Xınalığın turizm mərkəzinə çevrilməsi layihəsi yaxınlarda təsdiqlənə bilər

9 Sentyabr 2019 17:21 (UTC+04:00)

Xəbər verildiyi kimi, Xınalığın yeni konservasiya və inkişaf konsepsiyası hazırlanır. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev media nümayəndələrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, sözügedən konsepsiya yaxın müddətdə ölkə rəhbərliyinə təqdim olunacaq: "Xınalığı qarşıda böyük yeniliklər gözləyir".

Məlumdur ki, turistlər daha çox getdikləri ölkənin qədim yaşayış məskənləri, tarixi abidələri, arxeoloji qazıntıları, əsasən də təbiəti ilə maraqlanırlar. Belə yerlərdən biri də Xınalıqdır. Xınalığın turizm mərkəzinə çevrilməsi üçün konsepsiyanın hazırlanması həmin ərazinin turizm baxımından inkişaf etməsinə səbəb olacaq.

Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, unikal təbiətə malik olan bölgələr turistlərin diqqətini cəlb edir. Həmin ərazilər Xınalıq, Lahıc, İlisu və digərləridir: “Xınalığın turizm baxımından inkişaf etməsi baxımından ucqar dağ mərkəzləri üçün uyğun layihələr məqsədəuyğundur. Hesab edirəm ki, hər bir dağ kəndinin turistik baxımından inkişaf etməsi üçün xırda detallara xüsusi diqqət yetirilməlidir. Dağ kəndlərinin təbii resurs potensialı və əmək vərdişləri araşdırılmalıdır. Bununla yanaşı, müasir infrastrukturun təminat səviyyəsi nəzərə alınmalıdır ki, rəqabət üstünlükləri aydın olsun. Dağ kəndlərinin, xüsusilə də Xınalığın turistik baxımdan inkişaf etməsi üçün konsepsiyanın hazırlanması məqsədəuyğundur. Həmin konsepsiyada Xınalığa gedən yolun turistlər üçün rahat olması məqamları da yer almalıdır”.

Ekspert hesab edir ki, Xınalıq üçün inkişaf konsepsiyasının hazırlanmasının Azərbaycan turizminin inkişaf etməsində güclü rolu olar.

Günel CƏLİLOVA