Köçəryan barədə Avroməhkəmə və Avrokomissiyanın qərarları Ermənistanı bərk silkələyə bilər

23 İyul 2019 19:43 (UTC+04:00)

İşğalçı Ermənistanda vəziyyət yenidən qarışır. Hazırda proseslərin gedişi göstərir ki, Paşinyan sabiq prezidenti Robert Köçəryanı həbsdə saxlamaqda, sonuncunun tərəfdarları isə onu azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atmaqda israrlıdır.

Bu durumda Ermənistanın Konstitusiya Məhkəməsi sabiq prezidentin cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib. İyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən sonra verəcək. Bundan əvvəl isə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Köçəryanın azadlığa buraxılması qərarını ləğv edib və sabiq dövlət başçısı yenidən həbsxanaya göndərilib. Ermənistanın hüquq-mühafizə orqanları isə birinci instansiya məhkəməsinin hakimini təqib etməyə başlayıblar.

Xatırladaq ki, Köçəryana qarşı 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. “Qarabağ klanı” isə işin Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərilməsi fonunda Köçəryanı siyasi məhbus qismində qələmə verməyə başlayıb.

Köçəryan barədə Avroməhkəmə və Avrokomissiyanın verəcəyi qərarın Ermənistana nə kimi təsiri ola bilər?

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada məsələ bir qədər fərqlidir: “Bilirsiniz ki, adlarını çəkdiyiniz iki Avropa qurumunun hərəsinin öz səlahiyyəti var. Həmin qurumların heç biri indiki məqamda Köçəryanla bağlı konkret qərar verə bilməz. Çünki Venesiya Komissiyası üzv ölkələrin qanunvericilikləri ilə bağlı təşəbbüslə çıxış edir. Onlar hazırda Paşinyanın hüquq islahatı adı ilə məhkəmə sistemində etdiklərini pisləyirlər və bununla bağlı konkret tövsiyələr irəli sürüblər. Ermənistan hakimiyyəti həmin tövsiyələrə əməl edib-etməməklə bağlı çıxılmaz durumda qalıb. Çox güman ki, bəzilərinə əməl etmək məcburiyyətindədir. Ancaq həmin islahatlarda Köçəryanla bağlı konkret müddəa yoxdur. Söhbət hakimlərlə bağlı tətbiq edilən məcburi yoxlamalardan gedir. Ermənistan Konstitusiya Məhkəməsinin Köçəryanla bağlı işi Avropanın iki instansiyasına göndərməsi yalnız vaxtı uzatmağa hesablanıb. Çünki məlumdur ki, həmin instansiyaların Köçəryanla bağlı hansısa məcburi qərar vermək səlahiyyəti yoxdur. Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərində belə hallar nəzərdə tutulmur. Bunun üçün Köçəryan bütün daxili instansiyaları keçməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Köçəryan şəxsən həmin məhkəməyə Ermənistandan şikayət edə bilər. Bu da bir qədər uzun sürən prosesdir. Konstitusiya Məhkəməsi Köçəryanla bağlı vaxtı uzadırsa, demək, eks-prezidentin xeyrinə nəsə düşünülür. Çox güman ki, Köçəryanın rəhbərlik etdiyi klan ciddi müqavimət göstərməyi planlayır. Bu yolla olunacaq təzyiqlərin fonunda Paşinyanı geriyə addım atmağa vadar edəcəklər. Təbii ki, Köçəryanla bağlı vəziyyət Ermənistanın daxili sabitliyi üçün ciddi gərginlik vəd edir”.

Məhəmmədəli QƏRİBLİ