Hamımızın dostu idi Oqtay Rza...

30 Avqust 2019 19:20 (UTC+04:00)

Oqtay Rza ilə 1978-ci ilin mart ayının 28-dən dost idim. Onu mənimlə həmkəndlim Seyfəddin müəllim (Seyfəddin müəllim o vaxt APİ-nin biologiya fakültəsinin dosenti idi. O, çoxdandır ki, Almaniyada yaşayır və biologiya elmi sahəsində dünyanın ən görkəmli alimlərindən biridir) tanış eləmişdi.

Seyfəddin müəllim də, mən də Oqtay Rza ilə öz dostluğumuza sadiq qaldıq. Oqtay Rza ilə ömrünün son illərində tez-tez Respublika Mətbuat Mərkəzində görüşərdim. Ölümündən bir neçə gün qabaq da Respublika Mətbuat Mərkəzində görüşdük. 85 illik yubileyi ilə bağlı yazdığı bir ərizədə iki qrammatik səhv getmişdi. O, mənim kompüterdə nəsə yazdırdığımı görüb dedi: “Mirzə, olarmı operator xanım mənim ərizəmdəki bu qrammatik səhvləri düzəltsin? Oxuyub deyərlər Oqtay Rza həm müəllim olub, həm də şairdir. Amma sözləri düz yaza bilmir. Bu mənim üçün böyük nöqsan sayılar”. Gülümsəyib dedim: “Oqtay müəllim, hərf səhvləri kiçik nöqsanlardır. Buna dözmək olar. Kaş ki, böyük nöqsanlarımız olmasın”. Operator xanım ərizədəki səhvləri düzəldənədək Oqtay müəllimlə xeyli söhbət etdim. Bir-birimizin səhhəti ilə maraqlandıq. Oqtay müəllim ayaqlarındakı və böyrəklərindəki ağrılardan gileyləndi. Sonra dedi: “Sən böyrəyimə yazdığın o dərmanları hələ də almamışam”. “Niyə” - deyə soruşdum. Çünki sən yazdığın kağızı itirmişəm” - dedi. Oqtay müəllimin səhhətinə qarşı bu biganəliyinə dözməyərək dedim: “Yaxşı olar ki, siz böyrək həkiminin yanına gedəsiniz, onun dediklərinə də əməl edəsiniz”. Osa mənə - “Mənim həkimim də, loğmanım da sənsən”. Bu dəfə nə yazsan, ona əməl edəcəyəm” - dedi. Mən həmin böyrək dərmanlarının adlarını kağıza yazıb Oqtay müəllimə verərək dedim: “Bil ki, bu dərmanları içərkən araq içmək olmaz”. Oqtay müəllim dedi: “Yanacaq olmadan, dərmanlar fayda verməz. Bir də ki, mənlə araq içən çox dostlarıma da həkimlər araq içməməyi məsləhət vermişdilər. Onlar da həkimlərin sözlərinə əməl edərək araq içməyi tərgitdilər. Amma araq içməyi tərgidən kimi öldülər”. Mən gülə-gülə dedim: “Oqtay müəllim, Sizin o dostlarınıza araq içməyin sözlərini mən deməmişəm. Mən bu sözləri Sizə deyirəm”. Oqtay müəllim ciddi tövr alaraq dedi: “Eləsə mən araq içə-içə öləcəyəm”. “Daha sonrasını özün bilərsən” – deyə köksümü ötürdüm.

Elə həmin gün də Oqtay Rza ilə sağollaşıb rayona getdim. Bir neçə gündən sonra Bakıya qayıtdım. Sabahısı Mətbuat Mərkəzinə gələndə gördüm ki, Mətbuat Mərkəzindəki məlumat lövhəsinə Oqtay Rzanın şəklini vurub, nəsə yazıblar. Elə bildim ki, Oqtay Rzanın 85 illik yubileyi ilə bağlı haradasa ədəbi məclis keçiriləcək. Odur ki, həmin məlumat lövhəsinə diqqətlə baxdım, gördüm ki, Oqtay Rzanın şəklinin üstünə “Allah rəhmət eləsin” sözləri yazılıb. Dost itkisi ağır olduğundan, dünya gözlərimə qaraldı. Bədahətən bu bayatıları söylədim:

Xoş xəyala daldı, getdi!
Oqtay Rza qaldı, getdi!
Üz-gözündən nur çiləndi!
Söz-söhbəti baldı, getdi!

Elə sanman öldü Oqtay,
Qansız ölmə güldü Oqtay,
Könlü sonsuz kainatdı,
Qəlbi qızıl güldü Oqtay!

Ulu Tanrıya əyandı,
Olumdan ölümə yandı..,
Oqtay Rza bölünməmiş,
Bölünməz Azərbaycandı!!!

Həmin gündən başlayaraq əziz dostum Oqtay Rzanın xatirəsinə həsr etdiyim “Biz üç dost idik” əsərimi yazıram. Artıq bu əsərim başa çatmaq üzrədir. İnşallah, onu tezliklə Oqtay Rza sevənlərin diqqətinə çatdıracağam. İndi isə Allahdan Oqtay Rzaya rəhmət, ailəsinə, qohumlarına, dostlarına dözüm, səbr diləyirəm!!!

Fəzail İsmayıl BÖYÜKKİŞİ