Naxçıvanda Türkiyənin hərbi bazası - Ermənistanda yeni xof...

23 İyul 2019 20:15 (UTC+04:00)

Son günlər Ermənistan KİV-i Türkiyənin Naxçıvanda hərbi fəallığını artırdığına dair çeşidli məlumatlar tirajlayır. Hiss olunur ki, Ermənistan Türkiyənin Azərbaycanın həmin ayrılmaz hissəsindəki istənilən hərəkətindən ciddi narahatlıq keçirir.

İndi də onlar iddia etməyə başlayıblar ki, Türkiyə xarici ölkələrdəki sayca üçüncü hərbi bazasını Naxçıvanda açmaq istəyir. Bu məlumatı Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan verib. O deyib ki, Türkiyənin Sudan və Qətərdə belə bazaları mövcuddur: “Türkiyə də Qafqazdakı aktivliyini artırmasını bunda görür. İstəyir ki, Gümrüdəki rus hərbi bazasına alternativ yaratsın. Bunu edəcək, çox az vaxt qalıb”. Erməni alim bunu həm də onunla əsaslandırır ki, Türkiyə Suriya və İraqda istədiyini ala bilməyəcəyi təqdirdə, öz regional liderliyini qorumaq üçün Cənubi Qafqazda aktivlik göstərməyə başlayacaq.

Erməni alimin Türkiyənin yaxın vaxtlarda Naxçıvanda hərbi baza açacağı ilə bağlı dediklərini  nə dərəcədə əsaslı saymaq olar?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, bu fikirlərlə qətiyyən razılaşmaq olmaz: “Bu, Türkiyə-Rusiya münasibətlərindən narahat olub qızışdırıcı mövqe tutan erməni cəfəngiyyatından başqa bir şey deyil. Əvvəla Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür, bu onun hər hansı hərbi bloka qoşulmaq, ərazisində hərbi baza saxlamaq istəyinin olmadığını göstərir. Digər tərəfdən, hazırda Türkiyə ilə Rusiya arasında müttəfiqlik münasibətləri var, Türkiyənin Rusiyaya qarşı balans yaratmaq üçün Naxçıvanda hərbi baza yaratmaq zərurəti yoxdur. Türkiyə NATO üzvüdür, NATO Cənubi Qafqazı öz məsuliyyət zonası hesab etmir. Gürcüstanın Alyansa üzvlüyü isə Cənubi Qafqaz yox, Qara dəniz akvatoriyasının, Ukrayna da daxil olmaqla, NATO üzvlüyünə namizədliyi çərçivəsində nəzərdən keçirilir. NATO Cənubi Qafqaza doğru irəliləyərsə, bu, Alyansın İran sərhədinə dayanmasıdır. Türkiyənin timsalında NATO-nun Rusiya və İranın sərhədlərinə - Naxçıvana ekspansiyası mümkün deyil. Erməni yalanı burada da bəsit şəkildə üzə çıxır. Türkiyənin xaricdə 3 deyil, 12 hərbi bazası var. Onlardan biri də 1974-cü ildən bəri Şimali Kiprdədir. Yunan Kipri AB-yə üzv qəbul edildikdən sonra onun Türkiyə ilə Kiprdəki baza ucbatından problemləri yaranıb, çünki Kiprin şimal və cənubu, ümumilikdə, AB ərazisi sayılır, Türkiyə isə Avropa ərazisində qanunsuz qoşun saxlamış hesab olunur”.

Politoloqun sözlərinə görə, bu, Türkiyənin AB-yə üzvlüyündə problem yaradır: “Belə bir şəraitdə AB və ABŞ arasında fikir ayrılığına səbəb olan İranın şimal sərhədi yaxınlığında - Naxçıvanda Türkiyənin baza yaratması onu Rusiya, İran, ABŞ və AB ilə qarşı-qarşıya gətirər. Ölkə daxilində bəzi problemlərin üzə çıxdığı - AK Partidən tanınmış siyasilərin ayrılıb partiya yaratmaq istiqamətində fəaliyyəti, iqtisadi inkişaf göstəricilərinin zəifləməsi, suriyalı mühacirlərə sığınacaq verilməsi səbəbindən Ərdoğanın reytinqinin zəiflədiyi bir zamanda Türkiyənin ABŞ, AB, Rusiya və İranla qarşı-qarşıya gəlməsi inandırıcı deyil”.

Məhəmmədəli QƏRİBLİ