Prezident 12 il stajı olanlara pensiya almaları xatirinə 25 illik staj hədiyyə etdi…

5 Avqust 2019 15:49 (UTC+04:00)

Azərbaycanın dünyada son dərəcə böyük maraqla qarşılanan milli inkişaf modelinin səciyyəvi xüsusiyyətlərindən biri hökumətin fəaliyyətində sosialyönümlülüyün prioritetə çevrilməsidir. Konstitusion təminatı olan, insan amilinin yüksəlişinə - vətəndaşların maddi, intellektual və mənəvi tələbatlarının dolğun şəkildə ödənilməsinə, cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən bu inkişaf strategiyasının uğurları isə şəffaflığa və hesabatlığa əsaslanır.

Respublikada modern təcrübə, çevik və şəffaf mexanizmlər üzərində gerçəkləşdirilən sığorta-pensiya islahatlarına nəzərən bunu əminliklə demək olar. Məlumdur ki, əvvəllər hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı. Ancaq Azərbaycan Prezidentinin təşəbbüsü ilə sosial sığorta sahəsində inqilabi irəliləyiş təmin edildi. Belə ki, 2006-2018 ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə də 25 illik sığorta stajı hesablandı. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olundu. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də əhatə olunacaq.

Sosial sığorta sahəsində baş verən inqilabi dəyişikliyin əhəmiyyəti barəsində danışan iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə pensiya-sığorta sistemi ilə əlaqədar aparılan islahatlar sosial islahatların tərkib hissəsidir. Məlum olduğu kimi, son illər ölkədə sosial-sığorta sahəsində inqilabi addımlar atılır: “Bunların bəziləri istənilən nəticəni vermədi. Ancaq son illər bu sahədə müsbət irəliləyişlər nəzərə çarpır”. 

İqtisadçının sözlərinə görə, cari ilin 6 ayı ərzində ölkədə sığorta ayırmalarında çox böyük irəliləyiş qeydə alınıb: “Əmək müqavilələrinin bağlanması nəticəsində müsbət nəticələr əldə olunub. Bütün bunlar əhalinin sosial müdafiəsinin daha yaxşı şəkildə təşkil olunması perspektivini açmaqdadır.

İş stajı az olanların əmək stajının 25 illik hesablanması əhalinin sosial müdafiəsinin güclənməsi baxımımdan olduqca əhəmiyyətlidir. Bəllidir ki, 2019-cu ilin əvvəlində “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun qüvvəyə minib. Həmin qanun 2006-cı ilədək pensiyaya çıxanlarla bağlıdır. Danılmaz faktdır ki, vətəndaşlar bu dövrdə olan sığorta stajını təsdiq etmək üçün arxivlərə, yaxud ləğv olunmuş müəssisələrə müraciət etməli olurlar. Bu halda da çoxlu mübahisə yaranır, iş məhkəmələrə qədər uzanır. Bu dəyişikliyin mahiyyəti isə ondan ibarətdir ki, dövlət 25 illik dövrü, 01.01.2006-cı ilə qədər olan dövrü vətəndaşlara hədiyyə edəcək, yəni həmin dövrü avtomatik olaraq 25 illik staj kimi qəbul edəcək. 2006-cı ildən sonra elektron baza olduğu üçün, pensiyaya çıxacaq şəxsin sığorta stajı və ödədiyi sığorta haqları bazadan görünəcək”.

Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycan Prezidentinin sosial islahatlarla bağlı layihələri hələ davam edəcək. Sosial paketin təqdim edilməsi ilə yanaşı, sosial islahatların davam etdirilməsi olduqca təqdirəlayiqdir.

Günel CƏLİLOVA