Bakı Şəhər Baş Polis İdarəsi ictimaiyyətin gözlədiyi daha bir addımı atdı

20 Avqust 2019 15:32 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) “Facebook” səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd BŞBPİ-nin, eləcə də tabeli polis orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən, kütləvi informasiya vasitələrinə çatdırılmasını, həmçinin, ictimaiyyəti maraqlandıran suallara, problemlərə və təkliflərə çevik reaksiya göstərilməsini təmin etməkdir.

Səhifənin yaradılması ilə paytaxt polisinin fəaliyyətinə dair informasiya təminatı sahəsində boşluqların aradan qaldırılması, polislə cəmiyyət arasında birbaşa əlaqə qurulması, eyni zamanda, paytaxt polisinin fəaliyyətinə dair əhalinin gerçək rəy və münasibətlərinin öyrənilərək problemlərin həlli üçün aidiyyəti strukturlara çevik yönləndirmənin təmin edilməsi nəzərdə tutulur.

Səhifənin yaradılması ilə bağlı BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında sözügedən səhifənin avqustun 19-dan fəaliyyət göstərdiyini bildirdi: “Facebook” səhifəsinin yaradılmasında əsas məqsəd polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi, cəmiyyətdən gələn çağırışların aidiyyəti strukturlara çatdırılmasıdır. Bu istiqamətdə işlərimizin daha da dərinləşməsi, polisin fəaliyyət istiqamətinin genişləndirilməsi, təbliğatı və eyni zamanda, hüquqi maarifləndirmənin yaxşılaşdırılması baxımından bu vacibdir. Həmçinin, hüquqi düşüncənin formalaşdırılması istiqamətində hesab olunur ki, “Facebook” sosial şəbəkəsinin yaradılması da növbəti görülən işlərdən biridir. Bu istiqamətdə işlərimiz gedir. Əsas məqsədimiz cəmiyyəti maarifləndirməkdir ki, polisin fəaliyyəti ilə bağlı məlumatlardan daha obyektiv xəbər tuta bilsinlər”.

O da məlumdur ki, son vaxtlar müxtəlif internet vasitələrində polisə qarşı qarayaxmalar olur. Polisi gözdən salmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin fikrincə, sözügedən səhifə belə halların qarşısının alınmasında da mühüm rol oynayacaq: “BŞBPİ-nin “Facebook” səhifəsinin yaradılması vətəndaşlarla çevik və etibarlı əlaqənin təşkil olunmasına xidmət edir. Bunun vasitəsilə vətəndaşlar polislə tetatet təmasda olmadan öz fikirlərini, mülahizələrini, cinayətkarlıqla bağlı məlumatları, hətta şəxsiyyətini gizli saxlamaqla anonim məlumat da verə bilər. Sözügedən səhifə cinayətkarlıqla mübarizədə, ictimai qayda-qanunun təmin olunmasında, vətəndaş-polis və dövlət orqanları arasında münasibətləri tənzimləmək üçün bir media vasitəsidir. Çox istərdim ki, burada vətəndaşlar arasında həddini aşma halları, polisi yanlış istiqamətdə yönəltmə cəhdləri olmasın. Həmin səhifə həm də polis barəsində qərəzli fikir formalaşdırmaq istəyən qüvvələrin niyyətlərini puça çıxarmaqda mühüm rol oynayacaq. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, sözügedən qərar düşünülmüş bir addımdır”.

Vidadi ORDAHALLI