İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan yeni məskunlaşdırma planına başlayır...

9 Sentyabr 2019 17:30 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü ərəfəsində İrəvan növbəti destruktiv addım atıb. Belə ki, erməni mətbuatının yazdığına görə, işğalçı tərəf Qarabağın Arazboyu ərazilərində yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında kütləvi köçürmə prosesinə başlayır. Bunun üçün Arazboyu kəndlərin münbit, əkinə yararlı torpaqlarında iri təsərrüfatların yaradılması planlaşdırılır.

2018-ci ildə yaradılan "Zona Araz” şirkətinin direktoru Qriqori Səfəryan bölgədə 3 min hektar sahədə meyvə bağlarının salındığını deyib. Onun sözlərinə görə, bununla bağlı bir sıra işlər görülüb: “170 hektar ərazi suvarma sistemi ilə təmin olunub. Hazırda 56 hektarda üzüm, 25 hektarda nar, 15 hektarda alma bağları salınıb. Eyni zamanda, heyva, ananas, şaftalı və s. bağlar da salınıb”.

Yerli qondarma administrasiyanın üzvü Kamo Petrosyan bölgədə işçi qüvvəsi ilə bağlı problemlərdən şikayətlənib. Onun fikrincə, bununla bağlı yetərli işçi qüvvəsi yoxdur: "Burada torpaq sahələri çoxdur. Məhsul əldə etmək üçün işçi qüvvəsinə ehtiyacımız var. Amma dövlət dəstəyi aldığımız üçün yeni işçilərin gələcəyinə inamım var”.

Göründüyü kimi, Ermənistan həyasızcasına işğal olunmuş ərazilərdə süni məskunlaşdırma siyasəti aparır. Bu işin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan ətraf rayonlarda həyata keçirilməsi işğalçı tərəfin sülh danışıqlarında heç bir kompromisə getməyəcəyindən xəbər verir. O baxımdan ekspertlər Ermənistanın işğal olunmuş ərazilərdə yeni məskunlaşdırma planını həyata keçirməsinə necə yanaşırlar?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində fasilələrlə qanunsuz olaraq məskunlaşma siyasəti aparır. Arazboyu ərazilər əsasən əkinçilik üçün münbit olduğundan, işğalçı tərəf həmin torpaqları kənd təsərrüfatı məqsədilə istifadə edir. Təbii ki, bu yöndə aparılan qanunsuz fəaliyyət həm Qarabağ danışıqlarına inamı heçə endirir, həm də danışıqların davamlı olmasının qarşısını alır. Hesab edirəm ki, xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində belə bir məskunlaşma siyasətini aparmaq danışıqların imitasiyasına səbəb olur. Ümumiyyətlə, münaqişə üzrə danışıqlar aparılırsa, tərəflər vəziyyəti gərginləşdirən proseslərdən yayınmalıdır. Ermənistan tərəfi isə bu kimi, danışıqları sabotaj etməklə məşğul olur. Ona görə də nazirlərin gözlənilən görüşündə bu məsələ qaldırılmalı və Azərbaycan preventiv addımlar atmalıdır. Qeyd edim ki, Ermənistan onsuz da danışaqlarada geri çəkilən deyil. O üzdən, yalnız güc tətbiq etməklə Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısını almaq olar. Hazırda erməni tərəfi daha radikal addımlar atır və işğal olunmuş ərazilərdə infrastruktur layihələrini həyata keçirir. Bu baxımdan bizim əsas missiyamız belə avantüranın qarşısını almaqdan ibarət olmalıdır. Yoxsa, ermənilər bütün danışıqlara rəğmən, öz çirkin niyyətlərini davam etdirəcəklər. Azərbaycanın artıq mövqeyi Qərb tərəfindən müəyyən mənada dəstəklənir. Belə olan təqdirdə bizim hüququmuz var ki, bu cür təxribatların qarşısını alaq”.

Vidadi ORDAHALLI