Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı Albalılıqda başlayıb Maştağada bitdi - 1 ton narkotik... - FOTO

14 Avqust 2019 21:18 (UTC+04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram qurudulmuş marixuana və narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb. İlkin sorğu zamanı A.Xəlilov  marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini, kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış  keçirilib. Nəticədə oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. Saxlanan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.