Mərkəzi Anadolu iqtisadi forumundakı sürəkli çıxışında son dərəcə önəmli bir açıqlama verərək deyib ki, onun fikrincə, Türkiyə nüvə silahına yiyələnməlidir və bu yöndə bəzi işlərin başlandığını da söyləyib. Bu, prezidentin və ya hər hansı yüksəkməqamlı rəsminin ağzından bu mövzuda açıq səslənən ilk bəyanatdır. 

Türkiyənin nüvə silahına yiyələnmək niyyəti haqda Sivasdan gələn bu xəbər dünya KİV-ndə böyük maraq doğurub. Prezident Türkiyənin müdafiə bacarığını möhkəmlətmək üzrə müxtəlif uğurlu işlərdən danışarkən inkişaf etmiş bütün ölkələrin nüvə silahına yiyələndiyini bildirərək, Türkiyənin oxşar imkandan məhrum olduğu durumu qəbuledilməz adlandırıb, habelə yada salıb ki, bölgədə İsrailin belə bir potensialı var. Prezidentin bu bəyanatı göstərir ki, artıq Türkiyənin gündəliyində hədəf durur – nüvə silahlı ölkələr sırasına daxil olmaq. ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya belə ölkələrə aiddir. İran da bu yolla getmək istəyir, amma bəlli mübahisələr üzündən əngəllərlə üzləşir.

Bundan savayı, bu, Türkiyənin hədəfini açır – hərbi sahədə də dünya dövləti olmaq. Amma buna nail olmaq üçün hansı strategiyanın tətbiq ediləcəyi, qeyd edildiyi kimi, artıq başlanmış ilk işlərin hansı mərhələdə olduğu və Türkiyənin buna görə hansı ölkələrlə təmasa girdiyi hələlik məlum deyil. Yəqin ki, bu önəmli ayrıntılar zaman keçdikcə aydınlaşar. Ərdoğanın öz çıxışında bəhs etdiyi amillər Türkiyənin “nüvə klubu”na qoşulmaq istəyini tələsdirir. Bu istək təkcə “Başqalarında varsa, bizdə niyə olmamalıdır” arqumenti ilə şərtlənməyib. Ankara güclü, bütün sahələrdə səs hüququ olan bölgəsəl və dünya dövləti olmaq istəyir. Türkiyə belə bir gücə söykənmək və balans siyasətini rəhbər tutmaqla öz fəaliyyətində daha müstəqil olmağa ümid edir. Heç şübhəsiz, nüvə silahına yiyələnən Türkiyə bu kontekstdə müəyyən üstünlüklərə malik olacaq. Amma nüvə başlıqlarını düzəltmək, məsələn, hansısa ölkədən konvensional silah almaq kimi elə də asan deyil. Nüvə başlıqları (ya da, sadə deyilsə, atom bombaları ) başqasından alınmır, belə, ya elə, ölkənin öz potensialı əsasında istehsal olunur.

Türkiyə nüvə silahı düzəltmək üçün texnologiyaya, infrastruktura və istehsal üçün hazırlıqlı kadrlara yiyələnməli olacaq. Əlbəttə, bunların hamısı əldə ediləndir, amma buna zaman gərəkdir. Siyasi baxımdan bəzi çətinliklər meydana çıxa bilər. Türkiyə 1980-ci ildə nüvə silahının yayılmaması haqda beynəlxalq müqaviləyə qoşulub, yəni “müqavilələrə əməl olunmalıdır” prinsipi çərçivəsində öhdəlik daşıyır. Bəzi ölkələr bununla bağlı Ankaraya qarşı sadəcə çıxış etməz, həm də xarici siyasətdə yeni ciddi problemlər yarada bilər. Şübhəsiz, Türkiyədə bu mövzu da ən yaxın günlərdə ayrıntılı müzakirə olunacaq. “Nüvə Türkiyəsi” layihəsi artıq gündəlikdədir”. Ekspertlər hesab edir ki, Ankara bu məsələdə istəklərinə nail olsa, bu, Türkiyənin dünya miqyasında mövqeyini gücləndirəcək. Azərbaycanın bu prosesdə Türkiyənin yanında olacağı şübhə doğurmur. Çünki belə vəziyyətdə Türkiyə Qafqazda da böyük nüfuz sahibinə çevrilə bilər və hadisələrin bu səpkidə inkiaşfı da ölkəmizin marağındadır. Hər halda, qarşıdakı dövr ərzində qeyd olunan xüsusda proseslərin daha maraqlı müstəvidə cərəyan edəcəyi gözlənir. Baş verənləri region ölkələri, o cümlədən Azərbaycan da yaxından izləyir.

Nahid SALAYEV