Azərbaycanda unun zənginləşdirilməsi haqqında qanunun qəbuluna hazırlıq gedir

9 Sentyabr 2019 12:14 (UTC+04:00)

Milli Məclisin deputatı Musa Quliyev ümid edir ki, il ərzində unun zənginləşdirilməsi haqqında qanun layihəsi qəbul olunacaq.

“Cari ilin payızında qanun layihəsi Səhiyyə Komitəsinin müzakirəsinə çıxarılacaq. Ümid edirəm ki, ilin sonunadək bu istiqamətdə konkret nəticələr əldə edəcəyik və il ərzində qanun qəbul edəcəyik”, - Quliyev bazar ertəsi “Unun səmərəli zənginləşdirilməsi üzrə potensialın artırılması” regional seminarda çıxışı zamanı bildirib.

Öz növbəsində, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə bildirib ki, unun zənginləşdirilməsi məsələsi aktualdır, çünki uşaq və qadınlar arasında dəmir çatışmazlığı ilə bağlı statistik göstəricilər yüksəkdir.

“Bu, çox aktual məsələdir. Azərbaycanda 5 yaşadək uşaqların 15%-i dəmir çatışmazlığı, həmin kateqoriyadan uşaqların 20%-i isə - anemiyadan əziyyət çəkir. Təəssüflə qeyd etməliyəm ki, qadınlarda dəmir çatışmazlığı göstəricisi 34%-dən çoxdur. Həmçinin, qadınların 38%-i anemiyadan əziyyət çəkir. Qeyd etmək lazımdır ki, hamilə qadınların 40%-i də anemiyadan əziyyət çəkir. Qeyd olunan problemlər yeni doğulan körpələrdə fiziki və əqli inkişafda qüsurlarla nəticələnə bilər”, - o vurğulayıb.

Bununla əlaqədar, Təhməzlinin fikrincə, qidanın, xüsusilə unun zənginləşdirilməsi qida təhlükəsizliyi nöqteyi-nəzərindən aktual məsələdir.