Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının başında nə var?

9 Avqust 2019 19:18 (UTC+04:00)

Dərbənddəki Azərbaycan teatrının fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Dövlət Azərbaycan Dram Teatrının son durumu ilə bağlı yaydığı açıqlamada qeyd edilir ki, teatrın vəziyyəti çox acınacaqlıdır.

İnstitutdan bildirilib ki, Dərbənd şəhərində XIX əsrin sonları XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə isə dövlət teatrı statusu alıb. Bu teatr 1998-ci ildən Dərbənd Dövlət Azərbaycan Dram Teatrı adlanır. İnstitutun yaydığı açıqlamada qeyd edilir ki, hazırda Dərbənddə Azərbaycan teatrı fəaliyyət göstərmir. Teatrın direktoru Firdovsi Əsgərovun verdiyi məlumata görə, 1998-ci ildə teatra “Rodina” (Vətən) kinoteatrının (1937-ci il tikilisi) yararsız binası verilib. Bu bina teatr normalarına uyğun gəlmədiyi üçün 2000-ci ildə sökülüb və həmin yerdə 230 nəfərlik teatr binasının tikintisinə başlanıb. Lakin işdə uzunmüddətli fasilələr yaranıb, tez-tez iş dayandırılıb, 2006-cı ildə isə layihə tamamilə dondurulub. 2015-ci ildə Nizami Gəncəvi adına parkda teatrın yeni binasının inşası üçün yer ayrılıb, lakin müəyyən qüvvələr teatrın burada tikilməsini əngəlləyib. Beləliklə, Dərbənd Dövlət Azərbaycan Dram Teatrının 1998-ci ildən davam edən bina problemi Dərbəndin 2000 illiyi ərəfəsində də həllini tapmayıb və teatr bugünədək binasız qalıb.
Teatrın kollektivi 57 nəfərdən ibarətdir, onlardan 7 nəfəri Dağıstan Respublikasının əməkdar artistidir. Teatr tez-tez Rusiyanın, Azərbaycanın və Türkiyənin müxtəlif şəhərlərində qastrol səfərlərində olur. Lakin teatrın binası olmadığı üçün Dərbənddə tamaşalar Ləzgi dram teatrının binasında göstərilir. Azərbaycan Dram Teatrının ümumiyyətlə məşq meydançaları da yoxdur.

Teatrın acınacaqlı vəziyyətdə olduğunu teatrşünaslar da bildirir. Onların sözlərinə görə, bir neçə il əvvələ qədər Gürcüstan Azərbaycan Dövlət Dram Teatrı da analoji vəziyyətlə üzləşmişdi, lakin Azərbaycan dövlətinin dəstəyi sayəsində teatr həm fəaliyyətini bərpa edib, həm də bina ilə təmin olunub. Onu da vurğulayaq ki, hazırda sözügedən teatr Heydər Əliyevin adını daşıyır.

Bu gün Dərbənd Azərbaycan Dövlət Dram Teatrının acınacaqlı durumdan çıxarılması, onun bina ilə təmin olunması, habelə fəaliyyətinin tam şəkildə bərpa edilməsi vacib bir məsələ kimi qarşıda durur.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov olayla bağlı baki-xeber.com-a bildirdi ki, teatrın fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. “Dərbənd Azərbaycan Dövlət Dram Teatrı bağlanmayıb, teatr fəaliyyətini davam etdirir, sadəcə, teatrın bina problemi var. Yəni onun özünün binası olmadığı üçün tamaşalarını başqa teatrların binalarında təqdim edirlər. Bu teatrın kollektivi daim iş başındadır və tamaşalar hazırlayırlar. Azərbaycan dövləti də, hər zaman Dərbənd Azərbaycan Dövlət Dram Teatrına dəstək göstərir, köməyini əsirgəmir. Tez-tez həmin teatra Azərbaycandan rejissorlar, digər yaradıcı insanlar göndərilir ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşalar hazırlansın. Ora sonuncu gedib tamaşa qoyan İrəvan Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev olub”.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının ayrıca binasının olmalı olduğunu qeyd edən V.Qafarovun sözlərinə görə, böyük tarixi yol keçən teatr buna layiqdir. “Dərbənddə Ləzgi, Tabasaran teatrlarının binası var, ancaq təəssüf ki, Azərbaycan teatrının binası yoxdur. Azərbaycan Dram Teatrı hazırda Ləzgi teatrının binasında məşq edir və tamaşalarını orada göstərirlər. Çünki özünün binası yoxdur. Halbuki Dağıstanda ilk yaranan ən mütəşəkkil teatr Azərbaycan teatrı olub. Həmin teatrda Azərbaycan teatrının bir çox görkəmli səhnə xadimləri fəaliyyət göstərib. Azərbaycan Respublikasının teatr kollektivləri də, səhnə xadimləri də tez-tez orada qastrollarda olublar. Demək istəyirəm ki, bu teatr böyük və zəngin yaradıcılıq, fəaliyyət yolu keçib və bu gün də çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir. Hesab edirəm ki, Dərbənd Azərbayan Dövlət Dram Teatrının bina ilə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir” - deyə V.Qafarov vurğuladı. 

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının bina ilə təmin olunması üçün Mədəniyyət Nazirliyi nə kimi dəstək göstərə bilər?

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a bildirdilər ki, Dərbənd Azərbaycan Dram Teatrı ilə əlaqə saxlanılır və teatr fəaliyyətini davam etdirir. Qurumdan onu da dedilər ki, teatr direktoru nazirliyin sorğusuna cavab olaraq, hazırda fəaliyyətlərini Dərbənd Ləzgi Dövlət Dram Teatrında davam etdirdiklərini bildirib. “Hazırda Dərbənd Azərbaycan Dram Teatrı bina ilə təmin edilməyib. Buna baxmayaraq, tamaşalarını Ləzgi teatrının binasında qoyurlar. Teatr direktoru qeyd etdi ki, hər ay 15 dəfə şəhər və kəndlərdə tamaşa nümayiş etdirirlər. Yəni teatrın fəaliyyəti bu cür davam edir” - deyə nazirlikdən bildirdilər.

İradə SARIYEVA