Polşada İkinci Dünya Müharibəsi Konfransı Paşinyanı rüsvay etdi – Putin getmədisə…

2 Sentyabr 2019 18:48 (UTC+04:00)

Ermənistanın mövcud xarici siyasətində özünü gülünc duruma salması, başqalarının iradləsi ilə hərəkət edən dövlət olması yeni faktlar timsalında getdikcə daha əyani şəkildə təsdiqini tapır. Xüsüsən də son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya yarınmaq üçün etdiyi cəhdlərə Moskvada məhəl qoyulmaması İrəvanı məsxərə obyektinə çevirib.

Bu arada xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin hazırda həbsdə olan Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryanı 65 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubu Rusiya prezidentinin rəsmi saytında da yerləşdirilib. Məktubda Köçəryanın Ermənistanın inkişafına, “Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verdiyi” qeyd edilib. Ermənistanın sabiq prezidentinin Rusiya ilə əlaqələrin genişlənməsinə də töhfəsini vurğulayan Putin ona dözüm arzulayıb. Bundan əvvəl də Patin Köçəryana məktub ünvanlamışdı. Paşinyanın narazılığa rəğmən Putinin ikinci dəfə Köçəryana məktub ünvanlaması isə Ermənistanın baş nazirinə Kremlin saymazyana münasibətinin göstəricisi sayılır. Özü də bütün bunlar o fonda baş verir ki, Paşinyan Rusiyadan gələn göstərişləri can-başla yerinə yetirir. Məsələn, məhz Rusiyanın istəyi ilə Ermənistan rəhbərliyi İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etməkdən imtina edib. Erməni mediası yazır ki, bu, ölkənin beynəlxalq nüfuzuna ciddi bir zərbədir.
Ermənistanın Polşada keçirilmiş İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etməməməsinin əsas səbəbi isə tədbirə SSRİ-nin varisi hesab olunan Rusiya liderinin dəvət edilməməsi olub. Bundan sonra məlumat yayılıb ki, Kreml Paşinyana tədbirə getməyi qadağan edib. Erməni mediası yazır ki, İrəvanın bu qərarını onun beynəlxalq nüfuzuna sillə kimi qiymətləndirmək olar:“Siyasi baxımdan Ermənistan bununla növbəti dəfə sivil dünyadan uzaqlaşmaq istiqamətində getdikcə daha çox addımlar atmağa başlayır. Bu addımla “suverenliyi” və daxili xarici siyasətin prioritetləri məsələsini nümayiş etdirdiyinə gəldikdə isə, bunun bir qəpik belə dəyəri yoxdur. Bu, Ermənistanı sivil dünyanın gözündə daha da gülünc vəziyyətə salır”. Polşalı politoloq Tomaş Matselçuk da bildirir ki, Nikol Paşinyan Polşada İkinci Dünya müharibəsinin başlanmasına həsr edilmiş mərasimə getməkdən Rusiya prezidenti Vladimir Putinin həmin tədbirə dəvət edilməməsinə görə imtina edib: "Təəssüf ki, Paşinyan Varşavanın dəvətini qəbul etməyib və ehtimal olunur ki, o, Polşanın anneksiyası, Reyx və SSRİ tərəfindən həyata keçirilən polyakların soyqırımı ilə bağlı öz fikrini bildirməyəcək. Paşinyan, sən kim olmaq istəyirsən, ikinci Lukaşenko?". Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirir ki, Nikol Paşinyanın fərdi və siyasi baxımdan ən zəif yeri xarici siyasətdir. Onun sözlərinə görə, Paşinyan düşdüyü biabırçı vəziyyətdən xilas olmaq üçün hər yola əl atır: “Həftələr sonra indiki hakimiyyətin, xüsusilə xarici siyasət sahəsində eyni şeyi deməyə və dediyimi yeni-yeni nümunələrlə bəzəməyə fürsət verdiyinə dair fikrimi təsdiqləyirəm. Nikol Paşinyanın fərdi və siyasi baxımdan ən zəif yeri xarici siyasətdir. Bu insanlar bu günədək, hakimiyyət dövrünün bir il yarım keçməsindən sonra, öz sözləri ilə desək, inqilab hesabına xarici aləmə Ermənistanın dövlət maraqlarını sata biləcəklərini fikirləşirlər. Səfirlərin son toplanışı zamanı Paşinyan bu baxımdan biabırçı vəziyyətə düşüb. Bununla da xarici siyasəti bacarmadığını bir daha nümayiş etdirib”.
Aşotyan Ermənistanda xarici siyasət sahəsində inqilabın kapitallaşdırılmasına nail olmağın mümkün olmadığını və bundan sonra da olmayacağını diqqətə çatdırıb:“Sən Ermənistanda demokratik inqilab həyata keçirmisənsə, deməli, bundan sonra erməni əhalini heç bir təhlükə gözləmədiyini fikirləşmək uşaqlıqdır. Qarabağ münaqişəsinin nizamlanmasından başlamış Ermənistan-Rusiya münasibətlərinə, ABŞ və Avropa İttifaqı, İran və Çin istiqamətlərində bu hökumətin heç bir nailiyyəti yoxdur. Rusiya-Ermənistan münasibətlərində hər həftə aydın nəzərəçarpan yeni qırışlar yetişir. Hökumətimizin qazandığı uğurlara gəldikdə, hətta hakim partiyaya dəstək verən partiyaların rəhbərləri belə, xarici siyasətin əsas uğurlarının əvvəlki hakimiyyətə aid olduğunun özünü açıq büruzə verdiyini söyləyir. Bu günlərdə bunu parlamentdə bir daha eşitdik”. Rus mətbuatında Paşinyanın Polşada baş tutan beynəlxalq forumda öz iştirakını Rusiya prezidenti Vladimir Putinin lehinə təsdiq etməməsi ilə bağlı məqalələrin dərc olunmasına münasibət bildirərkən o belə deyib: “Erməni tərəfinin ilk vaxtlarda öz iştirakını təsdiq etdiyinə əminsiniz, elə deyilmi? Əvvəlcədən iştirak etmə barədə məlumat təsdiqlənməsəydi, bu konfransın rəsmi saytında Ermənistan baş nazirinin adı qeyd edilməzdi. Ola bilər ki, Paşinyan daha sonra Moskvadan sarı kartın kənarını görüb və peşman olub. Bu məsələni tam Polşa forumunun özü ilə əlaqələndirmirəm. İndiki hakimiyyət hesablama belə apara bilmir. Əlbəttə, Ermənistan həmişə öz strateji müttəfiqliyini və əksinə olan fəaliyyətini Rusiya ilə aparmalıdır. Bu şübhəsizdir, lakin bu hökumət hesablama aparmağı bacarmır. Polşaya səfər məsələsində, əminəm ki, ilkin razılaşma olub, daha sonra peşman olublar. Üstəlik deyim ki, Paşinyanın administrasiyasından hətta jurnalistlərə zəng edərək, tədbiri işıqlandırmaq üçün kimlərin gedəcəyini dəqiqləşdiriblər. Yəni baş nazir Polşaya getmək istəyirdi. Bu barədə, ən azı, onlarla jurnalist bilir”. Amma bütün bunlara rəğmən, Rusiyanın qadağasından sonra İrəvanın geri çəkilməsi Paşinyanın müstəqil siyasət yürütməkdən çox uzaq olduğunu bir daha təsdiq edir. Erməni mediası yazır ki, bu vəziyyətdə Qərb dövlətləri İrəvanla daha çox məsafə saxlamağa çalışacaqlar. Belə vəziyyətdə Rusiyadan daha çox asılı vəziyyətə düşən Ermənistana Moskvanın təzyiqlərinin artması qaçılmaz sayılır. Çünki Kreml hələ də Ermənistanda yeni hakimiyyət görmək istəyir və Paşinyana qətiyyən etimad bəsləmir.

Nahid SALAYEV