Fərəc Quliyevin adı Xalq Cəbhəsi tarixinin ən mübahisəli məsələsində yenidən hallandı...

22 Avqust 2019 17:43 (UTC+04:00)

Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook” profilində özünün videoçıxışını paylaşıb. Çıxış 1993-cü ilin fevral ayında Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarışında olub. Həmin dövrdə keçmiş korpus komandiri Surət Hüseynov açıq şəkildə AXC iqtidarına qarşı çıxmışdı. Gəncədə gərginlik yaşanırdı.

A.Hacılı həmin videonu özünün qeydi ilə paylaşıb və videonun altında müxtəlif şərhlər yazılıb.

A.Hacılının 26 il öncəki həmin videoda dediyi sözlərlə tanış olaq: “Məsuliyyətimlə əminəm ki, Surət Hüseynov Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin ardıcılıdır, tərəfdarıdır. Onun prezident seçilməsinin tərəfdarı olub, tərəfdarlarını ona səs verməyə çağırıb. Əbülfəz Elçibəy bunu kifayət qədər bilir. Söz gəzdirən, ara vuran adamlardan fərqli olaraq, dövlətin müxtəlif istiqamətlərdən informasiya yığmaq imkanları var”.

A.Hacılı dolayısı ilə Gəncəyə getməklə həmin vaxtdakı qiyamın qarşısını aldığını diqqətə çatdırır. O, həmin vaxt dövlət katibi işləyən, sonralar baş nazir postunu tutan Pənah Hüseynin onun Gəncəyə getməsinə razılıq verdiyini və ona bu sözləri dediyini yazır: “Uşaqların mənim boynuma, get”.

Daha sonra Müsavat başqanı ardıcıllıqla rəylərdə fevralın ilk on günlüyündə baş verənləri yazıb. Burada isə əsas diqqətçəkən məqam mərhum prezident Əbülfəz Elçibəy Gəncədə olarkən yaşananlardır. A.Hacılı rəylərin birində 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin S.Hüseynovun əleyhinə bəyanatını populizm adlandırıb. Hətta buna görə o dövrdə AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyevi də suçlayıb. O, İcraiyyə Komitəsinin 9 fevralda qiyamçı S.Hüseynovun və ona dəstəkçi olan müdafiə naziri Rəhim Qazıyevin xəyanətkar elan olunmaları ilə bağlı bəyanatlarının yayımlanmasına P.Hüseynlə telefon danışığı zamanı etiraz etdiyini bildirir. Səbəb kimi də Elçibəyin həmin vaxt Gəncədə olmasını göstərir.

Sitat: “Pənah Hüseyn vəziyyəti soruşduqdan sonra Fərəc Quliyevin imzası ilə bir bəyanatın olduğunu, bu bəyanatda S.Hüseynovla Rəhim Qazıyevin xəyanətkar elan olunduğunu dedi. Onların bu bəyanatın televiziya ilə səslənməsini tələb etdiklərini bildirdi. Mənim rəyimi soruşdu. Mən belə bəyanatın indi televiziya ilə səslənməsinin çox ziyanlı olduğunu, hər şeyin artıq həll olunduğu zamanda belə bəyanatın əks effekt verəcəyini, həm də indi prezidentin Gəncədə olduğu vaxt bunu etməyin yolverilməzliyini Pənah Hüseynə dedim. O mənimlə razılaşdı. Belə bəyanatın indi səslənməsinin necə qorxunc nəticələrinin olduğunu bildiyim üçün çox narahat oldum. Bir müddət sonra özüm Pənah Hüseynə zəng vurub bu söhbətin necə yekunlaşdığını soruşdum. O bəyanatın artıq televiziya ilə səsləndirildiyini bildirdi. Mən qəti etiraz etdim, ona mənimlə razılaşdığını xatırlatdım. Cavabı qısa oldu: “Hər şey məndən asılı deyil”.

Göründüyü kimi, Arif Hacılı S.Hüseynovun AXC hakimiyyətinə qarşı daha radikallaşmasında AXC İcraiyyə Komitəsinin verdiyi bəyanatın rolunun böyük olduğunu xatırladır. Biz məsələyə aydınlıq gətirmək üçün Fərəc Quliyevin özü ilə əlaqə saxlamağa cəhd etdik. Təəssüf ki, gün ərzində etdiyimiz zənglərə o cavab vermədi. AXC İcraiyyə Komitəsinin məlum bəyanatının zamanında verilib-verilməməsi ilə bağlı klassik cəbhəçilərdən olan Bünyamin Qəmbərlinin mövqeyini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istənilən halda, S.Hüseynov Əbülfəz Elçibəyə qarşı məsələdə çox kiçik fiqur idi: “Mən həmin hadisələrə S.Hüseynov və ya qiyamda rolu olan digər şəxslərin münasibəti kontekstindən yanaşılmasının tərəfdarı deyiləm. Onlardan bu məsələdə sadəcə alət kimi istifadə ediblər. Əbülfəz Elçibəy hakimiyyətini yıxmaq istəyən böyük bir beynəlxalq güc formalaşmışdı. Bu, daxildən çox, xarici faktorla bağlı olan məsələ idi. İran və Rusiya xüsusilə həmin hakimiyyətin qalmasını istəmirdi. Çünki Elçibəy qısa bir zamanda İranı silkələdi. Rusiya ilə bərabərhüquqlu ölkə kimi müqavilə imzaladı. Fərəc Quliyevin AXC İcraiyyə Komitəsi adından verdiyi bəyantla bağlı isə münasibət birmənalı deyil. Mənim də fikirimcə, həmin bəyanatın verilməsi zaman baxımından doğru seçilməmişdi. Yəni onu verməmək də olardı. Ancaq bu heç nəyi dəyişən deyildi. Həmin bəyanat sanki bir bəhanə rolunu oynadı. Bəyanatın verilməsindən qabaq cərəyan edən hadisələrə niyə diqqət olunmur? Birmənalı şəkildə Elçibəy hakimiyyətinin devrilməsinə hazırlıq gedirdi. Bunu kimin əli ilə olsaydı da edəcəkdilər. Surət olmayacaqdı, Əlikramı qızışdıracaqdılar. Bunlar yalnız yardımçı faktorlardır. Məsələnin əsl mahiyyəti Elçibəy hakimiyyətini devirmək olub və bu məsələdə  xarici dövlətlər olduqca fəallıq nümayiş etdiriblər”.

“Sonradan Fərəc Quliyevlə həmin bəyantın niyə verilməsilə bağlı bir müzakirələr apardınızmı” sualına Bünyamin bəy belə cavab verdi: “Belə bir imkan olmadı. Çünki hadisələr çox sürətlə inkişaf etdi. Artıq bəyanatın müzakirəsinə lüzum duyulmurdu. Həmin məsələnin indiki zamanda məhz müxalif fəallar tərəfindən gündəmə gətirilməsində iki məqsəd var. Birincisi, Fərəc  Quliyevi siyasi rəqib kimi “vurmaq”dır. İkincisi isə həmin hadisələrlə bağlı məsuliyyəti öz üzərlərindən atmaqdır. Yəni özlərini maksimum təmizə çıxarmaq istəyindən söhbət gedir. Belə gedişlərlə xalqı aldatmaq olmaz. Hakimiyyət qoruna bilməyibsə, burada hamının məsuliyyəti var. Kimsə yaxasını kənara çəkə bilməz”.

Məhəmmədəli QƏRİBLİ