“Transxəzər” kəməri ilə bağlı İran və Rusiyanın demarşı, Ermənistanın yersiz sevinci və Cənub Qaz Kəmərini doldurmaq perspektivi...

14 Avqust 2019 18:34 (UTC+04:00)

Məlum olduğu kimi, avqustun 11-12-də Türkmənistanın Avaza şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib. Forumda Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri iştirak ediblər.

Forum çərçivəsində ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr aparılıb.

Onu da qeyd edək ki, Forumda Rusiya və İran təmsilçiləri Xəzərin dibi ilə boru xəttinin tikintisinin əleyhinə çıxıblar. Sözügedən ölkələri təmsil edən nümayəndələr ekoloji məsələləri bəhanə edərək dənizin dibi ilə kəmərin çəkilməsini məqsədəuyğun hesab etməyiblər.

İran və Rusiyanın sərgilədiyi bu mövqeyi böyük sevinclə qarşılayan erməni mətbuatı bunu “özünəməxsus” tərzdə şərh etməyə çalışıb. Erməni mətbuatının iddiasına görə, guya İran və Rusiyanın bu mövqeyinə görə 3 ölkə prezidentinin avqustun 14-də gözlənilən Soçi görüşü baş tutmayıb. Erməni mətbuatının uydurmasına görə, Türkmənistandan Xəzər dənizinin dibi ilə boru kəməri yoxdursa, Azərbaycanın “Cənub Qaz Dəhlizi”ni doldurmağa qazı olmayacaq. Bu səbəbdən guya Avropaya doğru Azərbaycandan çəkilən boru kəmərlərinin perspektivi yoxdur və s.

Maraqlıdır, deyilənlər nə dərəcədə əsaslıdır? Azərbaycan öz qaz resursları hesabına CQD-ni doldura bilərmi?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, bu cür iddiaların heç bir əsası yoxdur: “Cənub Qaz Dəhlizi” layihəsi ortaya atılanda heç kəs Türkmənistan qazının bu layihə vasitəsilə ötürülməsini düşünməmişdi. Yaxud da “Türkmənistan qazı olmadan bu layihə reallaşa bilməz” fikri ortada olmayıb. O üzdən, bu cür yanaşma tamamilə yanlışdır. Ona görə ki, CQD-ni doldurmaq üçün Azərbaycanın kifayət qədər qaz resursu var. Sadəcə olaraq, Türkmənistan qazının CQD ilə ötürülməsinə bir variant kimi baxılırdı. Mən özüm də bu barədə bir neçə dəfə yazmışam. Türkmən qazının bu xətt vasitəsilə ötürülməsi çox səmərəli variantdır. Bu həm Türkmənistan, həm də Azərbaycan üçün səmərəli variantdır. Ancaq türkmən qazı olmasa belə, boru kəmərinin doldurulmasında heç bir problem olmayacaq. Rusiya ilə İranın mövqeyinə gəldikdə isə, bu ölkələr Azərbaycanın bu sahədə oynadığı rola qısqanclıqla yanaşırlar. Bu da yeni deyil. Reallıq ondan ibarətdir ki, Avropa Rusiyadan qaz asılılığını minimuma endirmək istəyir. Çünki Rusiya fürsət düşən kimi Avropanı qazla şantaj edir. İstənilən halda, qazın sahibi Türkmənistan olduğuna görə haçansa bu barədə qərar verəcək”.

Vidadi ORDAHALLI