Bir neçə Azərbaycan radikalının Paşinyanın mitinqindən divident almaq niyəti – planı Əli Kərimli cızıb...

9 Avqust 2019 18:12 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə keçirilən mitinqdə Dağlıq Qarabağı erməni torpağı elan etməsi və başqa sərsəmləmələri elə onların özünü pis vəziyyətə salıb. Artıq bununla Azərbaycanın əlinə kifayət qədər əsas vermiş olublar ki, Ermənistan dövlət səviyyəsində işğalı dəstəkləyir və belə bir rejimlə sülh danışıqları aparmaq yersizdir.

Paşinyanın məlum çıxışına Azərbaycan rəsmi dairələri kəskin reaksiya verib. Ancaq hiss olunur ki, ölkədəki bəzi radikal müxalif dairələr bu amildən yararlanmaq, özləri üçün əlavə dividentlər qazanmaq istəyirlər. Dünən maraqlı bir formatda baş tutan görüş və həmin təmasdan sonra verilən açıqlamalardan bunu aydın görmək mümkündür. ADR hərəkatının rəhbəri Qubad İbadoğlu FB səhifəsində “işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar ətrafında yaranmış son durumla bağlı ictimai-siyasi təşkilatların rəhbərləri və ekspertlərin iştirakı ilə müzakirə” aparıldığı barədə məlumat yayıb. Paylaşılan fotodan görünür ki, görüşdə Qubad İbadoğlu, Əli Kərimli, Gültəkin Hacıyeva, Əhməd Əlili, Mehman Əliyev və İlham İsmayıl iştirak edib. Görüşdə iştirak edən AXCP sədri Əli Kərimli müzakirə edilən məsələ ilə bağlı Qənimət Zahidə müsahibə verib. Həmin müsahibədə bildirib ki, Ermənistan baş naziri Paşinyan avqustun 5-də Qarabağda mitinq iştirakçıları qarşısında çıxış edərək Qarabağın Ermənistana birləşməsi haqqında bəyanat verib: “Bu bəyanat Azərbaycan cəmiyyətində etirazla qarşılanıb və ictimai-siyasi təşkilatlar, ayrı-ayrı ictimai fəallar, o cümlədən rəsmi qurumlar etirazlarını bildiriblər. ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun təşəbbüsü ilə bu gün avqustun 8-də yaranmış vəziyyətlə əlaqədar bir sıra ictimai və siyasi xadimlər arasında müzakirə və fikir mübadiləsi aparıldı. Bu, rəsmi xarakter daşımayan görüş olduğundan yekunda hər hansı bir sənəd, bəyanat qəbul olunmadı, amma bu istiqamətdə fəaliyyətin davam etdirilməsi və ekspertlər səviyyəsində münaqişənin həll olunması üçün tədbirlər paketinin hazırlanması məqsədəuyğun hesab olundu”.

Ən maraqlısı isə budur ki, Əli Kərimli Paşinyanın çıxışı ilə bağlı amildən hakimiyyətə qarşı maksimum istifadə etmək niyətinin ortada olduğunu gizlətməyib. Deyib ki, görüşdə əldə olunan nəticələrlə bağlı hakimiyyətə hər hansı bir təklif verməyəcəklər: “Yaxşı olar ki, Paşinyanın səsləndirdiyi fikirlərdən sonra hakimiyyət istefaya getsin. Onların Dağlıq Qarabağ probleminin həllinə ən böyük töhfəsi bu olar”.

Göründüyü kimi, uzun müddət müxalifətdə qalan, hakimiyyətin bir addımına da yaxın düşə bilməyən Əli Kərimli indi Paşinyan amilindən yararlanmağa çalışır. Bundan hakimiyyətə qarşı  təzyiq faktoru kimi istifadə edir. Ancaq unudur ki, bu cür milli məsələlərdə iqtidar, müxalifət amili kənara qoyulmalıdır.

Niyə Əli Kərimli görmür ki, onun indi yararlanmağa çalışdığı çıxışı Paşinyan kimlərin əhatəsində edirdi? Paşinyan “miatsum” (birləşmə-red) deyəndə onun yanında duranlardan biri də separatçıların lideri Arkaqi Quqasyan idi. Həmin adamla Paşinyanın münasibəti faktiki düşmənçilik həddindədir. Ancaq Quqasyan Paşinyanın çıxışını meydanda alqışlayırdı. Bəlkə bizim bəzi radikallar Paşinyanı alqışlamaq əvəzinə, onların bu davranışından da bir nümunə götürsünlər? Bütün dünyada qəbul edilən bir siyasi əxlaq nümunəsi var. Milli, dövləti əhəmiyyət kəsb edən məsələlərlə bağlı hakimiyyət, müxalifət birləşib vahid mövqedən çıxış edir. Bunu bizim radikallar bilməmiş deyillər. Əməl etmirlərsə, deməli, ya siyasi əxlaqları yoxdur, ya da Dağlıq Qarabağ problemini milli, dövləti əhəmiyyətli mövzu saymırlar. Ondan yalnız hakimiyyətə gəlmək üçün yararlanmağa çalışırlar. Yazıqlar olsun...

Məhəmmədəli QƏRİBLİ