Azərbaycanda qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun nəşi tapıldı

20 Avqust 2019 13:05 (UTC+04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun nəşi dənizdən çıxarılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında deyilir ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.