Gürcüstanda yeni hökumət təsdiqləndi, "Ayıbdır"çılar qoyun sürüsü ilə etiraza qalxdı, deputat etirazçıları söydü... - VIDEO

9 Sentyabr 2019 10:09 (UTC+04:00)

Georgi Qaxariyanın başçılıq edəcəyi Gürcüstanın yeni hökuməti dünən parlamentdə 150 millət vəkilindən 98-nin səsini alaraq təsdiq edilib. Baki-xeber.com Sputnik Gürcüstan-a istinadən xəbər verir ki, yeni hökumətin təsdiqlənməsi parlament önündəki etiraz aksiyaları fonunda keçib.

"Ayıbdır" ictimai hərəkatı dünən səhər parlamentin önünə yığışıb Qaxariyanın Baş nazir seçilməsi əleyhinə mitinq keçirib. Aksiya iştirakçıları hətta mitinqə bir sürü qoyun da gətiriblər.

Bu zaman müxalif "Gürcüstan Vətənpərvərləri Alyansı" partiyasından olan deputat Emzar Kvitsiani parlament binasından çıxarkən insident baş verib. Çoxsaylı jurnalist və operatorların əhatəsində deputat mitinq edənləri təhqir edib, ana söyüşü söyüb. Etirazçılar Kvitsianini fitə basıblar, o isə əlbəyaxa davaya keçməyə cəhd edib. Polis bunun qarşısını almağa çalışanda deputat polisə qışqıraraq onu saxlamamağı tələb edib.

Bundan sonra "Gürcüstan vətənpərvərlər alyansı" partiyasının tərəfdarları parlamentin qarşısına toplaşıb. Fəallar parlamentin önündəki səhnəyə çıxmağa qərar veriblər. Orada yeni Baş nazir təyin edilmiş Qaxariya əleyhinə mitinq keçirilirmiş. "Vətənpərvər"lərin fəalları öz partiyalarından olan deputat Emzar Kvitsianinin təhqir olunmasına etiraz bildirmək üçün burada olduqlarını deyiblər. Polis fəalları səhnəyə buraxmayıb, bundan sonra əlbəyaxa dava başlayıb və üç nəfər polisə tabe olmadığına görə həbs edilib.

Rusiya ilə birbaşa dialoq qurulmasının tərəfdarı olan Kvitsiani isə bir neç saat sonra baş verən insidenti şərh edib. Deputat deyib ki, heç kimi döyməyib, əksinə, ona hücum edən aksiya iştirakçılarından özünü qoruyub.

"Bu gün biz hökumətin lehinə səs vermədik. Buna görə də mən durub iclas zalından çıxdım, öz kabinetimə getdim. İşim vardı, amma kompüterim söndürülmüşdü. Taksi çağırdım. Taksi yuxarı qalxa bilmədi, mən endim. Mən gedirdim, hücum etdilər. Mənim üzərimə fitlə, qoyunlarla hücum etdilər, söyməyə başladılar", - Kvitsiani Birinci kanala deyib.

Deputat izah edib ki, həyat onu emosional edib. "Mən müdafiə olunurdum, fiziki cəhətdən kimsəyə zor tətbiq etməmişəm. Kimi vurmuşam? Nə vaxt? Kadrları göstərin. Mən emosional adamam, həyatım başqalarınkından fərqli olub. Əgər qanun pozuntusu olubsa, aşkar ediləcək. Mən adamları itələyirdim, camaatdan özümü qoruyurdum", - Kvitsiani deyib.

Aksiya iştirakçıları isə Kvitsianini "satqın" adlandırıb, dinc vətəndaşları döydüyünü deyiblər. Onlar Kvitsianini deputat mandatından məhrum edərək cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. DİN artıq "zorakılıq" maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, nazirlərin çoxu öz vəzifəsində qalacaq. Qaxariyanın əvəzinə Daxili İşlər naziri Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Vaxtanq Qomelauri olacaq. Müdafiə Nazirliyi isə keçmiş Baş nazir, "Gürcü arzusu" partiyasının siyasi katibi İrakli Qaribaşviliyə həvalə edilir.