Qərbə sığınmış dönük Azərbaycan radikallarının öz aralarında “söyüş döyüşü” başlayıb

7 Avqust 2019 18:08 (UTC+04:00)

Belə bir deyim var ki, tarixdə silah gəzdirmiş xalqlarda söyüş heç vaxt olmayıb. Bizim ata-babalarımız hər zaman belində xəncər, əlində tüfəng gəzdiriblər. Qədim zamanlarda kişilər öz namuslarını özləri qoruyublar. Yazılan qanunlar geniş təşəkkül tapmadığı dönəmdə bu belə olub. Kimsə-kimisə ictimai yerdə, insanların arasında söyməyin bədəlinin ağır olduğunu anlayıb, onun məsuliyyətini dərk edib. Yəni bu cür hallarla bağlı bizdə qədimdən bir yazılmamış ənənə formalaşıb.

Hətta Rus İmperiyasının əsarəti altında yaşadığımız dönəmdə belə, bu qaydaları qoruyub saxlamağa nail olduq. Rusların söyüşgənliyi belə bizə təsir etmək gücündə olmadı. Təəssüf ki, müasir dövrümüzdə virtual aləmin verdiyi imkanlardan istifadə edən, ən əsası da hakimiyyətin və daha çox söydükləri adamların əlinin onlara çatmadığını bilən bəzi başıpozuqlar söyüşün birini bir qəpik edib xərcləyirlər. Adlarını radikal müxalifət qoyan, əslində isə pozğun insanlar toplusundan başqa nəsə sayılmayan həmin cameədəki şəxslər özlərini söyüş makinasına çevirməklə, həm də Qərbin istismarına veriblər. Belələrindən ən üzdə olanı Vidadi İsgəndərli adlı sabiq prokurorluq işçisdir. Ölkədə heç bir ciddi siyasi fəaliyyəti olmayan həmin şəxs indi Fransada oturub söyüş istehsal etməklə məşğuldur. Təbii ki, bu cür adamların özünə uyğun da auditoriyası formalaşır. Onun sabiq dostu və həmkarı olan Qurban Məmmədov da hazırda xaricdədir. O da İngiltərəyə sığınıb. Qurban Məmmədov mühacirətə Vidadidən sonra gedib. Elə xaricə ayağı dəyən kimi, Vidadini söyüş söyməməyə, ədəb-ərkana dəvət etdi. Hətta istəyinə nail olduğuna dair paylaşımlar da etdi. Amma bir neçə aydan sonra göründü ki, sən demə, nə Vidadi, nə də Qurban əhilləşib. Hər ikisi hakimiyyətin, ölkənin simvollarının ünvanına söyüşlərini davam etdirdilər. Bir qədər keçəndən sonra isə Qurbanla Vidadi bir-birini söyməyə başlayıb. Ən maraqlısı isə budur ki, bunu açıq formada virtual məkanın qarşısında, utanmadan edirlər. Buna səbəb onların xislətləri ilə yanaşı, həm də bir-birinə qarşı səmimi olmamaları olub. Qurban Məmmədov öz canlı yayımında Vidadi İsgəndərli ilə danışıqlarının səs yazısını paylaşıb. Ortaya çıxıb ki, sən demə, hələ yaxın dost olduqları zamanda Qurban Məmmədov Vidadi İsgəndərlinin səsini, danışıqlarını qeydə alırmış. Bu da onların arasındakı dostluğun fəlsəfəsi. Həmin səsləri yayandan sonra Vidadi İsgəndərli canlı yayıma çıxıb Qurban Məmmədovu ən pozğun söyüşlərlə söyüb, təhqir etdi. Hətta ünvanına elə söyüşlər söyüb ki, onların heç qatı açılmayıb. Məsələn, deyir ki, “Qurbanı harada tutsam zorlayacam”. Davranışlarından sübut olunur ki, bu adamlar həm natamamlıq kompleksi yaşamaqla, həm də ciddi psixoloji problemlərə malikdirlər. Ən vacib məqamlardan biri də budur ki, hər iki şəxs özünü siyasi mübarizə apardıqları ilə pərdələməyə çalışır. Bu adla həm təsir altına saldıqları şəxslərdən ianə toplayırlar, həm də guya inqilab lideri olduqlarına dair onları tanımayan adamlara vədlər verirlər. Yəni bir-birini hələ dost ikən, müxalifətdə ola-ola zorlamağa çalışan insanlar xalqa xoş güzəranla bağlı yağlı ümidlər verirlər. Amma zaman ən gözəl hakimdir. Qısa bir zamanda xalq gördü ki, bunlar heç özlərini idarə etmək kimi əxlaqa sahib deyillər. Bundan virtual aləmi seyr edən, orada həmin simpatizanların verilişlərinə təsadüfən rast gələn gənclər ciddi nəticə çıxarmalıdırlar. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıq 2 milyonu keçib. Bu çox böyük rəqəmdir. Onlar söyüş söymək yolunu da buna görə seçdilər. Düşündülər ki, milyonlarla insan olduğu məkanda bu cür yollarla Azərbaycanda istədiklərini həyata keçirə biləcəklər. Ancaq unutdular ki, cəmiyyətimiz küçə uşaqları səviyyəsində olan insanların təhqirinə heç zaman dəstək verməz. Fikrimcə, cəmiyyət olaraq bu kampaniyaya qarşı çıxmalıyıq. Çünki məqsəd milli-mənəvi dəyərlərimizi deqradasiyaya uğratmaq və Azərbaycan dövlətini dəyərdən salmaqdır. Və unutmamalıyıq ki, bu gün bu söyüş terrorunun qarşısına çıxmasaq, sonra xalq olaraq hər birimiz belə terrorla üzləşə bilərik.

Məhəmmədəli QƏRİBLİ