Azərbaycan - Gürcüstan sərhədləri ilə bağlı son razılaşma və Keşikçidağ kompleksində mübahisənin taleyi...

20 Avqust 2019 17:10 (UTC+04:00)

Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib. XİN-dən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb.

19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar. Məlumdur ki, Gürcüstanla Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Buna baxmayaraq, bəzi dairələr müxtəlif bəhanələrlə bu rəvan münasibətləri pozmaq istəyirlər. Xüsusilə də sərhəd mövzusunda belə cəhdlərə daha çox rast gəlindi. “David Qareci” adlandırılan məbədlə bağlı yaranan kiçik insident və ondan qaynaqlanan reaksiyalarda bunu aydın görmək mümkün idi. Bu baxımdan da sərhədlərin tam dəqiq müəyyənləşməsi istiqamətində görülən tədbirlərin Keşikçidağ məsələsinin tam həllinə nə kimi təsiri ola bilər?

Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bəzi anlaşılmazlıqların ortaya çıxmasının  kökündə Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasının başa çatmaması dayanır: “Təxminən 20 il əvvəl delimitasiya və demarkasiya prosesinə başlanıb və sərhədlərin böyük bir hissəsi müəyyən edilib. Ancaq sərhədin az bir hissəsində delimitasiya və demarkasiya başa çatmayıb, o cümlədən, Azərbaycan tərəfinin Keşikçidağ, Gürcüstan tərəfinin “David Qareci” adlandırdığı məbədin yerləşdiyi ərazidə. Gürcüstan və Azərbaycan dost, qardaş ölkə, həmçinin, strateji müttəfiq dövlətlərdir. Biz şahidi olduq ki, sosial şəbəkələrdə siyasətdən uzaq diletant şəxslər, hər iki tərəfdən gənclər qısa müddətdə böyük kampaniyaya başladılar. Qarşılıqlı hücumlar, ittihamlar və s. Fikrimcə, bunun özü bizə təsəvvür etməyə imkan verir ki, bu amildən hər iki ölkənin düşmənləri necə istifadə edə bilər. Azərbaycan və Gürcüstanın yaxın əlaqələrini hər vasitə ilə pozmağa çalışan müəyyən xarici qüvvələr, ölkələr var. Bunu nəzərə almaq lazımdır. Əlbəttə, məsələ həssas məsələdir. Gürcüstan və Azərbaycan tərəfinin özünün dəlilləri var. Gürcüstan tərəfi onu qədim gürcü məbədi hesab edir, Azərbaycan tərəfi isə alban məbədi adlandırır. Bu cür məsələlərdə emosiyalara qapılmaq olmaz. Hər iki tərəf problemin həlli üçün öz iradəsini ortaya qoyub. Gürcüstan tərəfi ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi də Azərbaycanın delimitasiya və demarkasiya prosesini başa çatdırmaqda maraqlı olduğunu ifadə edib. Belə şəraitdə ancaq danışıqlar, dialoq yolu və komissiyanın işi ilə məsələni həll etmək lazımdır. Bu baxımdan da əldə olunan nəticələri qənaətbəxş saymaq olar. Hesab edirəm ki, sərhədlərin tam delimitasiya və demarkasiya olunmasından sonra Keşikçidağla bağlı narahatlıq da öz həllini tapmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ