16 yaşadək uşaqlarınızı yeni bəladan qoruyun – Tik-tok

9 Avqust 2019 15:07 (UTC+04:00)

Sosial şəbəkə sahəsində yeni olan Tik-tok platforması gerçək bir kabusa çevrilərək uşaqlarımızın mənəvi dünyasını dağıtmaqla məşğuldur. Bu gün təkcə başqa ölkələrdə deyil, Azərbaycanda da Tik-tok-dan istifadə edən, bura öz foto və videolarını yükləyən uşaqların sayı günü-gündən artır. 16 yaşa qədər olan uşaqlarımızın böyük əksəriyyəti İstagram-dan, Facebook-dan üz döndərərək kütləvi olaraq Tik-toka axın edirlər.

Burada uşaqların öz sərbəstliyini təmin etmək üçün hər cür imkan var, amma bu heç də uşaqlarımızın xeyrinə deyil. Statistikaya görə, bu sosial şəbəkə o qədər təhlükəlidir ki, hətta bu bəzi uşaqların intihar etməsinə, evdən qaçmasına səbəb olur. Sirr deyil ki, bu platformadan istifadə edən uşaqların böyük əksəriyyətinin vaxtını səmərəli keçirməsi üçün valideynlər heç bir şərait yaratmır. Gününü saatlarla Tik-tok kimi şəbəkələrdə keçirən uşaqlar ondan o qədər asılı olurlar ki, heç çölə belə çıxmaq istəmirlər. Bu gün Tik-tok-dan xilas olmaq üçün yollar aranmalıdır ki, uşaqlarımızı onun caynağından necə xilas edə bilərik.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kultroloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, internetdə, sosial şəbəkədə insanların özlərini ifadə etməsi təbiidir. “Bilirsiz ki, yalnız yaşlı və orta nəsil deyil, gənclər, uşaqlar da sosial şəbəkələrdən istifadə edirlər. Uşaqlar və gənclər müasir texnologiyaları çox yaxşı mənimsəyirlər. Nəinki məktəb yaşlı uşaqlar, hətta bağça uşaqları belə, yeni texnologiyaları bilir. Bəzi ölkələr uşaqların marağını nəzərə alaraq müxtəlif uşaq sosial şəbəkələri yaratdılar. Onlardan biri də Tik-tok-dur. İstənilən yenilik həm də müəyyən təhlükələrlə müşayiət olunur. Bu təhlükə sosial şəbəkələrin yarandığı ilkin dövrlərdə daha çox idi. Bu gün sosial şəbəkə istifadəçiləri müəyyən problemlərlə üzləşirlər. Xüsusən də, uşaqların şəkil, kiçik video paylaşdıqları platformalarda müəyyən xəstə təfəkkürlü insanlar var ki, onlar uşaqlara qarşı şantaj əməlləri həyata keçirirlər. Onlar arasında uşaq pornoqrafiyası ilə maraqlananların olması da istisna deyil. Bu kimi sosial şəbəkələrdə uşaqların videolarından, şəkillərindən sui-istifadə halları ola bilər. Amma bunun da qarşısını yeni proqramlar, təhlükəsizlik sayğacları, süzgəcləri və antivirus proqramları ilə almaq mümkündür. İstənilən halda uşaqlara təcavüzlə, onlara qarşı müxtəlif zorakılıqla bağlı saysız saytlar var və get-gedə müxtəlif ölkələrdə o saytlara giriş qadağan edilir, o saytları yaradanlara qarşı cinayət işi qaldırılır. Azərbaycanda da sosial şəbəkə ilə bağlı hüquq-mühafizə orqanları, QHT-lər və başqa qurumlar ayıq-sayıq olmalıdır ki, o şəbəkələrdən uşaqlarımıza zərər gəlməsin”.

Azərbaycanda Tik-tok kimi sosial şəbəkələrin, platformaların monitorinqini keçirən şuralar yaradılmalı olduğunu deyən A.X.Əbilov hesab edir ki, bu vasitələrlə uşaqlarımızı o şəbəkələrin mənfi təsirindən xilas edə bilərik. “Dəfələrlə təklif etmişik ki, Azərbaycanda internetin və Azərbaycandilli internet resurslarının təkmilləşdirilməsi üçün xüsusi dövlət proqramı qəbul edilməli və internet şurası yaradılmalıdır” - deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA