Rusiya mediasından Arxangelskdəki partlayışla bağlı ŞOK iddia… Putinin şəxsən təqdim etdiyi hipersonik raket partladı

12 Avqust 2019 10:18 (UTC+04:00)

Avqustun 6-da Sibirdəki Krasnoyarsk diyarında silah deposunda bir nəfər həlak olması, səkkiz nəfərin yaralanması ilə nəticələnən partlayışın ardından, Rusiyanın şimal-qərbində yerləşən Arxangelsk regionunda hərbi hissədə baş vermiş ölümlü partlayış böyük səs-küyə səbəb olub.

Baki-xeber.com xəbər verir ki, sözügedən partlayışlardan sonra Rusiya Müdafiə Nazirliyi ilə Rusiyanın Atom Enerjisi qurumunun (ROSATOM) ziddiyyətli açıqlamaları, üstəlik Rusiya mediasının radiasiya iddiaları dünyanın diqqətini bu ölkəyə yönəldib.

Xüsusilə Arxangelsk regionunda Severodvinsk şəhərindəki partlayış daha çox müzakirələrə səbəb olub. Rusiya Müdafiə Nazirliyi buradakı partlayışların “raket motorunun sınağı” ilə bağlı olduğunu, 2 mütəxəssisin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlamışdı. Ancaq ROSATOM 5 personalın öldüyünü, 3 nəfərin yaralandığını bəyan edib.

ROSATOM-un açıqladığı itkilərin əvvəllər açıqlanan itki sayına daxil olub-olmadığı məlum deyil.

ROSATOM, həmçinin Rusiya Müdafiə Nazirliyinin və yerli hakimiyyət orqanlarının partlayışın yaydığı radiasiya səviyyəsi ilə bağlı açıqlamalarından əlavə heç bir açıqlama verməyib.

İngilis xəbər agentliyi “Reuters” xəbər verir ki, partlayış maye güc sistemindəki "izotop güc mənbələri”nin mühəndis və texniki dəstək mərhələsində baş verib. Açıqlamada "izotop güc mənbələri” haqqında ətraflı məlumat verilmir.

Partlayışla bağlı ən diqqətçəkən iddia isə Rusiya mətbuatından gəlib. Rusiyanın “Kommersant” qəzeti və Lenta.ru xəbər saytı, partlayış zamanı Rusiya prezidenti Vladimir Putinin fevral ayında təqdim etdiyi yeni nəsil hipersonik gəmi əleyhinə “Zirkon” raketinin sınaqdan keçirildiyini iddia edib. Qeyd edilir ki, sınaqdan keçirilən motor məhz “Zirkon” raketinə aid olub.

Hərbi mənbələrə istinad edən “Kommersant” və Lenta.ru partlayışın, maye yanacağı oksidləşdirən katalizator maddələrinin qəfil birləşməsindən qaynaqlandığını yazıb. Bu texnologiyanın da “Zirkon” raket sistemində istifadə edildiyi bildirilir. Rusiya mətbuatı partlayışdan sonra radiasiyanın artdığını da yazır.

ROSATOM, Dəniz Qüvvələrinə aid paliqonda keçirilən raket sınağında müəyyən miqdarda radioaktiv izotopların istifadə edildiyi maye yanacağın yanmasının radiasiya səviyyəsinin artmasına səbəb olduğunu bildirib.

Rusiyanın RBK qəzetinə açıqlama verən Moskva Nüvə Tədqiqatları İnstitutunun mütəxəssisi Boris Juikov da izotop enerji təchizatının əsasən kosmik gəmilər üçün istifadə edildiyini və bu texnologiya ilə işləyən insanlar üçün çox vaxt təhdid yaratmadığını söyləyib. O, əlavə edib ki, hadisə zamanı ölçülən radioaktivlik səviyyəsi nüvə reaktorlarında baş verən ciddi qəzalarda ölçülənlərlə müqayisə edilə bilməz.

ABŞ-da qərargahlanan nüvə ekspertləri isə, bu həftə Rusiyada baş verən partlayışın və ardınca buraxılan radiasiyanın prezident Vladimir Putinin təriflədiyi atom enerjisi ilə işləyən kruiz raketinin sınağının nəticəsi olduğundan şübhələndiklərini bildirib.

Dövlət xəbər agentlikləri Rusiyanın Müdafiə Nazirliyinə istinadən, maye yanacaqla işləyən raket mühərrikinin partlaması nəticəsində heç bir təhlükəli maddənin havaya buraxılmadığını bildirib. Bölgə bələdiyyəsinin veb səhifəsində isə həmin gün gündüz saatlarında fon radiasiyasında qısa-müddətli artım müşahidə olunduğu bildirilib. Ancaq “Reuters”ə müsahibə verən ekspertlər bildirib ki, maye yanacaqla işləyən raket mühərriki radiasiya buraxmır. Onların dediyinə görə, partlayış və radiasiyaya Nyonoksa kəndi yaxınlığındakı bir təsisdə atom enerjisi ilə işləyən kruiz raketinin sınağı zamanı baş vermiş nasazlıq səbəb olub. “Maye yanacaqla işləyən raket mühərrikləri radiasiya buraxmır və biz bilirik ki, ruslar kruiz raketləri üçün bir növ nüvə mühərriki üzərində çalışırlar” – deyə, Amerika Alimlər Federasiyasının baş elmi işçisi Ankit Panda bildirib.

Tramp administrasiyasının adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi isə deyib ki, o, atom enerjisi ilə işləyən kruiz raketində nasazlığın olduğunu nə təsdiq nə də inkar edə bilər. Lakin rəsmi Moskvanın izahatı ilə bağlı dərin şübhəsini ifadə edib.

Qeyd edək ki, Putin, 20 fevral 2019-cu ildə "Zirkon" raketini şəxsən təqdim etmişdi. Bu raket səsdən 9 qat sürətlə uçan hipersonik sistem kimi təsvir edilir. Raket sürəti saatda 11 min kilometrdir. NATO standartlarına görə "SS-N-33" kimi təsnif edilir. Əsasən min kilometr məsafədə döyüş gəmilərini məhv etmək üçün hazırlanmış bu raket gəmilərə, təyyarələrə və yerüstü bazalara yerləşdirilə bilər.